Bakıda xəttə əlavə 150 avtobus buraxıldı
Bizi izləyin

Qırmızı.az

Bakıda xəttə əlavə 150 avtobus buraxıldı

Qar Bakı şəhərinin nəqliyyat sistemini iflic edib. İstər paytaxtın mərkəzi, istərsə də kənar qəsəbələrdə yollar buz bağladığından gediş-gəlişdə ciddi problemlər yaranıb. Nisbətən ətraf qəsəbələrdən gələn sakinlər marşrut çatışmazlığından daha çox əziyyət çəkiblər.

Biləcəri qəsəbəsindən şəhər istiqamətində hərəkət edən 202 saylı marşrutun gəlişini sakinlər saatlarla gözləməli olublar: “Bu marşrut adi vaxtda da həmişə dolu olur, marşrutun qapısından adam tökülür. Qəribə orasıdır ki, gözlədiyimiz 1 saat ərzində Biləcəri istiqamətində 6 ədəd 202 saylı marşrut keçsə də, şəhər istiqamətində bir dənə də olsun marşut gəlməyib. Yalnız biri gəldi ki, onun da qapıları sərnişinlərin sayının çoxluğundan bağlanmırdı, minə bilmədik. Bu, həmin xətdən keçən yeganə marşrut olduğundan, 20-30 nəfər məcbur olub işə taksi ilə getməli olduq”.

Məsələ ilə bağlı Nəqliyyat Nazirliyinin Bakı Regional şöbəsinin rəis müavini Əmrah Cəfərovla əlaqə saxladıq. Qurum rəsmisi Publika.az-a bəzi yollarda və marşrutlarda problem yarandığını etiraf etsə də, problemləri aradan qaldırmaq üçün qərargahlar yaradıldığını deyib.

“Qərargahda iki ədəd maşın, texniki personal var. Donma sistemini açmaq üçün çilingərlərdən ibarət hər maşında 4 nəfərdən ibarət qrup yaradılıb. Onlar konkret olaraq şəhər ərazisində yerində həmin maşınların donunu açmaq və dövriyyəyə buraxmaqla məşğuldurlar. Əlavə olaraq, Nəqliyyat Nazirliyi tərəfindən müəyyən çətin yollar, o cümlədən Şərifzadə küçəsi, N. Nərimanov heykəlinin qarşısı, Biləcəri qəsəbəsi, Yeni Günəşli, Ziya Bünyadov prospekti, Aeroport yoluna qalxan hissəsində yenidən qumlama işləri davam etdirilib”.

171, 175, 132, 161, 202 və digər marşrutların hərəkətində çətinliklər olduğunu bildirən rəis müavininin sözlərinə görə, idarəyə, xüsusən də Biləcəri qəsəbəsinə və qəsəbədən şəhərə doğru işləyən 202 saylı marşrutla bağlı idarəyə də şikayət daxil olub: “Orada 3-4 maşın nasaz vəziyyətdə qalmışdı. Hal-hazırda orada əlavə yola qum səpilir və həmin yolda hərəkət bərpa olunub”.

Ə. Cəfərov bəzi marşrutlarda olan ləngimələrin onların yolların buz bağlaması səbəbindən yavaş sürətlə hərəkət etməsilə bağlı olduğunu dedi. Onun sözlərinə görə, digər şəhər mərkəzi marşrutlar isə stabil, köhnə qaydalarla işləyib. Buz bağlayan müəyyən küçə və meydançalarla bağlı da əlavə tədbirlər görülür.

“Günəşli qəsəbəsinində də çoxlu şikayətlər olub. Demək olar ki, idarədən bütün qrup həmin əraziyə ezam edilib. Orada hazırda bir neçə qum maşını var. Hətta bəzi avtobusların içərisində də kisələrədə ehtiyat qum var. Sürücülər özləri də çətin şəraitdə bu qumdan istifadə edirlər”.

Hazırda paytaxt ərazisində hərəkətin tənzimləndiyini deyən Ə. Cəfərovun sözlərinə görə, bu saatlarda əlavə 150 maşın xəttə çıxıb.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm