• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

BANM-da “Microsoft”un İKT üzrə Akademiyası yaradılıb

BANM-da “Microsoft”un İKT üzrə Akademiyası yaradılıb

Bakı Ali Neft Məktəbində (BANM) "Microsoft" şirkətinin İKT üzrə Akademiyası (Microsoft IT Academy) yaradılıb.

Proqramın koordinatoru Kompüter və informasiya-kommunikasiya texnologiyaları (İKT) kafedrasının dosenti Manafəddin Namazovdur.

Bu barədə Publika.az-a BANM-dan məlumat verilib.

İKT üzrə Akademiya Microsoft şirkəti tərəfindən informasiya texnologiyaları sahəsində yüksək ixtisaslı kadrların hazırlanması üçün yaradılıb. Akademiyada gələcəkdə bütün təhsil müəssisələrinin həm tələbə, həm də müəllimləri iştirak edə biləcəklər.

Akademiya proqramının məqsədi informasiya texnologiyaları sahəsində müasir və yüksək ixtisaslı kadrların hazırlanmasıdır. Bakı Ali Neft Məktəbi peşəkar biliklərin və bacarıqların mənimsənilməsi üçün tələbələri Microsoft şirkətinin yüksək keyfiyyətli təlim texnologiyaları ilə təmin edəcək. Proqramın imkanları genişdir, belə ki, adi istifadəçilər üçün tətbiqi proqramlar və peşəkar kompüter mütəxəssislərinin istifadə etdiyi xüsusi proqramların təlimi nəzərdə tutulur. Microsoft şirkətinin sertifikatlaşdırma imtahanlarını uğurla verən tələbələr IT sahəsində öz karyerasını qura bilərlər.

İştirakçılar Essential (Baza kursu) və ya Advanced (Peşəkarlar üçün kurs) səviyyələrini seçə və ya hər iki istiqamətdə hazırlaşa bilərlər. Essential səviyyəsində masaüstü kompüterlər və noutbuklar üçün istifadə olunan Microsoft Office proqramlar paketi nəzərdə tutulur. Essential səviyyəsinin təlimindən sonra Microsoft Akademiyasının məzunları öz bacarıqlarını təsdiqləmək üçün Microsoft Office Specialist (MOS) beynəlxalq sertifikatını əldə edəcəklər.

Advanced səviyyəsi IT mütəxəssislərin hazırlığı üçün nəzərdə tutulmuş və masaüstü kompüterlər və noutbukların texniki dəstəyi, kompüter sistemlərinin, şəbəkələrinin və verilənlər bazalarının inzibatçılığı, müxtəlif mühitlərdə mürəkkəb proqram paketlərinin və verilənlər bazalarının hazırlanması istiqamətlərini əhatə edir. Əldə edilmiş biliklər əsasında tələbələr Microsoft Certified Professional (MCP) (Microsoft-un Peşəkarlıq Sertifikatı) beynəlxalq sertifikatını əldə edərək peşəkar səviyyədə karyera qura biləcəklər. Bu proqramda gələcəkdə başqa ali təhsil müəssisələrinin tələbələrinin də iştirakı nəzərdə tutulur.

Proqramda iştirak bir neçə istiqamətdə faydalıdır:

Ali təhsil müəssisələrin məzunlarına rəqabət üstünlüyü, işəgötürənlərin investisiyalarının cəlb edilməsi, müəllimin vaxtına qənaət edilməsi və İKT sahəsində təhsil xidmətlərinin keyfiyyətinin yaxşılaşdırılması, proqram təminatına xərclərin azaldılması, daimi hüquqi lisenziya, İKT fənlərinin tədrisində səlahiyyətli yanaşmanın həyata keçirilməsi, tələbələrə əmək bazarındakı peşə tələblərinə uyğun təlimlərin təmin edilməsi və sair məsələlər nəzərdə tutulur.

Müəllimlərə əməliyyatların avtomatlaşdırılması sayəsində vaxta qənaət, kompleks təhsil sistemi və tələbələrlə birgə iş üçün interaktiv vasitələr, tədrisin səmərəliliyini artıran optimal öyrənmə mühitinin yaradılması, informasiya texnologiyaları sahəsində Microsoftun son məlumatlarına daimi müraciət ixtisaslaşmanı (kvalifikasıyanı) yüksək səviyyədə saxlamağı təmin etmə imkanları verəcək.

Tələbələrə təlim yolu ilə əldə edilən bilik və bacarıqlar beynəlxalq sertifikat imtahanları verməyə imkan verəcək ki, bu da müasir cəmiyyətdə əmək fəaliyyətinə başlamaq üçün yaxşı bir başlanğıc olacaq, əldə edilən biliklər məzunlara özlərini sürətlə inkişaf edən informasiya texnologiyaları ilə zəngin müasir dünyada inamlı hiss etməyə imkan verəcək. Burada həmçinin, tədrisin səmərəliliyini artıran optimal öyrənmə mühitinin yaradılması, əmək bazarındakı peşə tələblərinə uyğun təlim və iştirakçılar üçün güzəştlər təklif olunur.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR