Texnoparkların sahibkarlığı stimullaşdırmasındakı rolu müzakirə edilib
Bizi izləyin

Qırmızı.az

Texnoparkların sahibkarlığı stimullaşdırmasındakı rolu müzakirə edilib

Beynəlxalq təcrübəni istifadə etməklə Azərbaycanda texnoparkların inkişafı strategiyasının formalaşdırılmasını necə etmək olar?

Sahibkarlığın İnkişafı və Tədqiqatları Mərkəzinin tədqiqat qrupu Qafqaz universitetində texnoparkların innovativ sahibkarlığı stimullaşdırmasındakı rolunu beynəlxalq təcrübədə təhlil edərək apardığı tədqiqatın nəticələrinin təqdimatını keçirib.

Universitetin mətbuat xidmətindən Publika.Az-a verilən məlumata görə, tədqiqat Avropa, Asiya və Postsovet ölkələri arasından seçilmiş Finlandiya, İsveç, İtaliya, Türkiyə, Yunanıstan,Tayvan, Yaponiya, Sinqapur, Rusiya və Qazaxıstanın təcrübələrini öyrənib. Tədqiqatın nəticələri Qafqaz Universitetinin fakültə nümayəndələri ilə paylaşılıb. Təqdimatda həmçinin QUTexnopark(Qafqaz Universiteti Texnoparkı) idarə heyətinin sədri Dr.Şahin Durmaz, QUTexnoparkın direktoru Dr. İsa Qasımov və ABŞ əsaslı konsaltinq şirkətinin(J.E. Austin Associates, Inc.) nümayəndəsi cənab Mike Ducker də iştirak edib.

Tədqiqatda texnoparkların qurulmasında dövlət dəstəyinin vacibliyi bildirilməklə, yeni texnologiya əsaslı şirkətlərin qurulmasının stimullaşdırılmasında texnoparklara qanuni və təşkilatı dəstəyin mövcudluğunun və həmçinin effektivliyinin əhəmiyyəti vurğulanıb. Əlavə olaraq, fərqli ölkələrdəki fərqli texnoparkların həcmi, maliyyə mənbələri, tərkibindəki şirkətlərin böyüklüyü və ixtisaslaşdığı sahələr kimi xüsusiyətlər də həmçinin tədqiqatın əsas obyekti olub.

Digər ölkələrdəki texnoparkların uğur göstəriciləri təhlil edilib və bu göstəricilərə texnoparkdakı şirkətlərin aldığı patentlərin sayı, gəlirlərinin artım səviyyəsi və işçilərinin sayı daxil edilib. Təqdimatın sonunda, iştirakçılara yekun və məsləhətlər təqdim olunaraq sual cavab hissəsinə keçilib. Daha sonra "beynəlxalq təcrübəni istifadə etməklə Azərbaycanda texnoparkların inkişafı strategiyasının formalaşdırılmasını necə etmək olar?" sualı ətrafında müzakirə aparılmaqla təqdimat sona çatıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm