• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Mədəniyyət Nazirliyinin keçmiş əməkdaşının evi zəbt olundu - FOTOLAR

Mədəniyyət Nazirliyinin keçmiş əməkdaşının evi zəbt olundu - FOTOLAR

O, Bilgəh Qocalar evinin getməyə yeri olmayan sakinlərindəndir. Abakarova Mina Şəki şəhərində doğulub böyüsə də, indi ata-baba yurduna gedə bilmir. Buna səbəb isə vaxtilə öz zəhməti ilə tikdirdiyi ikimərtəbəli evin qardaşı uşaqları tərəfindən mənimsənilməsidir. Həm qanun, həm də vicdan onun tərəfindədir. Özü belə dedi. Bizə sübut üçün evinin sənədlərini də göstərdi. Amma hələ ki qanuni evini geri qaytara bilməyən bu xanım məhkəmə qapılarını döyməklə məşğuldur.

“Mənin bir oğlum var. Yoldaşım da rəhmətə gedib. Əvvəllər Şəki şəhərində yaşamışıq. Anam rəhmətə gedəndən sonra 12 ildir ki, Bakıya gəlmişik. Lakin gəlməyimizə peşman olduq. Şəkidəki evimizi qardaşımın uşaqları zəbt ediblər. Evin tək qızı olmuşam, özümdən başqa iki qardaşım var. Yoldaşım mənə elçi göndərəndə atam şərt qoymuşdu ki, Şəki şəhərindən ev alsın. Hətta bir dəfə anam yoldaşımın ayaqlarına düşüb yalvardı ki, “sənə qurban olum, mənim bir qızım var, məni gəlinlərin əlində qoyma. 8 sot torpağım var, 4 sotunu verirəm sənə. Orada ev tikib yaşaya bilərsən. Mən də qocalanda mənə baxarsız, gəlinlərə möhtac olmayım”.

Yoldaşım da onun xətrini çox istəyirdi, razılaşdı. Sonra həmin həyətdə ev tikdik. Yoldaşım 2006-cı ildə rəhmətə getmişdi. Ondan iki il sonra anam rəhmətə getdi. Ondan sonra Şəkidə qala bilmədik. Bizim evimiz qardaşımgilin evi ilə eyni həyətdədir, amma ata-ana evimizdən təxminən15-20 metr aralıdadır. Biz Şəkidən çıxandan sonra qardaşlarımın uşaqları mənim tikdiyim evi zəbt ediblər.

Televiziya verilişlərinin birində mənə “bütün sənədlərini hazırla, səni vəkillə birgə Şəki Rayon İcra Hakimiyyətinə aparıb həmin evi alacağıq” deyə söz versələr də, əməl etmədilər. Həmin gecə sevindiyimdən yata bilmədim. Lakin bu sevincim çox çəkmədi. Bir neçə gündən sonra, televiziyada mənim evimin və iki oğlumun olmasıyla bağlı məlumat verildi. Sözün düzü, bu, mənə çox pis təsir elədi.

Mən 48 il Mədəniyyət Nazirliyində işləmişəm. Əmək veteranıyam. Kinematoqrafiyada işləmişəm, qəzet redaktoru olmuşam, Dövlət Film Fondunda baş mütəxəssis işləmişəm. 1998-ci ildən pensiyaya çıxmışam. Oğlum da Bakıda yaşayır. Onlar kirayə qalırlar. İki uşaqları var. Mən də onlara yük olmaq istəmirəm. Onsuz da çətinliklə dolanırlar. Gərək mənə görə bir otaq da artıq kirayə etsinlər. Tək istəyim Şəkidəki evi alıb balamla və nəvələrimlə birgə oraya köçməkdir. Axı biz zəhmət çəkib həyat yoldaşımla ev tikmişik. Mən uşağım üçün, onun gələcəyi üçün bunu eləmişəm. Düzdür, oradan məni zorla çıxartmayıblar. Getdik gördük ki, o evi zəbt ediblər. Onlarla bir yerdə yaşamaq isə artıq mümkün olmadı. Dəfələrlə mən orada olanda həmin evə polis gəlsə də, qardaşımın uşaqları evdən çıxmaq istəmirlər. Qanunun mənim tərəfimdə olduğunu bilirəm. Şəki Şəhər İcra Hakimiyyətinə də 5 il əvvəl müraciət eləmişəm. Yazıblar ki, torpaq kimin adınadırsa, onun üzərindəki mülk də ona məxsusdur. Torpaq anamın adına olub və o da rəhmətə gedib. Mən onun birinci dərəcəli varisi elan olunmuşam və evin çıxarışı da mənim adımadır. Ona görə də öz evimi, öz torpağımı istəyirəm. Həyatımın qalan hissəsini öz evimdə yaşamaq və orada da ölmək istəyirəm”.

Gülnar Əliyeva

Xəbər lenti

DAHA ÇOX XƏBƏR