• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Ziyafət Əsgərov, Baba Mahmudoğlu, Sabir Mirzəyev müştəriləri olub

Ziyafət Əsgərov, Baba Mahmudoğlu, Sabir Mirzəyev müştəriləri olub

Hər bir peşənin özünəməxsus xüsusiyyətləri, sirləri var. Getdikcə sıradan çıxmaqda olan karbüratorçu peşəsi də bəzi spesifik xüsusiyyətlərə malik olmaqla yanaşı, həm də maraqlı özəlliklləri ilə seçilir. 20 ildən çoxdur paytaxtda karbüratorçu işləyən, bu sənətin sirlərinə yaxından bələd olan Muxtar Əhmədov həm də Azərbaycanın bir sıra ictimai, siyasi, mədəni sahələri üzrə tanınmış şəxslərlə bağlı xatirələri yaddaşında daşıyır. O, əməkdaşımızla söhbətində bəzi maraqlı xatirələrini və sənət sirlərini bölüşdü:

“Krasnoyarsk Politexnik İnstitutunda ali təhsil aldım”

- Uzun illər Rusiyada yaşamışam. 1990-cı ildə isə Azərbaycana qayıtdım. Bir müddət Respublika Hərbi Komissarlığında işlədim. Artıq 21 ildən çoxdur karbüratorçu və avtomobil elektriki işləyirəm.

- Necə oldu bu peşəyə gəldiniz?

- AXC-Müsavat cütlüyü hakimiyyətə gələndə cəbhəçilər məni işdən azad etdilər. Təxminən bir ilə yaxın işsiz qaldım. Lakin sonra fikirləşdim ki, işləməli, ailəmi dolandırmalıyam. Keçmiş Poluxin küçəsində avtomobillərə texniki xidmət mərkəzi fəaliyyət göstərirdi. Orda bir sexi icarəyə götürərək karbüratorçu işləməyə başladım. Təxminən 1 il müddətində orda işlədim. Lakin sonra sexin yerləşdiyi ərazi plana düşdü. Onun yerində doqquzmərtəbəli bina tikməyə başladılar. Bu səbəbdən oradan köçüb indiki iş yerimdə - “Avtomotoservis” Açıq Səhmdar Cəmiyyətində işləməyə qərar verdim.

- Karbürator avtomobilin ən mürəkkəb hissələrindən biridir. İlk vaxtlar bu işdə işləmək çətin olmadı ki?

- Yox, çünki ali təhsilliyəm. Rusiyanın Krasnoyarsk vilayətində Politexnik İnstitutunun avtomobil istismarı fakültəsində ali təhsil almışdım. Bundan sonra da təhsilimi davam etdirərək Moskvada Sovet Ticarəti Texnikumunu bitirdim. 18 il 3 ay Murmansk vilayətində, Şimal Donanmasında məxfi sualtı atom qayığında akustik, rabitəçi işlədim. Dörd okeanın hər birində xidmət keçmişəm. 1990-cı ildən etibarən baş miçman kimi hərbi təqaüdçüyəm. Krasnoyarsk vilayətinin Politexnik İnstitutunun avtomobil istismarı fakültəsini bitirməyim bu sənət üzrə çalışmağıma kömək etdi. İnstitutda avtomobilin bir sıra sahələri üzrə biliklərə yiyələnmişəm. O cümlədən karbüratorun da əsas funksiyası, hansı hissələrdən ibarət olması sirlərinə bələd oldum. Odur ki, 1994-cü ildə karbüratorçu işləməyə başlayanda o qədər də çətinlik çəkmədim.

“Rejissor Rasim Ocaqov, müğənni Arzu Rzayev, Elşən Xəzər müştərilərim olublar”

- Müştəri toplamaq və tanınmaq da çətin olmadı?

- Keçmiş Poluxin küçəsində işləməyə başlayanda qısa müddət çətinlik çəkdim. Amma təmir etdiyim avtomobillərin karbüratorları uzun müddət saz vəziyyətdə qalırdı deyə, tanınmağa başladım. Çünki ali təhsilli karbüratorçu həmin vaxtlarda həm müştərilər, həm də avtomobil sahəsi üzrə çalışanlar üçün yenilik idi. Çoxları Rusiyada ali məktəb bitirməyimi təəccüblə qarşılayırdı. Bu səbəbdən də avtomobillərini mənə etibar edirdilər. Qısa müddət ərzində müştərilərin də sayı artdı. Allaha şükür ki, indi paytaxtın hər yerində tanınıram. Bakının bütün rayonlarından, hətta yaxın bölgələrdən müştərilərim var.

- Müştəriləriniz arasında tanınmış şəxslərdən, sənət adamlarından varmı?

- Əlbəttə, estrada müğənnilərindən Arzu Rzayev mənim müştərim olub. Həmişə onun avtomobillərini mən təmir edirdim. Habelə tanınmış rejissor, mərhum sənətkarımız Rasim Ocaqovun sarı rəngli “Moskviç 2141”nin “həkim”i mən idim. Onun avtomobilinin təkcə karbüratorunu yox, elektrik alışma sistemini mən təmir edirdim. Bir vaxtlar ulu öndər Heydər Əliyevin alman dili üzrə tərcüməçisi kimi çalışmış tərcüməçi, Azərbaycan Dillər Universitetinin alman dilinin leksikologiyası və üslubiyyatı kafedrasının dosenti, mərhum Çərkəz Qurbanlının “Jiquli 011”-nin karbürator sistemini həmişə mən təmizləyir, mühərrik sisteminə uyğunlaşdırır və elektrik sistemini nizamlayırdım.

Milli Məclis sədrinin birinci müavini, millət vəkili Ziyafət Əsgərovun 2000-ci ildə idarə etdiyi ağ rəngli “Jiquli 2106” avtomobilinin karbürator ustası uzun illər mən olmuşam. Ziyafət müəllim 2000-ci illərin ortalarında hərdən bura gələr, avtomobilinin karbüratorunu və alışma sistemini, mühərrikini bizə təmir etdirərdi. Yadımdadır, deputatın avtomobilinin ehtiyat hissələrini təmir etmək üçün bəzən cəmi 30-35 dəqiqə vaxt lazım olduğundan maşınını burda qoyub getməzdi. Oturub bizimlə çay içər, söhbətləşərdi. Yeri gəlmişkən, Ziyafət müəllim maraqlı, söhbətcil adamdır. Bu müddət ərzində isə Ziyafət müəllimin avtomaşınını təmir etməklə məşğul olurduq. Bir dəfə o, mənim ali savadlı olduğumu bildikdə təəccübləndi.

“İsmət Qayıbov avtomobilimi işə salmaqda mənə kömək etdi”

- Yəqin ki, tanınmışlarla bağlı maraqlı xatirələriniz də var.

-Əlbəttə. Soyuq qış günlərindən birində sexə bir nəfər gəldi. Dedi ki, usta, mənim avtomobilim xarab olub, yolda qalmışam. Mühərrik işə düşmür. Diqqətlə baxanda tanıdım – bu, meyxanaçı Elşən Xəzər idi. Öz avtomobilimə əyləşib getdik onun avtomobilinin olduğu küçəyə. “VAZ 2109” avtomobilini təmir edib, mühərriki işə saldım. Həmin gün hava soyuq olduğundan sənətçi çətin duruma düşmüşdü.

Yeri gəlmişkən, Azərbaycanın sabiq baş prokuroru İsmət Qayıbovla qonşu küçələrdə yaşamışıq. Mən Lermontov küçəsində yaşayıram, o isə Şeyx Şamil küçəsində yaşayırdı. Onunla bir neçə il qonşu olduq. Çox gözəl, sadə insan idi. Onunla bağlı bir maraqlı xatirəni sizinlə bölüşmək istəyirəm. Bir dəfə səhər işə gedəndə avtomobilimi nə qədər işə salmağa çalışsam da, mühərrik işə düşmədi. Çünki diqqətsizliyim üzündən avtomobilimin işıqları gecə işlək vəziyyətdə qalmışdı. Buna görə də elektrik cərəyan mənbəyi zəifləmişdi. Akkumulyatorun mühərriki işə salmağa gücü çatmırdı. Nə qədər çalışsam da, mühərrik alışmadı. Həmin vaxtlar baş prokuror vəzifəsində çalışan İsmət Qayıbov səhər evindən çıxaraq işə gedirdi. Sürücüsü onun xidməti avtomobilinin yanında dayanıb, baş prokuroru gözləyirdi. Birdən İsmət Qayıbovun gözü mənə sataşdı. Gördü ki, avtomobilim işə düşmür, çətinlik çəkirəm. O, sürücüsüylə mənə yaxınlaşıb avtomobilimin mühərrikini işə salmaqda kömək etdi. Dedi ki, qonşu, sən əyləş sükanın arxasına, biz maşını itələyək, sən mühərriki işə sal. Beləcə, sabiq baş prokuror avtomobilimi işə salmaqda mənə kömək etdi.

Mərhum xanəndə, Azərbaycan Respublikasının xalq artisti Baba Mahmudoğlu da müştərim idi. O, vaxtilə ağ rəngli “Jiquli 2103” avtomobilinin karbürator və elektrik sistemini təmir etdirmək, nizamlamaq üçün bura gələrdi. Habelə gözəl sənətkarlarımızdan olan məşhur muğam ustası Sabir Mirzəyev avtomobilini mənə təmir etdirirdi. Uşaq verilişlərinin sevimli aparıcılarından olan mərhum aktyorumuz “Ələkbər əmi”nin – Azərbaycanın əməkdar artisti Ələkbər Hüseynovun “VAZ 21099” avtomobilinin karbüratorunu mən təmir edirdim. Şair Baba Pünhan isə yaxın qohumunu mənlə tanış edərək ona maşınını mənə təmir etdirməyi tapşırmışdı. Politoloq Zərdüşt Əlizadə mənə avtomobil təmir etdirirdi. Səhv etmirəmsə, bu, şəxsi avtomobil deyildi. Eks-spiker, Azərbaycan Tibb Universitetinin müəllimi Yaqub Məmmədov da mənim müştərilərim arasındaydı. Onun “QAZ-24” avtomobilinin karbüratorunu və elektrik alışma sistemini mən təmir edirdim.

Təəssüf ki, adını unutduğum Azərbaycanın Milli Qəhrəmanlarından biri də mənim müştərilərim sırasındadır. Həmin şəxs hal-hazırda hüquq-mühafizə orqanlarında çalışır. Bir sözlə, bis sıra sahələrdə çalışan tanınmış insanların avtomobillərini təmir edirəm. Elələri var ki, münasibətlərimiz dostluq səviyyəsindədir.

“Müştəriyə neçə dəfə başa saldım ki, adım Muxtardır, Dadaş deyil”

- Peşənizlə bağlı ən məzəli və yaddaqalan olay?

- Yaxın qohumum olan bir yeniyetməni özümə şagird götürmüşdüm. Ona karbüratorun hissələrini, ümumilikdə bu sənətin sirlərini öyrədirdim. Həmin oğlan isə qohum olduğumuzdan mənə usta yox, “dadaş”, yəni böyük qardaş – deyə müraciət edirdi. İlham adlı sürücü avtomobilinin karbüratorunu təmir etdirməyə gətirmişdi. Bu zaman yanımda bu sənəti öyrənən yeniyetmə mənə tez-tez “Dadaş” – deyə müraciət etdiyindən müştəri də elə bildi ki, adım Muxtar yox, Dadaşdır. O da mənə “Dadaş müəllim, avtomaşınımın mühərriki filan yerdə xarab oldu, karbürator sıradan çıxdı”, “Dadaş müəllim, o gün də filan problemlə üzləşdim”- deyə müraciət etməyə başladı. Müştəriyə neçə dəfə başa saldım ki, adım Muxtardır, Dadaş deyil. Lakin bir neçə ay həmin müştəri məni Dadaş usta adlandırdı (gülür).

- Yeri gəlmişkən, indiyə qədər neçə şagirdiniz olub?

- Dörd nəfər. Onlardan ikisi indi karbüratorçu işləyir. Lakin ikisi bu sənəti axıra qədər öyrənmədi.

- İş rejimi necədir?

- Bazar günü istisna olmaqla, iş saatı hər gün səhər saat 9-da başlayır və axşam saat 18-də başa çatır. Bəzən elə olur ki, nasaz avtomobillərin sayı çox olduğundan bir qədər yubanmalı oluram. Çünki maşını xarab olan sürücüyə kömək etmək ustanın borcudur. Sənətimi sevirəm. Ona görə ki, çox maraqlıdır. Bu sexin icarədarıyam.

- Bir avtomobilin karbüratorunun kimyəvi yuyulub təmizlənməsi, hissələrinin yenilənməsi və nizamlanması neçəyə başa gəlir?

- Təxminən 20-25 manata.

- Ehtiyat hissələri ilə birlikdə?

- Bəli.

“Karbüratorçu peşəsi tədricən sıradan çıxmaqdadır”

- Təkcə karbürator və elektrik sistemi üzrə çalışırsınız?

- Yox, həm də injektor ustası kimi. Yeri gəlmişkən qeyd edim ki, karbüratorçu peşəsi tədricən sıradan çıxmaqdadır. Bu sistemlə çalışan avtomobillər ölkəmizə gətirilmir. İndi ölkəmizə idxal olunan avtomobillərin hamısı injektor sistemi ilə işləyir. Avtomobillərin yeni nəsli injektor sistemi ilə çalışan mühərriklərlə təchiz olunub.

- İnjektor üzrə neçə vaxtdır işləyirsiniz?

- Altı aydan çoxdur.

- Bəs injektorun kimyəvi cəhətdən təmizlənməsi, nizamlanmasının xərci nə qədərdir?

- Bu, avtomobilin markasından asılıdır. Elə maşın var ki, onun injektorunun sökülməsi uzun vaxt aparır və bir neçə əlavə prosedur həyata keçirilməsini tələb edir. Avtomobilin növündən asılı olaraq onun injektorunun “forsunka”larının qiymətləri də fəqrlidir. Bu rəqəmlər 5-10 manat civarında dəyişir.

- Əcnəbi "dilli" aparatların istismarında çətinlik çəkmirsiniz?

- Əvvəllər az müddət çətinliyim vardı, amma indi yox, heç bir problem yoxdur.

- Bildiyimə görə, əvvəllər sürücülərimiz injektor ustaları qıtlığından əziyyət çəkirdilər. İndi də belə problem var?

- Xeyr. Allaha şükür ki, təcrübəli ustalarımızın sayı artıb.

“Texniki baxışdan keçməyən, keyfiyyətsiz ehtiyat hissələri satışa çıxarırlar”

- Bildiyimə görə, əvvəlki illərlə müqayisədə avtomobillərin ehtiyat hissələri də keyfiyyətini itirib.

- Elədir, təəssüf ki, ehtiyat hissələr indi əvvəlki kimi keyfiyyətli deyil. Buna görə də çətinlik çəkirik. Sıradan çıxmış bu və ya digər ehtiyat hissəni yenisi ilə əvəzləyirik. Hərdən bir də görürsən mağazadan aldığın ehtiyat hissə keyfiyyətsiz çıxır. Buna görə də müştəri qısa müddət sonra yenidən bura qayıdıb şikayət edir ki, usta, axı bu maşını yenicə düzəltmişdin, bəs niyə tez xarab oldu? Onları başa salırıq ki, ehtiyat hissələrini biz hazırlamırıq, istehsal etmirik. Əsas, yəni orijinal ehtiyat hissələrini istehsalçı öz karbüratorunun üstünə qoyur. Texniki baxışdan keçməyən, keyfiyyətsiz ehtiyat hissələri isə satışa çıxarırlar. Bu mənada orijinal, keyfiyyətli ehtiyat hissələrini tapmaq müşkül məsələdir.

Anar Tağıyev

Xəbər lenti

DAHA ÇOX XƏBƏR