53 il axtarılan nasist, bəşəriyyəti 60 il aldatmış faşist – Hitlerin əlaltılarının sirləri - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

53 il axtarılan nasist, bəşəriyyəti 60 il aldatmış faşist – Hitlerin əlaltılarının sirləri - FOTOLAR

Alman faşistlərinin lideri Hitlerin vədlərindən fərqli olaraq III reyx min il yox, cəmi 12 il mövcud oldu. Üstəlik, nasistlər ölkəyə bir sıra misli görünməmiş bədbəxtliklər gətirdilər. Təkcə Drezdenin, Münhenin və digər şəhərlərin amerikalılar və ingilislər, Berlinin ruslar tərəfindən bombardmanları nəticəsində, on minlərlə dinc sakin həlak oldu. Anti-faşist koalisiyasının üzvləri Almaniyanı diz çökdürüb təslim aktı masasına əyləşdirmək üçün Berlində daşı daş üstə qoymadılar, 2,5 milyon alman qadını rus əsgərləri tərəfindən zorlandı. Ümumilikdə, İkinci Dünya müharibəsi Almaniyaya 13,6 milyon insanın həyatı bahasına başa gəldi.

Lakin anti-Hitler koalisiyası üzvləri olan SSRİ, Fransa, Britaniya və ABŞ-ın da itkiləri az deyildi. Onlar, xüsusən SSRİ böyük itkilərlə faşistləri məğlub etdi. Ötən əsrin 30-40-cı illərində Avropanın ən qüdrətli dövlətinə çevrilən Almaniyanın həm iqtisadi, həm də hərbi cəhətdən qonşularına və ümumiyyətlə, dünyaya meydan oxuması Hitlerin müəyyən islahatları, xalqı populist vədlərlə öz tərəfinə çəkərək ətrafında birləşdirməsi və ən nəhayət, kadr seçimi ilə bağlı idi.

Publika.az Adolf Hitlerin ən məşhur əlaltıları ilə bağlı maraqlı faktları sizə təqdim edir.

Fürerin ilk aldanışı və gebbelslərin köpək sadiqlikləri

Qeyd edək ki, Adolf Hitlerə ən sadiq olan bəzi nasistlər elə fürerin özü tərəfindən cəzalandırılmışdılar. Məsələn, hələ hakimiyyətə gəlməzdən əvvəl nasist partiyasını olduqca gizli şəkildə maliyyələşdirən, sonradan isə Hitlerin şəxsi “ordusu” sayılan “SA”nı sayseçmə kadrlarla gücləndirən Ernest Remi həbs etdirən elə Hitlerin özü idi. İki dostun – Hitlerlə Remin arasını vurmağa çalışan Henrix Himlerə bu məsələdə Ernestin əyyaşlığı və arvadbazlığı kimi çatışmazlığı kömək etdi.

Himlerin məsləhəti ilə 1934-cü ilin 30 iyununda Baden-Fizeyə gələn Hitler burda hansı pozğunluqların hökm sürdüyünü öz gözləri ilə gördüyündən Ernest Remin və digər yüksək rütbəli zabitlərin həbsi əmrini elə oradaca verdi.

Hitler həbsxanada Remə özünü öldürməyi təklif etsə də, rədd cavabı aldı. Remi güllələmək lazım gəldi. Bu, Henrix Himlerin Ernest Remin hakimiyyət çevrilişi etməyə hazırlaşmaları haqda iddialarına inanan Adolf Hitlerin ilk səhvlərindən idi. Çünki Himler özü də saxta sadiqliyi ilə Ernest Remi vəzifəsindən uzaqlaşdırmağa nail olaraq ona qarşı satqınlıq etdi. 1945-ci ilin 22 aprelində eyni addımı Hitlerə qarşı atdı.

Hitlerə sadiqliyi ilə seçilən Rudolf Hess isə füreri ilə məsləhətləşməmiş atdığı avantürist addımın qurbanı oldu. 1939-cu ildə fürerin iki cəbhədə müharibə aparmağa məcbur olduğunu görən Rudolf Hess bir neçə ay sonra təkbaşına Britaniyaya uçuş edib düşmən torpağına eniş etdi. Onun məqsədi Uinston Çörçillə danışıqlar aparmaq, Almaniya-Britaniya sülhünə nail olmaqla özünün əvəzedilməzliyini fürerə göstərmək idi. Britaniya baş nazirinin rədd etdiyi faşist katibini Adolf Hitler də qəbul etmədi. Fürerin keçmiş katibi ömrünü son günədək həbsxanada keçirməli oldu.

12 il ərzində Almaniyanın təbliğat naziri olan Yozef Göbbelsin yalnız özü yox, arvadı da Hitlerin fanatı idilər. Maqda Göbbels Hitlerin adının ilk hərfinin şərəfinə 6 övladının hər birinin adını başlanğıc hərfi “H” ilə başlayan adlar qoymuşdu. Yozef və Maqda Gebbelslər Hitlerə ömürlərinin sonuna qədər sadiq qaldılar. Aprelin 30-da Hitlerin intiharından bir neçə saat sonra ər-arvad əvvəlcə uşaqlarını öldürdülər, sonra isə özləri intihar etdilər. Meyitlər isə yandırıldı.

“Cəllad”a sui-qəsdin ağır bədəli – 5000 ölü və Lidiça faciəsi

Reynhard Qeydrix - Almaniyanın işğal etdiyi ölkələrdə onu “Cəllad” adlandırırdılar. Polşa, Belçika, Niderland, Lüksemburq, Fransa və Çexeslovakiyada Hitlerdən daha çox bu qəddar nasistdən qorxurdular. Hələ gənc yaşlarında tale üzünə gülən Qeydrix hərbi donanmada nümunəvi xidməti ilə seçilir, özünün karyera zirvəsinə doğru uğurla addımlayırdı. Rəhbərlik onun ciddi və intizamlı olmasını çoxdan sezmişdi. Lakin şorgözlüyü uğurlarını yarımçıq qoydu. Eyni vaxtda iki qızla sevgi macərası yaşayan Reynhard Qeydrixin “əkiz adaxlıbazlıqları” ona baha başa gəldi. Onun sevdiyi qızlardan biri donanmanın rəhbərliyində təmsil olunan yüksək rütbəli zabitin övladı olduğundan Qeydrixi işdən qovdular. O, bir neçə il işsiz qaldı. Almaniyada nasistlər hakimiyyətə gələndə Reynhard Qeydrix partiyaya üzv olaraq növbəti dəfə vəzifə pillələrində ucalmağa başladı.

SSRİ-yə qarşı hava əməliyyatlarında iştirak edən Reynhard Qeydrix “SS” və gestapo rəhbəri Himlerin müavini olsa da, Hitlerin yerinə göz dikən iddialı zabitlərdən idi. Fürer onunla bir neçə dəfə görüşən Heydrixin nasizmə sadiqliyini yüksək qiymətləndirdi. Çexoslovakiyanın idarəçiliyini ona tapşırdılar. Qeydrix isə öz növbəsində yalnız bu ölkənin yəhudilərini deyil, habelə çexləri də güllələtdirir, günahsız insanları aman vermədən ölümə göndərirdi.

Mühacirətdə olan Çexoslovakiya rəhbərliyi Qeydrixə sui-qəsd əməliyyatı hazırladı. “Cəllad”a qarşı xüsusi əməliyyatı yaxşı təlim görmüş 4 sui-qəsdçi həyata keçirdi. Qeydrixi öldürənlər barədə məlumat verənə 1 milyon marka pul mükafatı vəd olundu. Sui-qəsdçiləri ələ verən satqın da onların arasından çıxdı. Əməliyyatdan sonra cəmi 8 gün yaşayan Qeydrixin ölümünə görə çex xalqı ağır cavab verməli oldu.

Hitler Lidiça kəndinin yaşı 16-dan yuxarı olan bütün kişi sakinlərinin güllələnməsi əmrini verdi. Lidiçanın 199 sakini qətlə yetirildi, qadınlar, uşaqlar isə konslagerlərdə məhv olundular.

Ümumilikdə, Qeydrixin aradan götürülməsi Çexoslovakiyaya 5000 insanın məhvi hesabına başa gəldi.

Avropanın yarım əsrlik axtarışı - jurnalist araşdırması

Faşist Almaniyasının tarixi, hadisələrin gedişi və nəticəsi sübut etdi ki, Adolf Hitlerin ən sadiq tərəfdarı və əlaltısı fürerin katibi, partiya dəftərxanasının rəisi Martin Borman idi. 1900-cü ilin 17 iyununda poçtalyon ailəsində dünyaya gələn Martin Borman uşaqlığından dəcəlliyi və inadkarlığı ilə seçilmişdi. Gənclik həyatının bir neçə ilini həbsxanada keçirən Borman 25 yaşında nasist ideyaları ilə maraqlanmağa başladı. Elə bu maraq onu tərdicən Adolf Hitlerə yaxınlaşdırdı. 1929-cu ildə Gerda Buxla ailə quran Bormanın nikah mərasiminin şahidi Adolf Hitler və Martinin sələfi Rudolf Hess idi. Bu nikahdan Bormanın 10 övladı dünyaya gəldi. Rudolf Hess vasitəsilə karyerasının zirvəsinə ucalan Borman Hitlerlə daha da yaxınlaşdı. Hessin həbsindən sonra Martin Borman öz karyerasının ən uca zirvələrində idi. O, bütün məlumatları fürerə dəqiq, doğru və aydın çatdırırdı. Məhz buna görə də onu Hitlerin kölgəsi adlandırırdılar. 1943-cü ildəki çıxışlarından birində Hitler “müharibədə qalib gəlmək üçün mənə Borman lazımdır” – demişdi.

Tezliklə nasist partiyasında və hakimiyyətin uca pillələrində Bormanın ən təhlükəli rəqibləri də peyda oldu – Henrix Himler və German Gerinq. Bir dəfə Henrix Himler telefonla danışıq zamanı Martin Bormana Hitlerin Polşadakı konslagerlərdən birində 40 min yəhudinin məhv edilməsi tapşırığının uğurla icra edildiyini dedi. Borman Himlerin bu ehtiyatsızlığından, telefonda belə faktları açıq-aşkar deməsindən qəzəbləndi: “Daha heç bir zəng olmasın. Bütün məxfi məlumatları “Eniqma” ilə göndərin”. Borman hardan biləydi ki, anti-faşist koalisiyasının üzvləri olan Britaniya və SSRİ-nin əks-kəşfiyyatçı kriptoanalitikləri faşistlərin məşhur “Eniqma”larının məxfi kodlarını sındırıblar və Hitlerin əlaltılarının bütün yazışmalarını, radioqramları asanlıqla oxuyurlar. Bu mənada, Bormanın cinayətlərindən SSRİ-də və Britaniyada məlumatlı idilər.

Yeri gəlmişkən, Almaniya Federativ Respublikasının rəhbərliyi bir də 1974-cü ildə bundan xəbər tutdu.

Qeyd etdiyimiz kimi, məhz Himler və Gerinq özlərini Hitlerin layiqli varisi hesab edirdilər. Hitlerin başı isə Britaniya, SSRİ və ABŞ-la müharibəyə, habelə “yəhudi məsələsi”nə qarışmışdı. “Yəhudi məsələsi”ndə, faşistlərin konslagerlərdəki kütləvi soyqırımlarında Hitlerə kömək edən şəxslərdən biri də Martin Borman idi. Elə buna görə idi ki, Nürnberq Məhkəməsində barəsində ən çox danışılan hərbi cinayətkarlardan biri də Borman idi. Diri, yaxud ölü formada ələ keçmədiyindən Bormanı xüsusi olaraq ittiham etməyə qərar verdilər.

1945-ci ilin bormbardmanlı aprel günlərində Adolf Hitleri tərk etməyən, onunla son anadək bir yerdə olan tərəfdarlarından biri də Borman idi. Belə isə fürerin intiharından sonra o, hara yoxa çıxmışdı? ABŞ, SSRİ, Fransa və Britaniya və digər Avropa dövlətləri Bormanın axtarışına başladılar. Britaniya XİN-in başçısı Entoni İden deyirdi ki, hal-hazırda Avropada tarix boyu görünməmiş axtarışlar həyata keçirilir. Bormanın arvadı Gerda 1946-cı ildə xərçəng xəstəliyindən dünyasını dəyişdiyindən Bormanla bağlı ətraflı məlumat almaq mümkün olmadı.

Bormanla birlikdə Hitlerin dəftərxanasını tərk edən Artur Aksman və Hayns Linke həm istintaq sorğularında, həm də müharibədən sonrakı müsahibələrində Bormanın öldüyünü desələr də, onlara heç kim inanmadı. Üstəlik, mətbuatda onun Cənubi Amerikada yaşadığı barədə xəbərlər yayıldı. 50-ci illərdə Bormanın bir neçə ölkədə olması, əyləncə məclislərində iştirakı xəbərinin tirajlanması anti-faşist ölkələrinin narahatlığına səbəb oldu. İş o yerə çatdı ki, 1964-cü ildə Almaniyada onun başına 30 min dollar (maraqlıdır, məhz ABŞ dolları) pul qoyulmuşdu.

Jurnalist Yoahim fon Lank 1972-ci ildə Berlindəki qazıntılar zamanı iki skeletin tapılması barədə mətbuatda çıxış etdi. Skeletlərdən biri Bormanın əlamətləri ilə üst-üstə düşsə də, bu xəbər də təsdiqini tapmadı. Nəhayət,1998-ci ildə Martin Bormanın oğlu DNT analizləri verməyə razı oldu. Onun atasının sümükləri üzərində aparılan analizlərlə oğul Bormanın analizləri üst-üstə düşdü. Məlum oldu ki, Borman 1945-ci ilin 30 aprelində, Berlini tərk etmək istəyərkən bombardmanlar altında həlak olub. 1999-cu ilin 16 avqustunda onun nəşini yandırıb, külünü Baltik dənizinin neytral zonasına tökdülər. Beləcə, 1945-ci ildən başlayan 53 illik axtarışlara son qoyuldu.

Nasistlərin ölümündə ingilis müəmması, Gerinq və Himler...

Hitlerin uğursuz dövlət çevrilişi cəhdində iştirak etmiş German Gerinq hələ gənc yaşlarından nasist ideyalarının təsiri altına düşmüşdü. Sonu həbslə nəticələnən “Pivə” qiyamında iştirak etmiş Gerinq sonradan bir müddət Almaniyadan kənarda yaşamalı oldu. Lakin sonralar vətənə qayıdıb yenidən Hitlerə qoşuldu. Birinci Dünya müharibəsi veteranının sadiqliyini yüksək qiymətləndirən Hitler Gerinqə yüksək vəzifə verərək alman qoşunlarının hərbi hava qüvvələrinə rəhbərliyi ona həvalə etmişdi. Olduqca böyük sərvətə malik olan varlı German Gerinq bir sıra qeyri-adi sərgüzəştləri ilə başqalarından seçilirdi: - şəxsi evində pələng saxlayır, tez-tez qaban ovuna gedir, yaralandıqdan sonra isə narkotik maddələrdən istifadə edirdi. O, yəhudilərin, kommunistlərin, rus hərbi və mülki əsirlərinin, habelə nasistlərin düşmən saydıqları digər şəxslərin ölümündə günahkar sayılan hərbi cinayətkarlardan idi. Berxesqadendəki dağlarda onun saysız-hesabsız zinət əşyaları, heykəltəraşlıq nümunələri və bahalı rəsm əsərləri gizlədilmişdi. Gerinq Hitlerə göndərdiyi son teleqramında 24 saat ərzində fürerdən cavab almayacağı təqdirdə, özünü Almaniyanın rəhbəri elan edəcəyini bildirdi. Gerinqin bu addımını xəyanətkarlıq kimi qiymətləndirən Hitler dərhal onun vəzifəsindən azad edilməsi və güllələnməsi əmrini verdi. “SS” əsgərləri dağlarda gizlənən Gerinqi həbs etdilər. Amma güllələmədilər. Niyə? Bu sual hələ də dolğun cavabını tapa bilməyib.

1945-ci ilin 10 mayında müttəfiq qoşunların komandanı, ABŞ generalı Duayt Eyzenhauerlə danışıqlar aparmaq üçün amerikalılara könüllü əsir düşən Gerinq dağlarda gizlətdiyi bütün sərvətinin yerini özü dedi. Əvəzində isə ona məhkəməyə hazırlaşmağı məsləhət gördülər. 1945-ci ilin payızında başlanan Nürnberq məhkəməsi Gerinqi “1 nömrəli hərbi cinayətkar” adlandırdı. 1946-cı ildə məhkəmə Gerinqi ən yüksək – dar ağacından asılmaq cəzasına məhkum etdi. “Məni reyxin yüksək rütbəli zabiti kimi ayaqüstə güllələsəydiniz, daha yaxşı olardı” – deyən Gerinqin ölümü bir sıra müəmmalara yol açdı.

Birincisi, Gerinq asılacağı günü və saatı barədə məlumatı kimdən almışdı? Axı edamın tarixi gizli saxlanılırdı. Məsələ burasındadır ki, o, ölümündən 4 saat əvvəl zəhərli həb qəbul edərək intihar etdi. İkincisi, uzun müddət anti-faşist hərbçilərinin nəzarəti altında olan Gerinq zəhəri hardan tapmışdı? Sonuncu dəfə vida öpüşü ilə görüşdüyü arvadındanmı? Bəs həbsxana nəzarətçiləri niyə sayıqlıqlarını itirmişdilər?

Hitler köhnə dostu, vaxtilə onun dirçəlməsinə yardım etmiş Ernest Remi Henrix Himlerə qurban verəndə ağlına da gətirməzdi ki, sonuncu eyni addımı həm də bir vaxt ona qarşı atacaq. Remin hakimiyyət çevrilişi etməsinə füreri inandıra bilmiş keçmiş fermer tədricən Hitlerin etimadını qazandı. O, 50 minlik xüsusi təlim görmüş “SS”-lə yanaşı, gestapoya da rəhbərliyi ələ keçirdi. Borman, Şpeyer və Gerinqdən fərqli olaraq yəhudilərin kütləvi qətliamlarında Himler özü də iştirak edirdi. Hətta bir dəfə yəhudilərin güllələnməsi prosesində şəxsən iştirak edən Himler bu insana o qədər yaxın idi ki, başından güllə zərbəsi alan mülki şəxsin qanı onun xüsusi formasının ətəyinə də sıçradı. O, bundan sonra kabinet məmuruna çevrilmək qərarına gəldi. Yəhudilərin əvvəldən qazılmış kütləvi qəbirlərdə güllələnməsi hətta faşist əsgərlərinə belə, psixoloji təsir göstərdiyindən Himler bu üsulu nisbətən humanist metodlarla əvəz etməyə qərar verdi: - konslagerlərdəki qaz kameralarında boğulma. Bu kameralarda bir gün ərzində 120 min yəhudini məhv etmək mümkün idi. Onun bu cinayətlərindən SSRİ, Britaniya və sonradan ABŞ-da da xəbər tutdular. Polşanı işğaldan azad edən sovet əsgərləri Maydank konslagerindəki dəhşətləri bütün dünyaya açıqladılar.

1945-ci ilin aprelində Hitlerin qurduğu imperiyanın sonuna sayılı günlərin qaldığını başa düşən Himler aprelin 22-də ABŞ-Britaniya müttəfiq qoşunlarını komandanı Duayt Eyzenhauerlə danışıqlar aparmağa cəhd göstərdi. Hitler əlaltısının bu satqınlığından sarsılaraq Himlerin güllələnməsi əmrini verdi. Bu mənada keçmiş “SS” və gestapo rəhbəri 1945-ci ilin aprel-may aylarında Avropada ən çox axtarılan adam idi. Özü də onu təkcə amerikalılar, ingilislər və ruslar yox, həm də faşistlər axtarırdılar. İngilis əsgərlərinin əsir götürdüyü Himleri xüsusi evə gətirdilər. Rəhbərliyin xüsusi əmri ilə onun üst-başını dönə-dönə yoxladılar. Himlerin üstündən kalium-sianid zəhərinin birini tapdılar. Lakin ikinci zəhər Himlerin dişlərinin altında gizlənmişdi. Üst-başının növbəti dəfə yoxlanıldığını görən Himler zəhərin şüşəsini dişləri ilə sındıraraq intihar etdi.

Onun ölümü ingilis müəmmasına yol açdı: - nə üçün ingilislər əsir saxladıqları Himlerin üst-başını dəqiq yoxlamamışdılar? Çörçilin əsgərləri keçmiş “SS” rəhbərinin özünü öldürməsinə şərait yaratmaqla nəyə nail olmaq istəmişdilər – Himlerin anti-faşist koalisiyasının hərbi rəhbərliyi ilə danışıqlarının sirr olaraq qalmasınamı?

Nürnberq hakimlərinin və dünyanın aldanışı

Hitlerin ən yaxın dostlarından və əlaltılarından olan memar, habelə Almaniyanın hərbi sənaye naziri Albert Şpeyer sözün əsl mənasında bütün dünyanı aldadan mahir fırıldaqçı, hiyləgər faşist idi. Məsələ burasındadır ki, özlərinin itkilərini maksimum azaltmaq üçün Almaniyanın şəhərlərini bombalamaq, faşist hərbi maşınını hərbi avadanlıqlarla təmin edən yaşayış məskənlərini diz çökdürmək taktikasını seçən ABŞ və Britaniya rəhbərliyi bu üsulun o qədər də yaxşı effekt verməməsinə təəccüblənmişdilər. Faşist hərb maşınının sirri isə almanların hərbi sənayesini uğurla quran Albert Şpeyerdə idi. Elə buna görə idi ki, Berlin süqut edəndə amerikalı hərbi biznesmen Pol Smit Şpeyerlə əlaqə yaratmağa çalışaraq faşistlərin hərbi sənaye qüdrətinin sirrini ondan öyrənməyə cəhd göstərirdi.

1945-ci ilin oktyabrında başlayan Nürnberq məhkəməsində Albert Şpeyeri yüz minlərlə günahsız insanı qul kimi işlədərək onları istismar etməkdə, bu kölələrin əməyindən alman hərbi maşınını gücləndirməkdə ittiham edirdilər. Yüz minlərlə günahsız insan Şpeyerin rəhbəri olduğu hərbi sənaye sahəsindəki ağır işlərdə dünyasını itirdi. Amma “Əsrin məhkəməsi”ndə ifadə verən Şpeyer bütün bunlardan xəbəri olmadığını iddia etdi. Digər faşist müttəhimlərindən fərqli olaraq, Şpeyer məhkəmədə özünü günahkar saydı. O, boğazını dar ağacından xilas etmək üçün başqa hiyləgər üsula da əl atdı. Şpeyer guya Hutlerə qarşı sui-qəsd hazırladığını idda edirdi. Ona qarşı irəli sürülən ittihamlardan biri də Şpeyerin yəhudi qırğınlarından xəbərdar olması idi. Amma mahir fırıldaqçı Poznan konfransında Himlerin bu barədə çıxışına qulaq asmadığını iddia edərək, yəhudilərin soyqırımlarının Almaniyada hər kəsdən gizlədildiyini, o cümlədən onun özünə də bu barədə məlumatların verilmədiyini deyirdi.

Məhkəmə Şpeyerin 20 il azadlıqdan məhrum edilməsi barədə qərar qəbul etdi. Şpeyer həbsxanada olarkən çoxlu mütaliə edir və bağda gəzişirdi. 1966-cı ilin 13 sentyabrı axşamı həbsxanadan buraxılan Şpeyer həmin gün gecə mətbuat konfransı keçirərək, özü barəsində “humanist” nasist təsəvvürü formalaşdırmağa başladı. Daha sonra “III reyxin daxili” adlı məşhur kitabını yazdı və digər xatirələrini qələmə aldı. Kitab və digər əsərləri Şpeyeri məşhurlaşdırmaqla yanaşı, keçmiş faşistə xeyli var-dövlət qazandırdı. Milyoner Şpeyer tez-tez xarici mətbuata müsahibələr verir, özü barəsində müsbət təsəvvürlər formalaşdırırdı. 1981-ci ilin 1 sentyabrına İngiltərədə növbəti dəfə müsahibə verən Şpeyer yalanlar uydurduğu gərgin intervyüdən dərhl sonra qəfil insult keçirdi və London xəstəxanalarından birində dünyasını dəyişdi.

Dünya uzun illər bu faşistin yalanlarını həqiqət kimi qəbul etdi. Nəhayət, 2005-ci ilin 21 mayında Britaniya mətbuatında Şpeyerin Himlerlə 1943-cü ildəki yazışması üzə çıxdı. Məlum oldu ki, o, alman hərb sənayesində qul kimi işlədilən yəhudilərin ağır əmək şəraiti ilə kütləvi məhv olmalarından xəbərdar imiş. 2007-ci ildə Şpeyerin Belçika rəsmilərindən birinə 1971-ci ildə yazdığı məktubunda yəhudi qırğınlarından məlumatlı olduğunu özü etiraf etmişdi. Bütün bunlar bir daha sübut etdi ki, Şpeyer 1945-1946-cı illərdə Nürnberq məhkəməsinin hakimlərini böyük ustalıqla aldatmışdı. Onun 55 il sonra üzə çıxan yalanları bir məqsədə xidmət etmişdi - keçmiş hərbi sənaye nazirinin boynunun dar ağacından xilas olmasına. Şpeyer SSRİ, ABŞ, Britaniya və Fransa hüquqşünaslarını çox gözəl aldada bilmişdi.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm