Bir-birinə sıxışdırılan sərnişinlər, 5 manatlıq taksilər, dayanacaqda soyuqdan donanlar – FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Bir-birinə sıxışdırılan sərnişinlər, 5 manatlıq taksilər, dayanacaqda soyuqdan donanlar – FOTOLAR

Cəmi iki gündür yağan qar Bakının bəzi qəsəbələrini bir sıra çətinliklərlə üz-üzə qoyub.

Publika.az xəbər verir ki, Suraxanı rayonunun Əmircan, Günəşli, Hövsan, Xəzər rayonunun Zağulba, Buzovna, Bilgəh və Sabunçu rayonunun Maştağa, Zabrat qəsəbələrində, habelə digər yaşayış massivlərində nəqliyyatın hərəkətini iflic edib. Şaxtalı və çovğunlu hava ilə əlaqədar bu və digər qəsəbələrdə ictimai nəqliyyatın hərəkətində böyük fasilələr yaranıb. Qarın təmizlənməməsi qəsəbələrə gedən yolları qəza mənbəyinə çevirib. Bu səbəbdən avtomobillərin hərəkətində çətinliklər ortaya çıxıb.

Bütün bunlar bir yana, bir sıra qəsəbələrdən paytaxtın mərkəzinə, metrostansiyalarının qarşısına hərəkət edən marşrut avtobusları dünən axşam saat 21:00-dan sonra xəttə çıxmayıb. Məhz buna görə də çovğunlu havada dayanacaqlarda sərnişin sıxlığı yaranıb. Bu isə öz növbəsində xəttə gec-gec çıxan bəzi marşrut avtobuslarında həddən artıq sərnişin sıxlığının yaranmasına, təhlükəsizlik qaydalarının pozulmasına səbəb olub. Zağulba qəsəbəsinin sakini Qətibə Məmmədova bildirdi ki, “Bilgəh-Zağulba – “Koroğlu” metrostansiyası istiqamətində hərəkət edən “171” saylı marşrut avtobuslarının bir qismi dünən axşam saat 21-dən başlayaraq xəttə çıxmayıb. Bu isə öz növbəsində Bilgəh, Zağulba və digər qəsəbələrdə yaşayan sakinlərin axşam evlərinə qayıtmalarına problemlər yaradıb. Bundan istifadə edən taksi sürücüləri gediş haqlarının qiymətlərini 2 dəfə artırıblar. “171” saylı marşrut avtobuslarının sürücülərinin özbaşınalıqları bu gün də davam edib: “Səhər saat 8-də küçədə avtobus tapmaq çətin idi. Camaat küçədə qalmışdı. Dayanacaqlar adamla dolu idi”. Qəsəbə sakininin sözlərinə görə, bu gün səhər “171” saylı marşrut avtobuslarının hərəkət intervalı 25 dəqiqədən, hətta bəzi hallarda yarım saatdan çox olub.

Çovğun və şaxtalı hava “175” saylı marşrutun sürücüləri üçün göydəndüşmə oldu

Marşrut avtobuslarının hərəkət intervalı ilə bağlı ən acınacaqlı hal “Hövsan qəsəbəsi – “28 May” metrostansiyası istiqamətində hərəkət edən “175” saylı marşrutda yaşanıb. Belə ki, Hövsan sakinləri dünən axşam saat 21:30-dan sonra avtobus tapmayıblar. Bu səbəbdən sakinlər Səməd Vurğun heykəlinin qarşısına toplaşaraq taksilərdən istifadə etmək məcburiyyətində qalıblar. Başqa vaxtlarda hər sərnişin üçün 2 manat gediş haqqı tələb edən bəzi sürücülər bu fürsəti qaçırmayıblar – onlar gediş haqlarını 5 manata qaldırıblar. “175” saylı marşrut avtobuslarının hərəkət intervalı bu gün səhər saatlarında 1 saat 50 dəqiqə olub. Belə ki, onlar Hövsan sakinlərini qəsəbədən “28 May” metrostansiyasına 1 saat 45 – 1 saat 55 dəqiqəyə çatdırıblar.

Qeyd edək ki, “175” saylı marşrut avtobuslarının sürücüləri adi günlərdə də özbaşınalıqlar edərək hərəkət intervalını pozur, xəttə 35 dəqiqə gec çıxırlar.

İki gündür davam edən qarlı hava şəraiti sürücülər üçün göydəndüşmə olub. Suraxanı sakinlərini rayonun daxili qəsəbələrinə daşıyan “161” saylı avtobusların sürücüləri sanki xəttə püşkatma ilə çıxıblar. Belə ki, artıq iki gündür bu istiqamətdə hərəkət edən marşrut avtobusları xəttə yarım saatdan bir çıxırlar. “Hövsan – Əhmədli metrostansiyası” marşrutu ilə hərəkət edən “132” saylı marşrut xəttinin 16 avtobusundan bir neçəsi bu gün xəttə çıxıb. Belə olmasaydı, hər gün xəttə 6 dəqiqə intervalı ilə çıxan avtobuslar bu gün yollarda 15-17 dəqiqə fasiləylə görünməzdilər.

Bu gün səhər avtobusların vaxtında gəlməməsi səbəbindən işə gecikən qəsəbə sakinləri naəlac qalaraq taksilərdən istifadə ediblər.

Biləcəri qəsəbəsinin sakinlərini Binəqədi yolu ilə paytaxtın bir sıra yerlərinə daşıyan “202” saylı marşrut avtobuslarında əməlli-başlı cəhənnəm əzabı yaşayıblar. Sakinlər şikayət edərək bildirirlər ki, bu gün səhər həmin avtobuslara minmək, ümumiyyətlə, mümkün olmayıb. Avtobusların vaxtlı-vaxtında gəlməməsi, bəzi sürücülərin şaxtalı hava şəraitinidən sui-istifadə etməsi avtobuslarda kəskin sərnişin sıxlığı yaradıb. Bu səbəbdən sakinlərin bir çoxu taksilərdən istifadə etməyə məcbur olublar.

Günəşlidə cəmi 1 avtobus xəttə çıxdı, Nəqliyyat Nazirliyinin şöbəsi problemlərin həllinə başlayıb

“Zabrat, Maştağa, Buzovna – “Koroğlu” metrostansiyası istiqamətində hərəkət edən “107” saylı marşrut avtobusları dünən axşam saat 22-dən sonra sakinləri bu ictimai nəqliyyatdan rahat istifadə etmək hüququndan məhrum ediblər. Bəzi sürücülərin özbaşınalıqları bu gün səhər xəttə gec çıxmaqda özünü göstərib. Sakinlərin sözlərinə görə, bu gün səhər saatlarında “197” saylı marşrut avtobusları xətdə 35 dəqiqədən bir görünüblər. Bu isə təbii ki, onsuz da hər gün mövcud olan sərnişin sıxlığının daha da artmasına səbəb olub. Analoji hal Buzovna – Mərdəkan istiqamətində hərəkət edən “144” saylı marşrut avtobuslarında da yaşanıb. Yolların buz bağladığını bəhanə edən bəzi sürücülər xəttə gec çıxaraq hərəkət intervalını pozublar.

Şaxtalı hava daha çox “Günəşli – “Neftçilər” metrostansiyası istiqamətində hərəkət edən “64” saylı marşrut avtobuslarının sürücülərinin işinə yarayıb. Sakinlərin sözlərinə görə, bu gün səhər saat 8-dən 8:45-ə qədər xəttə ... cəmi 1 avtobus çıxıb. Düşünürük ki, bu səbəbdən yaranan sərnişin sıxlığını təsvir etməyə lüzum yoxdur.

Sakinlər bildirdilər ki, “Günəşli qəsəbəsi -“Neftçilər” metrostansiyası istiqamətində hərəkət edən “50” saylı marşrut avtobuslarının da hərəkətində fasilələr yaranıb. Görünür, bəzi sürücülər çovğunlu hava şəraitini bəhanə gətirərək xəttə çıxmaqdan imtina ediblər. Təbii ki, bunun da nəticəsində ən böyük zərər Günəşli qəsəbəsinin sakinlərinə dəyib.

Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyat İdarəsinin Bakı Regional Şöbəsinin rəis müavini Əmrah Cəfərov Publika.az-a açıqlamasında bir sıra marşrut avtobuslarının fəaliyyətində problemlərin yaranmasından məlumatlı olduqlarını deyib. Bildirib ki, paytaxtın mərkəzi hissələrindən fərqli olaraq, qəsəbələrdə ictimai nəqliyyatın hərəkətində müəyyən fasilələr ortaya çıxıb. Şöbəyə bununla əlaqədar 202 saylı və Günəşli qəsəbəsinə gedən avtobuslarla bağlı şikayətlər daxil olub.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm