• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Övladlarınıza belə davranmayın!

Övladlarınıza belə davranmayın!

Bir neçə gün əvvəl yanıma bir valideyn gəlmişdi. 24 yaşlı gənc oğluna iş düzəltməmi istəyirdi. “Niyə ali təhsil almaq istəmədi?” - dedim. Cavabı çox maraqlı və düşündürücü idi.

“Qabiliyyəti yoxdu” - dedi... - Anlamadım? - Nə bilim, oxumağa qabiliyyəti, istedadı çatmadı... Bu cavab ürəyimcə olmasa da, mövzunu başqa istiqamətə çevirdim. “Ən azı bir peşəni mükəmməl öyrənməsi lazımdır, hələ çox gəncdir, - dedim, - Hansı sahədə çalışmaq istəyirsə, hansı sahəni sevirsə, o peşəni yaxşı bilən ustalardan öyrənsə yaxşı olar” - dedim və əlavə etdim ki, onun bir peşəyə yaxşı yiyələnə bilməsi üçün mən də əlimdən gələni edərəm. Valideynin reaksiyası mənə çox təsir etməklə bərabər, ciddi şəkildə narahat da etdi. “Qənirə xanım, onun o qədər qabiliyyəti yoxdur - dedi. - Siz bir iş düzəldin - fəhləlikdən-zaddan, gedib işləsin”. “Sizcə, ona öz işlərini mükəmməl bilmək lazım deyilmi?" - deyə soruşduğumda ata üzümə təəccüb dolu bir baxışla elə qəribə baxdı ki... "Övladınız indi haradadır?" "Aşağıda məni gözləyir", - dedi. Çağırtdırdım gənc oğlanı. Söhbət etdik... Gördüm ki, əslində atasının dediyi kimi qabiliyyətsizlik məsələsi deyil. Normal bir gəncdir. Kiçik yaşlarından üzərində lazımi nəzarət, doğru istiqamətləndirmə, təhsilə, peşəyə meyilləndirilmə olsaydı, bu gün, bəlkə də, həyatı tamamilə başqa cür olardı.

Ata və oğula çox sevdiyim bu həyat hekayətini danışdım. “Bir qaya parçası və heykəl”in hekayətini... Bir heykəltəraş mərmər satanın yanına gedir. Mərmərçinin bağçasında dolaşarkən gözü küncə atılmış bir qaya parçasına sataşır. “Bu mərmər parçasının qiyməti nədir?” - deyə soruşur. “Pulsuzdur”, - mərmərçi deyir. - Əgər işinə həqiqətən yarayacağını düşünürsənsə, pul vermədən götürə bilərsən”. Heykəltəraş təəccüblənib “Bunu nə üçün pulsuz verirsən?” - deyə soruşduğunda mərmərçi deyir: “Çünki şəkli xarab olub, heç kim satın almaq istəmir və bağçamda yer tutmaqdan başqa bir işə də yaramır. Alıb götürsən, məni də sevindirərsən”. Bir neçə ay sonra heykəltəraş əlində bir qutu ilə mərmərçinin dükanına gəlir və qutunu ona uzadır. Mərmərçi qutunu açar və görür ki, içərisində çox gözəl bir heykəlcik var.

“Bir gözəlliyə baxın!” - mərmərçi deyir. “Əminəm, bu sənət əsəri üçün böyük pullar istəyəcəksən”. Heykəltəraş “xeyr” deyir. “Yaxşı, bəs bunu mənə nə üçün gətirdin? Bilirsən ki, mən sadəcə mərmər daşı satıram”. “Xeyr, xeyr!” - heykəltəraş deyir. “Bunu sənə hədiyyə olaraq gətirdim. Çünki bu daş sənindi, xatırladınmı? Altı ay öncə gəlmişdim və mənə bağçanın küncündə olan, işə yaramayan bir daş parçası vermişdin”. “Bəli, o heykəltəraş sən idin, indi xatırladım səni”, - mərmərçi deyər. “Bax, bu heykəli mənə verdiyin daşdan düzəltdim”. Mərmərçi zərif heykəlciyə baxır, 6 ay öncə söylədiyi sözləri xatırlayaraq utanır və deyir: "Allahım! Bu möcüzəvi heykəlin o çirkin daşdan yonula biləcəyinə kim inana bilirdi ki?!" Hekayə ataya çox təsir etmişdi. Sanki utanırdı bir az əvvəl övladı haqqında söylədiklərindən. Başını aşağı əyib susdu. Gənc oğlana, “əslində, həyatını yenidən qura bilərsən. Unutma, heç bir zaman gec deyil” dedim.

Razılaşdıq. İstədiyi peşə sahəsini söylədi və onun o sahədə peşəkar mütəxəssis olması üçün həmin sahənin kamil bilicilərini aradım və kömək edəcəklərinə söz verdilər. Gənc oğlanın gözündə elə qəribə bir işıq vardı ki... Bu özünəinam, özünəgüvən idi... “Bacaracaqsan və ən yaxşı peşəkar mütəxəssislərdən birinə çevriləcəksən, sən qabiliyyətli, istedadlı oğlansan” - dedim... “Bacaracam və ümidinizi doğruldacam” dedi... Doğruldacaq, inanıram... Çünki özündə o gücü, qabiliyyətini kəşf etmişdi, tapmışdı. Ən əsası isə budur...

P.S: Unutmayaq, əslində, uşaqlar bir mərmər parçasıdır. Möhtəşəm əsərləri yaratmaq isə böyük Yaradanın dəstəyi ilə bizim əlimizdədir. Ailələrin, cəmiyyətin...

Qənirə Paşayeva

Xəbər lenti

DAHA ÇOX XƏBƏR