Azərbaycanda ilk televiziya yayımından 58 il ötür
Bizi izləyin

Qırmızı.az

Azərbaycanda ilk televiziya yayımından 58 il ötür

Bu gün Azərbaycanda televiziyanın ilk dəfə efir faəliyyətinə başlamasının 58-ci ili tamam olur

Azərbaycan Dövlət Televiziyası üçün özəl gün

Bu gün Azərbaycanda ilk televiziyanın yarandığı gündür.1956-cı ilin fevralın 14-də Bakı Televiziya Studiyası ilk dəfə efirə çıxıb.

Azərbaycan televiziyası radiodan 30 il sonra - 1956-cı il fevralın 14-də fəaliyyətə başlayıb.

Bakı televiziya mərkəzi üçün binanın inşasına 1954-cü ildə başlanıldı. Azərbaycanlı inşaatçı və mütəxəssislərin moskvalı, leninqradlı həmkarları ilə birgə ucaltdıqları və müvafiq avadanlıqla təchiz etdikləri telemərkəzin binası 1955-ci ilin sonunda təhvil verildi. 1956-cı ilin fevralına qədər Bakı studiyasının ara-sıra sınaq verilişləri yayımlanırdı.

İlk veriliş günü ekranda sonradan Azərbaycanın tanınmış sənətkarına çevriləcək, o dövrdə isə gənc aktrisa olan Nəcibə Məlikova göründü. Çıxışını «Göstərir Bakı!» kəlməsi ilə açan Nəcibə Məlikova tamaşaçıları televiziyanın fəaliyyətə başlaması münasibətilə təbrik etdi. Həmin gün ekranda «Bəxtiyar» bədii filmi nümayiş etdirildi.

Bakı studiyası əvvəlcə həftədə iki, sonra üç dəfə 2 saatlıq proqramla efirə çıxırdı.

İlk mərhələdə televiziya sahəsində mütəxəssislər olmadığından burada işləməyə radio, qəzet və teatr əməkdaşları dəvət edilirdilər. Televiziyada proqramlaşdırma, şəbəkə və model haqqında anlayış yox idi. Buna görə də yeni kütləvi informasiya vasitəsi təsviri retranslyator kimi fəaliyyət göstərirdi. Televiziya işçiləri hər gün toplaşaraq tamaşaçılara nəyi göstərməyi qərara alırdılar. Seçim isə zəngin deyildi: klassik və estrada musiqisindən ibarət konsertlər, bədii filmlər, teatr tamaşaları, ictimai-siyasi mövzuda müsahibələr, əmək qabaqcıllarının çıxışları nümayiş etdirilir, diktor qəzetlərdən 15 dəqiqəlik qısa xəbərlər oxuyurdu.

1957-ci ildən Azərbaycan televiziyası efirə həftədə 5 dəfə çıxmağa başladı və verilişlərin gündəlik həcmi 2 saat 20 dəqiqəyə çatdırıldı.

1962-ci ildə gündəlik efirə çıxan proqramların həcmi 7 saatadək artmışdı.

70-ci illərdən etibarən Azərbaycan televiziyasının gündəlik veriliş və proqramlarının yayım həcmi 10 saata, 80-ci illərdə 18 saata çatdırıldı. 2005-ci ilin yanvarından isə televiziyamız 24 saatlıq fasiləsiz yayıma keçdi.

1956-cı ilin fevralın 14-də Bakı Televiziya Studiyası ilk dəfə efirə çıxıb. Müasir AzTV 1956-cı ilin fevralın 14-də ilk dəfə efirə çıxan Bakı Televiziya Studiyasınınvarisi sayılır.

AzTV 58 illik tarixi olan Azərbaycan tele-efir məkanının, televiziya mütəxəssislərinin formalaşmasında mühüm rol oynayıb. İndi Azərbaycanın efir məkanında AzTV-dən başqa bir neçə özəl televiziya kanalı, İctimai Televiziya, eləcə də 10-dan artıq regional televiziya fəaliyyət göstərir.

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm