• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Sənədsiz ev qalmayacaq

Sənədsiz ev qalmayacaq

"Azərbaycan Prezidenti “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nı təsdiq edib. Bu fərman 10 minlərlə evin sənədləşməsinə imkan yaradacaq".

Publika.az-ın məlumatına görə, bu barədə iqtisadçı alim Vüqar Bayramov "facebook" səhifəsində fikirlərini bölüşüb.

Mütəxəssis qeyd edir ki, sözügedən qanun qüvvəyə minədək inşa edilmiş əmlakların dövlət qeydiyyatı ilə bağlı konkret mexanizmlər müəyyənləşdirilib. Bu isə o deməkdir ki, 2004-cü ilin 29 uyununadək alınan və ya inşa edilən əmlaklar fərmanla müəyyənləşdirilən sənədlər ilə dövlət qeydiyyatına alınmalıdır:

"Bu zaman sadəcə həmin əmlakın magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşməməsi vacibdir. Fərman “belə təhlükəli zonalarda” yerləşən tikintilərin qeydiyyatını nəzərdə tutmur.

Sənədə görə, Nazirlər Kabineti kolxozların və sovxozların idarə heyətlərinin qərarları ilə yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün ayrılmış həyətyanı torpaq sahələrinin aqibəti ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etməlidir. Belə ki, kolxozların və sovxozların idarə heyətlərinin qərarları ilə yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün ayrılmış həyətyanı torpaq sahələrinin statusu Nazirlər Kabinetinin təklif etdiyi və ölkə Prezidentinin təsdiq edəcəyi yeni qaydalar əsasında aparılacaq".

İqtisadçı bildirir ki, sənəddə əhəmiyyətli məqamlardan biri də əmlakın real ölçüləri ilə bağlıdır: "Əmlak Məsələləri Dövlət Komitəsi, birtipli layihələr əsasında inşa olunmuş dövlət və ya ictimai mənzil fonduna aid çoxmənzilli binalarda yaşayış sahələri üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı məqsədi ilə texniki inventarlaşdırma işləri aparılan zaman mənzilin və ya otağın sahəsinin faktiki göstəriciləri ilə qeydiyyat sənədlərindəki, eləcə də order və kirayə müqavilələrindəki göstəricilərin fərqli olduğu aşkarlandıqda, daşınmaz əmlakın dövlət reyestrində hüquqların qeydiyyatının sahənin faktiki göstəriciləri əsasında aparılmasını təmin etsin. Bu zaman əlavə tikililər nəzərə alınmayacaq. Bu o deməkdir ki, əgər sənəddə otağın sahəsi 20 kv metr, amma reallıqda 25 kv metrdirsə o zaman reystirdə real ölçülər qeydiyyatdan keçəcək".

İqtisadçı alimin fikrincə, əgər sizin eviniz 2004-cü ilin iyunun sonunadək inşa edilibsə və hələ də sənədi yoxdursa o zaman sizdə olan və fərmanda qeyd edilən sənədlər ilə onu rəsmilləşdirə və dövlət qeydiyyatına daxil etdirə biləcəksiniz.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR