• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

“İstiqlal” abidəmizə sayğısızlıq, AMEA-da sovet dövrü, Müsavat “qatilləri” - FOTOLAR

“İstiqlal” abidəmizə sayğısızlıq, AMEA-da sovet dövrü, Müsavat “qatilləri” - FOTOLAR

70 ildən artıq davam edən sovet işğalı ölkəmizə misli görünməmiş müsibətlər, işğal, talan, mənəviyyatsızlıq gətirdi, ərazilərimizin qonşu ölkələrə pay verilməsi ilə nəticələndi. Lakin ötən əsrin 80-ci illərinin sonlarında milli azadlıq hərəkatına qalxan xalqımız yenidən öz müstəqilliyini bərpa etdi. Bolşevik Rusiyasının, eləcə də bəzi yerli kommunistlərin Azərbaycan xalqına və dövlətinə qarşı xəyanətləri aşkar edildi. Məlum oldu ki, vaxtilə milli qəhrəmanlar kimi təqdim edilən, adlarına küçələr, prospektlər, meydanlar salınan bir sıra solçular müstəqil dövlətçiliyimizin qatı düşməni, Rusiya bolşeviklərinin əlaltıları olublar. Bu səbəbdən də onların heykəlləri bütün şəhər və rayonlardan, meydanlardan yığışdırıldı. Amma təəssüf ki, vaxtilə Azərbaycan Xalq Cümhuriyyətinə, müstəqil dövlətimizə qarşı çıxmış bəzi bolşeviklərin, Azərbaycan Kommunist Partiyasının üzvlərinin xatirə lövhələri, barelyefləri, eləcə də digər sovet rəmzləri ölkəmizdə hələ də qalmaqdadır. Özü də paytaxtımızın mərkəzi hissələrində.

Rəyasət Heyətinin binasında SSRİ “vaxtıdır”

Başlayaq elə üzərində üçrəngli bayrağımızın dalğalandığı Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin binasından. Binanın giriş hissəsində dövlətçiliyimizin və müstəqilliyimizin rəmzi olan üçrəngli bayraq asılıb. Bayraqdan bir neçə metr yuxarıda isə “Azərbaycan SSR Elmlər Akademiyası” adı gözə dəyir. Biz hələ binanın divarlarındakı beşguşəli sovet ulduzunu demirik. Belə ki, Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin binasının ön və yan hissələrində sovet dövrünün rəmzi olan beşguşəli ulduzlar qalmaqdadır. Düzdür, akademiyanın Rəyasət Heyətinin binasındakı sovet rəmzlərinə “onları qoparmaq mümkün deyil, divarları ağartmaqla isə ona zədə vurula bilər” bəhanələri ilə müəyyən mənada haqq qazandırmaq olar. Amma söhbət ondan gedir ki, sovet rəmzlərinə digər yerlərdə də rast gəlinir.

AMEA prezidenti Akif Əlizadə bu gün keçirdiyi mətbuat konfransında bildirib ki, Rəyasət Heyətinin binası üzərindən SSRİ dövrünə aid yazıların sökülüb çıxarılması üçün Mədəniyyət və Turizm Nazirliyinə və Bakı Şəhər İcra Hakimiyyətinə müraciət olunub.

“AMEA-nın Rəyasət Heyətinin binası üzərində qeyd olunan “SSRİ” və həmin dövrlə bağlı yazılar bizi də narahat edir. Artıq bu barədə konkret qərar qəbul etmişik. Dünən məsələ ilə bağlı Mədəniyyət və Turizm Nazirliyinə və Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etmişik. Bu barədə qərar qəbul etmək bizim səlahiyyətimizdə deyil. İnanırıq ki, lazımi qərar qəbul ediləcək” deyib.

Həm bolşevikin, həm də sahibkarın adını daşıyan küçə

Məsələ burasındadır ki, bolşeviklərin xatirə lövhələri, barelyefləri – sovet rəmzləri paytaxtın İstiqlal abidəsinin bir addımlığında qalmaqdadır. Özü də İstiqlaliyyət və Murtuza Muxtarov küçələrində. Düşünürük ki, bu diqqətsizlik İstiqlaliyyət abidəmizə sayğısızlıqdan başqa bir şey deyil. Vaxtilə Azərbaycanın sovet Rusiyası tərəfindən işğal edilməsi uğrunda mübarizə aparmış Vladimir Poluxinin adını daşımış, indi isə bolşeviklər tərəfindən qətlə yetirilmiş iri neft sahibkarı, mesenat Murtuza Muxtarovun adını daşıyan küçədə Poluxinin xatirə lövhəsi hələ də qalmaqdadır: “Bu küçə Azərbaycanda sovet hakimiyyətinin qurulmasında fəal mübariz, 1918-ci il sentyabrın 20-də 26 Bakı komissarı sıralarında həlak olmuş hərbi dənizçi Vladimir Poluxinin adını daşıyır”.

Qəribədir, 1920-ci ildə bolşeviklər tərəfindən qətlə yetirilmiş xeyriyyəçimiz Murtuza Muxtarovun adını daşıyan küçədə Azərbaycanda sovet hakimiyyətinin qurulması uğrunda fəal mübarizin xatirə lövhəsi hələ də qalmaqdadır. Obrazlı desək, küçənin bir hissəsi Murtuza Muxtarovun adını daşıyır, digər hissəsi isə Poluxinin. Bolşeviklərin qətlə yetirdikləri sahibkarın adını daşıyan küçədə bolşevikin xatirə lövhəsi asılıb. Məgər təkcə Murtuza Muxtarovun ruhuna yox, həm də İstiqlal abidəsinə sayğısızlıq olan xatirə lövhəsinin buradan götürülməsi çoxmu ağır işdir?

Sovet işğalının reallaşması üçün var qüvvələrini səfərbər edən bolşeviklərin xatirə lövhələrinin siyahısı bununla yekunlaşmır. “Görkəmli partiya, dövlət xadimi Sultanməcid Əfəndiyev 1921-ci ildən 1937-ci ilə qədər bu binada yaşayıb”, “Görkəmli partiya, dövlət xadimi Mirzə Davud Hüseynov burada yaşayıb”, “Tanınmış partiya, dövlət xadimi Dadaş Bünyadzadə bu binada yaşayıb” sözlərinin yazıldığı xatirə lövhələri buna misal ola bilər. Yazımızın mövzusu ilə bağlı müşahidələr apaparkən Azərbaycana qırmızı süngünü idxal edənlərdən biri, inqilabçı bolşevik Bünyad Sərdarovun da xatirə lövhəsi diqqətimizdən yayınmadı. Yazıçı Tağı Şahbazi də özünün xatirə lövhəsində inqilabçı kimi təqdim olunur...

Ötən əsrin 20-ci illərində işğalçı rus ordusunu ölkəmizə gətirən, müstəqil dövlətimizin süquta yetməsinin səbəbkarlarından biri, ruslaşmış antimillətçi, bolşevizmin qatı tərəfdarlarından olan Əliheydər Qarayevin İstiqlal abidəmizin yaxınlığındakı xatirə lövhəsinin hələ də burada qalmasına nə ad vermək olar? Azərbaycan Xalq Cümhuriyyətinin parlamentinin sonuncu iclasında deputatlarımızı güllələdəcəyi ilə hədələyən, Xalq Cümhuriyyətinin süqutundan sonra Məhəmməd Əmin Rəsulzadənin qətlinə nail olmaq istəyən, istiqlaliyyətimizin əleyhdarı Əliheydər Qarayevin İstiqlaliyyət küçəsində xatirə lövhəsinin qalmasını necə başa düşək?

Yeri gəlmişkən, xoşagəlməz mənzərə İstiqlaliyyət küçəsində, məşhur abidənin yaxınlığındakı sovet rəmzləri, barelyeflər, xatirə lövhələri ilə yekunlaşmır. Söhbət ondan gedir ki, bu ərazidəki xatirə lövhələri hələ də kiril əlifbası ilə qalır, üstəlik, onlar artıq köhnəldiklərindən rənglərini də dəyişib. Görkəmli aktyor və rejissor İsmayıl Hidayətzadənin, xalq şairi Məmməd Rahimin, xalq artisti Mərziyə Davudovanın, habelə dünya şöhrətli bəstəkarımız, opera sənətinin banisi, publisist Üzeyir Hacıbəyovun bir zamanlar yaşadığı binadakı barelyefi köhnəldiyindən çox pis durumdadır. Barelyefin həm rəngini dəyişməsi, həm də kiril əlifbası ilə olması səbəbindən onun dəyişilməsini zəruridir. Düşünürük ki, müvafiq qurumlar bununla bağlı zəruri addımlar atsalar, pis olmazdı.

Sovet işğalını “boşqabda təhvil alanlar”dan birinin heykəli göz qabağında

Paytaxtın bir çox sakinləri bir-birlərinə ünvan göstərəndə “Ayna Sultanovanın heykəlinin yanında” sözlərindən tez-tez istifadə edrlər. Bəs Ayna Sultanova kim olub? Özü haqqında məlumatlarda da siyasi fəaliyyətinin böyük bir qisminin ölkəmizdə sovet hakimiyyəti qurmaqdan ibarət olan nazir qadının SSRİ diktatoru ilə görüşüb şikayətlərini bildirmək üçün Rusiyaya getdiyi, vağzalda həbs olunduğu bildirilir. Xüsusi mühafizə dəstəsinin müşayiəti ilə Bakıya gətirilmiş və 1938-ci ildə güllələnmiş Ayna Sultanova həyat yoldaşı Həmid Sultanovla (Rusiyanın Azərbaycanı işğal etməsi haqda bəyanatın müəllifi, məşhur “biz sovet hakimiyyətini hazır formada aldıq, onu bizə boşqabda gətirdilər” sözlərinin müəllifi) birlikdə mart qırğınından az sonra erməni Stepan Şaumyanın rəhbərliyi ilə yaradılmış kommuna ilə əməkdaşlıq qurub. Bakı Kommunasının süqutundan sonra müstəqil dövlətimizə qarşı fəaliyyət göstərmiş və bolşeviklərə dəstək vermiş Ayna Sultanovanın heykəli hələ də qalmaqdadır. Bir vaxtlar müstəqil Azərbaycan Xalq Cümhuriyyətinin əleyhinə çalışmış bu qadının artıq müstəqil ölkəmizdə heykəlinin qalıb-qalmamasının nə dərəcədə məntiqli olması sualının cavabını isə oxucularımızın ixtiyarına buraxırıq.

Müsavat “qatillərinin” əli ilə öldürülmüş…

Fəxri Xiyaban – Azərbaycan dövlətçiliyinin gücləndirilməsi, siyasi, sosial, iqtisadi, hərbi və digər sahələr üzrə mühüm tarixi xidmətləri olmuş tarixi şəxsiyyətlərimizin uyuduğu məkan. Təəssüf ki, demək olar, hər gün ictimaiyyət nümayəndələri, ölkəmizə səfərə gələn rəsmi şəxslər, habelə qeyri-rəsmi əcnəbi qonaqlar tərəfindən ziyarət olunan bu məkanda da ürək açmayan mənzərə ilə üzləşməli oluruq. Nə yaxşı ki, “Müsavat cəlladları tərəfindən vəhşicəsinə öldürülmüş”, yaxud “Müsavat qatillərinin əli ilə öldürülmüş”, “Azərbaycanda sovet hakimiyyətinin qurulması (əslində isə Azərbaycanın işğal olunması – müəl.) uğrunda fəal mübariz”, habelə “Stalin mükafatı laureatı”, “Əksinqilabçıların əli ilə öldürülmüş” sözləri yazılmış məzarlar xiyabanın gözdən uzaq yerində, diqqəti cəlb etməyən ərazidədir. Keçmiş bolşeviklərdən olan Azərbaycanda sovet hakimiyyətinin “qurulması” uğrunda fəallardan olmuş Yusif Qasımovun, “əksinqilabçıların əli ilə vəhşicəsinə öldürülmüş” Qasım İsmayılovun, “Müsavat cəlladları tərəfindən “vəhşicəsinə öldürülmüş alovlu bolşevik” Əli Bayramovun, “Müsavat qatillərinin əli ilə öldürülmüş” Mirfəttah Musəvinin, 1915 ildən Sov.İKP-nin üzvü olan Həşim Əliyevin məzarlarının Fəxri Xiyabanın ərazisindən çıxarılması məsələsi gündəmə gətirilməlidir. Bu mümkün olmasa da, düşünürük ki, heç olmasa, başdaşlarının üzərindəki yazılarda müəyyən düzəlişlər etmək olar.

Anar Tağıyev

Xəbər lenti

DAHA ÇOX XƏBƏR