• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

20 Yanvar əlillərinə və şəhidlərinin ailələrinə birdəfəlik maddi yardım ayrılıb

20 Yanvar əlillərinə və şəhidlərinin ailələrinə birdəfəlik maddi yardım ayrılıb

Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) 20 Yanvar şəhidlərinin anım tədbiri keçirilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Publika.az-a verilən məlumata görə, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bildirib ki, 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymət verilməsi, faciədə şəhid olanların ailə üzvlərinin və faciədə əlil olanların sosial müdafiəsi işlərinə ulu öndərimiz Heydər Əliyev tərəfindən başlanıb, Prezident cənab İlham Əliyev həmin insanlara daim yüksək diqqət və qayğı göstərib:

“Azərbaycan Prezidentinin 2006-cı il 19 yanvar tarixli fərmanı ilə 20 Yanvar şəhidi fəxri adı almış insanların ailə üzvlərinə ayda 300 manat, 19 yanvar 2011-ci il tarixli fərmanla isə 20 Yanvar əlillərinə - I qrup əlillərə 150 manat, II qrup əlillərə 130 manat, III qrup əlillərə 100 manat olmaqla aylıq Prezident təqaüdü verilir. Bununla yanaşı, əmək pensiyası təyin edilmiş şəhid ailəsi üzvünün hər birinə yaşa görə əmək pensiyasının baza hissəsinin 85 faizi məbləğində, yəni 85 manat əlavə hesablanır. 20 Yanvar şəhidlərinin əmək pensiyası almaq hüququ olmayan ailə üzvlərinə kommunal, nəqliyyat və digər xidmətlərə görə, habelə 20 Yanvar əlillərinin 16 yaşınadək (ümumtəhsil müəssisələrində əyani təhsil alanlar 18 yaşınadək) uşaqlarının hər birinə aylıq sosial müavinətlər ödənilir”.

Nazir qeyd edib ki, dövlət başçısının 18 mart 2014-cü il tarixli sərəncamına əsasən isə digər müvafiq kateqoriyalardan olanlar kimi, 20 Yanvar əlilləri və şəhidlərinin də respublikanın ali və orta ixtisas təhsil müəssisələrində ödənişli təhsil alan uşaqları təhsil haqqından azad ediliblər: “Bu təbəqədən olan insanların dövlət büdcəsi hesabına mənzil və minik avtomobilləri ilə təminatı da diqqətdə saxlanılır. ƏƏSMN tərəfindən indiyədək 53 nəfər 20 Yanvar əlili və 20 Yanvar şəhidinin ailəsi mənzillə, 78 nəfər 20 Yanvar əlili minik avtomobili ilə təmin edilib. Nazirlik tərəfindən əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyası məqsədilə keçirilən tədbirlərdə 20 Yanvar əlilləri də mütəmadi olaraq əhatə olunur. Onların bərpa-müalicəsi, sosial-məişət problemlərinin həlli, asudə vaxtlarının təşkili və s. istiqamətlərdə də müvafiq işlər aparılır”.

S.Müslümov nazirlik tərəfindən 20 Yanvar faciəsinin 25-ci ildönümü ilə əlaqədar 112 şəhid ailəsinin və 316 nəfər 20 Yanvar əlilinin hər birinə 50 manat məbləğində birdəfəlik maddi yardım göstərilməsi üçün vəsait ayrıldığını da diqqətə çatdırıb.

Tədbir 1990-cı ilin 20 Yanvar faciəsinə, bu faciə zamanı zamanı şəhid olmuş həmvətənlərimizin xatirəsinə həsr olunmuş bədii kompozisiya ilə davam edib.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR