• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Məcid ağa düşməni Bağırovu ölümdən necə xilas etdi?

Məcid ağa düşməni Bağırovu ölümdən necə xilas etdi?

Əvvəlki yazıları da oxu:

Yazı 1 - Mircəfər Bağırov düşməni Məcid ağanın oğlunu necə qarşılayıb?

Yazı 2 - Mircəfər Bağırovun himayəsi altında böyüyən “Tİbbbandit” balaları

Yazı 3 - Keşiş Vahan arvadını niyə bir gecəlik Məmməd ağaya göndərdi?

İl 1918-ə daxil olandan Çar İmperiyasının faktiki dağılması müstəmləkələrdə münaqişə ocaqlarına səbəb olur.

İmperiyaya aid olan bütün koloniyalarda, o cümlədən də, Zaqafqaziyada vəziyyət gərginləşir. 1918-ci ilin martından etibarən Azərbaycanda erməni-müsəlman savaşı başlanır...

Və bu müharibə iki şəxsiyyəti - Çar naçalnik-uezdi Məcid ağa Şəkibəyovu və rus dili müəllimi Mircəfər Bağırovu qarşılaşdırır...

Azərbaycanın şimalı kimi elə Qərb zonaları da – Göyçə, Qarabağ, Zəngəzur, Naxçıvan əhalisi də erməni qırğın və talanlarına məruz qalır.

Qubada Əli bəyin hakim olduğu kimi Mədəndə (Gədəbəy) də, xüsusən də, Göyçə ərazisində və rus kəndi Novo-İvanovkada Məcid ağanın idarəçiliyi və nüfuzu qaniçən ermənilərin qarşısında alınmaz qalaya çevrilir.

Artıq 1918-ci ilin ortalarına yaxın erməni vəhşiliyinin coğrafiyası İrəvan Quberniyasına tərəf meyllənir və növbəti hədəf Göyçə torpaqları olur.

Andronikin köməkçisi general Dro xaincəsinə silahsız, mülki əhaliyə hücum edir.

Göyçənin fəryadı dağların bu biri üzünə – Gədəbəyə keçir. Minlərlə insanın qəfil başlayan köçü yerli yaqublu ağalarını mübarizəyə qoşulmağa vadar edir.

Həm inzibati vəzifəsindən (Məcid ağa artıq Musavat hökümətinin ərazi üzrə nümayəndəsi idi), həm də nüfuzundan istifdə edən Məcid ağa yaxınları Mustafa ağa və Şəmil ağayla birlikdə kiçik bir dəstə formalaşdırıb ermənilərə qarşı – Göyçəyə hücum edirlər.

Həmin dövrdə, Qubada işləyən Bağırov ermənilərə qarşı vuruşan dəstə rəhbərləri ilə də geniş rabitəyə malik olub.

Məcid ağanın ermənilərə qarşı uğurlu döyüşlərinin sədası bütün Azərbaycana yayılır və öz qiymətini Milli Şuranın yığıncaqlarında alır.

Təbii ki, bu halda Müsavata qarşı rəğbəti ilə seçilən Bağırov Məcid ağanın kimliyindən dostu Əlibəy Zizikski vasitəsilə tanış ola bilir. (Bu tanışlığın hansı formada baş tutduğunu dəqiqləşdirə bilməmişik).

İlin sonunda artıq Bağırov Azərbaycandan kənarda – Həştərxanda Nərimanovla çalışmağa davam edir.

1920-ci ilin 27 aprelində AXC süqut edir və demək olar ki, Çar və Müsavat vaxtı vəzifə tutan bütün şəxlər işlərindən azad edilir. Təbii ki, bu sırada İvanovkanın naçalniki Məcid ağa da vardı.

Məcid ağa vəzifəsini təhvil verdikdən sonra şəxsi mülkü – Şah talasına çəkilir və zamanın gedişatını izləməyə başlayır.

Bəs bu vaxt Bağırov nə edirdi?

Bağırov 1921-ci ildə Azərbaycan Fövqəladə Komissiyasının sədri təyin edilir və 1926-cı ilə kimi – Kirovun dövründə burda fəaliyyət göstərir.

Həmin vaxt Azərbaycanın müxtəlif bölgələrində sovet hakimiyyətinə qarşı üsyanlar başlayır. Həmin üsyanları yatırmaq üçün şəxsən Mircəfər Bağırov üsyançılarla döyüşə gedir. Ancaq o, silahlı mübarizəyə deyil, dialoqa üstünlük verir. Üsyana başçılıq edən bəylərlə, kəndin böyükləriylə təkbətək, silahsız görüşüb, onları yola gətirir. Sonra həmin şəxsləri Kommunist Partiyasına keçirib, partiya üzvü edir.

Bağırovun bu fəaliyyəti zamanı unutmadığı və adını yaddaşının dərinliklərində saxladığı Məcid ağanı mütləq ziyarət etməyi qərara alır.

Bağırov yaxşı bilirdi ki, beş ildən çoxdur ki, qurulmuş sovet – fəhlə-kəndli hökumətinin fərmanı hələ, Gədəbəy-Şah Talasına çatmır. O, onu da bilirdi ki, bunun səbəbi hökuməti qəbul etməyən Məcid ağa və digər yaqublu ağalarıdır...

Bütün ordunu Bakıda qoyan Bağırov Məcid ağanın ayağına getməyə qərar verir...

Tanrıya da borclu olmağı sevməyən Bağırov Məcid ağaya necə borclu qaldı?

1926-ci ilə qədər FK rəhbəri olan Bağırov fəaliyyətinə humanist addımlarla başlayır. Tarixi faktlardan da aydın olur ki, Bağırov FK rəhbəri işlədiyi zaman bütün qəddar metodlardan imtina edir. Bundan sonra, gələcək I Katib bütün düşmənlərini eyni metodla təslim etməyi qərara alır. Bağırov tək, silahsız,əliyalın dağlarda qərar tutmuş antisovet düşmənlərinin ayağına gedir və bu vasitə ilə də kifayət qədər düşməni zərərsizləşdirir, əfv etdirir, kolxozlara yazdırır.

Ölkə üzrə demək olar ki, 1926-cı ilə qədər qolçomaqların 90 faizini zərərsizləşdirirlər. Növbə daha ucqar rayonlarda qərar tutan QULAQlara da çatır.

Bağırov, məhz belə bir zamanda üzü Gədəbəyə – Böyük Qaramurad kəndində olan dostu Seyid Qibləli ağanın yanına yollanır. Hədəf şübhəsiz ki, bu yerlərin ən güclü və zəhmli ağası, köhnə tanış Məcid ağanı təslim edərək üzə çıxarmaq olur.

Seyid Qibləli ağa haqda o məlumdur ki, hələ Çar zamanı varlı-hallı adamlardan olub. Əsli Cənubi Azərbaycan seyidlərindən olan Seyid Qibləli ağanın qapısı illər sonra ziyarət ocağına çevrilməyə başlayır. Uzun illər sonra Seyidə verilən sədəqələr sonda Qibləlini ağa həddinə gətirib çatdırır. Bundan sonra, Seyid Qibləli ağa inanılmış, cəddinə etiqad qazanmış adama çevrilir. Bağırovun da məhz bu cür sadə camaata yaxın, nüfuzlu adamlarla dostluq etməsi onun daha çox işinə yarayırdı.

(Yeri gəlmişkən, maraqlı bir faktı da qeyd edim ki, Mircəfər Bağırov da seyid nəslindəndir. Amma, məlum deyil ki, bu oxşarlıq onların tanışlığında hansısa rol oynayıbmı?)

Bağırovla dostluğu hesabına özü üçün təhlükəsiz mühit yaratmağa nail olan Qibləli ağanın, eyni zamanda, Məcid ağa və ətraf ağalarla yaxşı münasibəti var imiş. Bağırovun Məcid ağaya əlinin çatması üçün məhz Qibləli ağanı seçməsinin səbəblərindən biri də bu idi.

Seyid Qibləli ağa ilə görüşən Bağırov gecədən xeyli keçənə qədər Məcid ağayla görüşün formalarını müzakirə edirlər.

Həmin günün səhəri isə Bağırov üçün gözlənilməz sürprizlə başlayır.

Seyid Qibləli ağanın evinin ətrafı sarılıb, dayandoldurumlu yerli bəylər Bağırovun yuxudan ayılmasını gözləyirlər. Deyilənə görə, Allah sevgisini, Seyidin cəddini tapdalaya bilməyən dəstə Bağırovun evdən çıxmasını gözləyir. Məşədi Mehralının rəhbərlik etdiyi ağaların ilk işi elə buradaca Bağırovu öldürmək idi.

Təbii ki, dini inancları güclü olan yerli bəylər Seyid Qibləli ağanı da məcbur edə bilmirlər ki, o, qonağı təslim etsin, bir də ki yerli adlı-sanlı adamlarda olduğu kimi, Seyid də qonağını verəcək qədər aciz deyildi.

Qibləli ağa axşam gələn qonağını sabah təslim edəcək qədər qorxaq olmadığını isbat etmək məcburiyyətində qalır. Çıxış yolunu tapmaq lazım idi. Qonağını təslim etməz, qapıda gözləyən bəyləri də əliboş göndərə bilməzdi. Bağırov əvvəl-axır evi tərk etməli idi. Bəs onda nə olacaqdır?

Seyid bu biri otaqda bütün qohum-əqrəbanı toplayır, məsləhətlər alır, çıxış yolu isə görünmür.

Ta ki, gün axşama varana qədər... Bağırov işdən hali idi. Ev sahibinin çarəsizliyini görüb qəti qərar qəbul edir: "Məcid ağayla görüşməliyəm...”

Sanki, Seyidə gecənin bir aləmində günəş doğmuş kimi gəldi.

Məcid ağa Bağırovu ölümdən belə xilas etdi.

Hər kəsin hörmət etdiyi, bütün yerli bəylərin çəkindiyi yeganə insan.

O gecə, Seyidin evindən çıxan atlı üzü Şahtalası istiqamətində çapır.

Elə gecə ikən, Məcid ağa Bağırovun başına gələnlərdən agah olur.

Qara atın kişnərtisi Seyid Qibləli ağanın evinin kənarında eşidiləndə hər kəs sevinir.

Mühasirədə olanlar qurtulduqları üçün, Mühasirə edənlər Məcid ağanın – böyüklərinin gəldikləri üçün.

Seyid Qibləli ağanın evində bu iki tarixi şəxsiyyətin görüşü olur.

Təbii ki, Tiflis Gimnaziyasının tələbəsi olmuş, yeddi dildə sərbəst danışan, güclü savada, nitqə malik olan Məcid ağanı gününü dağda-daşda, ovda keçirən başqa bəylər kimi sözlə təslim etmək mümkün olmur.

Bu görüşün sonu Mircəfər Bağırov üçün nəticəsiz bitir. Məcid ağa Sovet hökumətini qəbul etmir və silahlı mübarizə aparacağı ilə bağlı son sözünü bildirir.

Seyid Qibləli ağanın evinin qapısı açılır.

Əlində onatılan tutmuş Məcid ağa qapıda görünür.

- Mircəfər bizim qonağımızdır. Qonaq isə Allahın pənahında olandır. Bizim adımıza-sanımıza, kişiliyimizə yaraşmaz ki, qonağı tutub öldürək, ər adam, başqa vaxtda, döyüş meydanında sözünü deyə bilər. Heç kim Mircəfərə xətər yetirə bilməz.

Bu məşhur görüşün sonu tək bir nəfər üçün arzuolunmaz idi. Bu şəxs isə sözünü daşdan da keçirməyə adət etmiş Mircəfər Bağırov idi.

Tanrıya da borclu qalmağı sevməyən Bağırovun bir ömür borcu vardı.

O da Məcid ağaya...

Əziz Əlibəyli

(Ardı var)

(1937.az)

Xəbər lenti

DAHA ÇOX XƏBƏR