Qarın gətirdiyi problemlər: aidiyyəti qurumlar “hazırıq” deyir
Bizi izləyin

Qırmızı.az

Qarın gətirdiyi problemlər: aidiyyəti qurumlar “hazırıq” deyir

Qarlı hava Bakıda təkcə nəqliyyatın işini iflic etməyib. Paytaxtın bir sıra ərazilərində qaz və istilik sistemində də ciddi problemlər yaşanıb. Sakinlər daha çox qazın təzyiqinin az olmasından və istilik təchizatının zəifliyindən şikayət edirlər. Bəzi sakinlər günlərlə isitmə sisteminin işləməməsindən narazıdırlar.

Binəqədi rayonun, A. Kunanbayev küçəsi 11a-da yaşayan sakinlərin Publika.az-a bildirdiklərinə görə, mənzillərinə günlərə istilik verilmir: “İki gün əvvəl istilik verildi, biz də sevindik ki, yəqin düzəlib. Lakin sevincimiz uzun sürmədi. Cəmi 15 dəqiqədən sonra istilik kəsildi. Həm də istilik yalnız mənzilin bir otağına verilmişdi”.

Xətai rayonu, Telnov küçəsində də eyni vəziyyət hökm sürür. Sakinlər mənzildə soyuqdan donmamaq üçün üst-üstə paltar geyinmək məcburiyyətində qaldıqlarını deyirlər.

Hövsan və Bakıxanov qəsəbələrinin sakinləri qazsızlıq səbəbindən ev yeməklərinə həsrət qalıblar: “Çətin vəziyyətdə yaşayırıq. Yenə gündüz pis olmur, axşam düşəndə qazın təzyiqi tamamilə ölür. Nə isinə, nə də yemək bişirə bilirik”.

Lakin əks tərəflərin mövqeyi illərdir ki, dəyişmir. Qış gəlməmiş soyuq və şaxtalara hazır olduqlarını, gücləndirilmiş iş rejimində çalışdıqlarını bar-bar bağıran aidiyyəti qurumlar onların fəaliyyəti ilə bağlı şikayətləri, iradları, tənqidləri qəbul etmək istəmirlər.

“Havalar qarlı keçsə də, bu Azərbaycanda qazla bağlı heç bir problem yaratmayıb” Bu barədə Publika.az-a “Azəriqaz” İB-nin mətbuat katibi İbrahim Kərbəlayev bildirib. Onun sözlərinə görə, artıq bir neçə gündür ki, qaz istismar sahələri gücləndirilmiş iş rejiminə keçiblər: “Qurum bir neçə gündür növbətçilik əsasında işləyir . “104” qəza və “185” qaynar xəttiləri 24 sat fasiləsiz olaraq işləyir”.

Verilən qazın həcminə gəlincə, İ. Kərbəlayev bildirdi ki, hazırda verilən qazın həcmi ötən ilin müvafiq dövründən 2 milyon 514 kub metr artıqdır.

İ. Kərbəlayevin sözlərinə görə, şaxtalı havalarla bağlı bədbəxt hadisələrin qarşısını almaq üçün mütləq ərazidəki yaşayış evlərinə texniki baxış keçirilir.

Qarlı hava “Azəristiliktəchizat” ASC-nin işində də heç bir problem yaratmayıb. Bu barədə Publika.az-a qurumun mətbuat xidmətinin rəhbəri Rafiq Əliyev məlumat verib. Onun sözlərinə görə, “Azəristiliktəchizat” əvvəlki qaydada çalışır: “540 qazanxana, 102 məntəqənin hamısı normal istiliklə təchiz olunub. Bəzən xırda problemlər olur, bu da havanın sərt keçməsilə əlaqədar deyil. Gündəlik problemlərlə bağlı olaraq sakinlər müraciət edirlər. Qarla bağlı xüsusi müraciət yoxdur”.

“Bakıelektrikşəbəkə” ASC də şaxtalı havada gücləndirilmiş iş rejimində çalışır. Quruma yalnız bir neçə ərazidə elektrik enerjisinin verilişindəki problemlərlə bağlı şikayətlər daxil olub: “Bunlar əsasən “199” qaynar xəttinə daxil olan şikayətlərdir və dərhal da aradan qaldırılıb. Heç bir problem yoxdur, hal-hazırda həm paytaxtın mərkəzində, həm də ətraf ərazilərində elektrik enerjisi ilə təchizat normaldır”.

Amma fakt faktlığıda qalır. Yerə qar düşən kimi aidiyyəti qurumların yarıtmaz fəaliyyəti özünü göstərir.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm