Adıgözəl Məmmədov: “Xristian - müsəlman qarşıdurması yaradılır” – MÜSAHİBƏ
Bizi izləyin

Qırmızı.az

Adıgözəl Məmmədov: “Xristian - müsəlman qarşıdurması yaradılır” – MÜSAHİBƏ

Avrasiya İnstitutunun ekspertlər şurasının üzvü, politoloq Adıgözəl Məmmədov Publika.az-a müsahibəsində son geosiyasi prosesləri şərh edib.


- Fransada baş verənlər Fransua Olandın Rusiyaya qarşı tətbiq edilən sanksiyaların dayandırması ilə bağlı bəyanatı ilə bağlı ola bilərmi?


- Bu hadisə ilə Fransa prezidentinin bəyanatı arasında heç bir bağlılıq görmürəm. Bir məsələdə sizinlə razılaşıram ki, bu terror aktı müəyyən mərkəzlər tərəfindən pərvazlanır və məqsədyönlü şəkildə xristian - müsəlman qarşıdurmasına hesablanıb. Onda biz özümüzə sual verməliyik ki, bu qarşıdurma daha çox kimlərin xeyrinə ola bilər. Geosiyasi güc mərkəzləri anlayır ki, Rusiya tam gücünü Avropadan və xüsusən də Almaniyadan alır. Yəni, Rusiyaya qarşı nə qədər sanksiya tətbiq olunsa da, Avropanın Rusiyadan enerji asılılığı davam edir. Ona görə də, bu tipli təxribatlar yeni iğtişaşlara hesablana bilər ki, Avropa iqtisadiyyatı tamamilə çöksün və intellektual potensiallar digər geosiyasi materiklərə cəmlənsin. Beləliklə də bir güllə ilə iki dovşanı vurulsun. Təsadüfi deyil ki, məhz bu günlər Rusiyadan ekstradisiya olunmuş Mixail Xodorkovski canfəşanlıqla təxribat xarakterli bəyanatlar verir. İndi sual oluna bilər: bu sistemli təxribatlar niyə həyata keçirilir?!


- Türkiyədə jurnalistlərin kütləvi həbsi və bəzi mətbu orqanlarının qapadılması, ardından Fransada jurnalistlərin güllələnməsi, İspaniya nəşrlərinin redaksiyasına ünvanlanan naməlum hədələri dünya mediasına təhdid kimi qiymətləndirmək nə qədər doğrudur?


- Türkiyədə baş verən hadisələr Avropanın digər bölgələrindəki proseslərdən bu və ya digər formada fərqlənir. Nəzərə almaq lazımdır ki, bu gün Türkiyədə çox ciddi şəkildə dövlətin içinə soxulan, Mərkəzi Kəşfiyyat İdarəsinin Pensilvaniya “aləti” vasitəsi ilə idarə olunan bir qrup insanla mübarizə aparılır. Bu qrupun içində Pensilvaniya ilə əlaqəli jurnalistlərin olduğu da iddia olunur. Təhqiqatçılar bunun doğru olub-olmadığına yaxın günlərdə cavab verəcəklər. Əgər insan xarici kəşfiyyat orqanlarına işləyirsə, onun jurnalist olması nə önəm daşıya bilər?


- Siz hər zaman slavyan-türk birliyini dəstəkləyənlərdən olmusunuz. Bunu hələ bir neçə il öncə deyirdiniz və hazırda biz Türkiyə və Rusiya yaxınlaşmasını müşahidə edirik. Sizcə bu yaxınlaşma slavyan və türk dünyasına öz töhfəsini verə biləcəkmi?


- Doğru qeyd edirsiniz ki, mən həmişə slavyan-türk birliyinin tərəfdarı olmuşam. Hətta bu birliyin ideoloji konsepsiyasını da yazmışam və bu kitabımı Moskva Dövlət Universitetində təqdim etmişəm. İlk əvvəllər bu istiqamətdə çıxışlar etdikdə ruslar mənim fikirlərimə çox ehtiyatla yanaşırdılar. Çünki əsrlər boyu Lazarev (Lazaryan) tarixşünaslıq məktəbi rus-türk düşmənçiliyini təbliğ etmişdi. Belə bir fobiyalar içində fikirlərimə təftişli yanaşırdılar. Rusiyada etnik separatçılar bu nəzəriyyəmi topa tutdular. Sonra “Osmanlının çöküşünə Rusiyadan baxış” kitabımı yazdım və bu kitabda sübut etdim ki, bu dövlətlər heç də həmişə bir-birləri ilə savaşmayıblar, tarixin müəyyən məqamlarında hətta Avropa güclərinə qarşı bərabər mübarizə aparıblar. Bu, müəyyən yumşalmaya səbəb oldu. Sonrakı mərhələdə isə Rusiya prezidenti yanında Strateji Araşdırmalar İnstitutunun əməkdaşlarının iştirakı ilə Ərdoğan hökuməti haqda əsərim işıq üzü gördü. Bu kitab Kremlin xarici siyasətini formalaşdıran bir çox ciddi ekspertlərinin yüksək rəyini aldı. Beləcə, bizim də bu yaxınlaşmada payımız oldu.


- Bu gün Rusiya, İran və Türkiyənin xarici siyasi kursunu müşahidə etdikdə onların regionda yeni güc olmaq niyyətlərini açıq-aydın görmək mümkündür.


- Azərbaycan elə bir coğrafiyada yerləşib ki, istər-istəməz regionda həm Rusiya, həm Türkiyə, həm də İran reallığın qəbul edir. Həyata keçirilən siyasətdə də bu reallıq nəzərə alınaraq yürüdülür. Amma bu da bir həqiqətdir ki, istənilən reallıq və güclər Azərbaycan reallığı ilə də hesablaşır. Bu əslində dövlətimizin həyata keçirtdiyi siyasətin uğurudur. Buna görə də biz mərhum prezidentimiz Heydər Əliyevə və onun davamçısı İlham Əliyevə təşəkkür etməliyik.


- Bu güclərin Azərbaycana təsirini necə görürsünüz?


- Onsuz da soyuq savaş yenidən başlayıb. Əsas məqsəd isə Sibirin yeraltı və yerüstü sərvətlərinin ələ keçirilməsidir. Bu mövzuda mənim yazıma ABŞ-ın ən mühüm ekspertlərindən olan Pol Qobl da münasibətini bildirib. Yəni, dünya dəyişir və yeni geosiyasi mərkəzlər formalaşır. Bizim əsas məqsədimiz odur ki, bu mərhələdən xətərsiz adlayaq. Azərbaycanımızın müstəqilliyini bizdən sonrakı nəsillərə ötürək.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm