• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

“Şparqalka”lı tələbələr, rektorun nəzarət etdiyi İMTAHAN PROSESİ - FOTOREPORTAJ

“Şparqalka”lı tələbələr, rektorun nəzarət etdiyi İMTAHAN PROSESİ - FOTOREPORTAJ

“Mən sualların hamısını öyrənə bilməmişəm”, “Bu fənnin sualları çətin idi”, “Hamısını oxumuşam, mütləq “A” alacam”, “50 sualın cavabının konspektləri hazırdır, imkan olsa, rahat köçürəcəm”.

Son günlər tələbələrin əsas söhbət mövzusu imtahanlardır desək, yanılmarıq. İldən-ilə ali məktəb rəhbərləri imtahan prosesini şəffaflaşdırmaq üçün yeniliklər tətbiq edir.

Bu yenilikləri tətbiq edən ali məktəblərdən biri Azərbaycan Memarlıq və İnşaat Universitetidir. Bu ali məktəbə baş çəkib imtahan prosesini izlədik. Universitetdə qış imtahan ssesiyasının son günləridir. Səhər saat 10:00-dan 18:00-a kimi ali məktəbdə imtahan keçirilir. Biz universitetdə olanda da imtahan gedirdi. Ali məktəbin girişində bizi qarşılayan mühafizəçi xanım kiçik sorğu-sualdan sonra binanın girişinə qədər bələdçilik edir. Daha sonra mühafizəçilər qızlar üçün müəyyən edilmiş liftlə Tələbə Həmkarlar Təşkilatının sədri İsrafil Məmmədovun otağına getməkdə bizə köməklik edir. İsrafil müəllim ali məktəbdə imtahan prosesini sərbəst şəkildə izləmək, tələbələr və müəllimlərlə söhbətləşmək üçün lazımi şərait yaradır. Universitetin Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Bayram Aslanov və Tədris şöbəsinin müdiri Sabir Məmmədov bizə imtahan prosesini izləməkdə köməklik göstərirlər.

Rektor nəzarət edir

Məlum olduğu kimi, bu il imtahan sessiya müddəti Birinci Avropa Oyunlarına görə qısaldılıb. Ona görə də şənbə və bazar günləri də ali məktəblərdə imtahanlar keçirilir. İmtahanlararası vaxtın az olmasının tələbələrin imtahana hazırlıq prosesinə təsiri qaçılmazdır. Bəs tələbələr imtahana necə hazırlaşıb?

İmtahanlar universitetin 1 saylı tədris korpusundakı 5 böyük imtahan zalında keçirilir. Həmin zalların ikisində elektron variantda, üçündə isə monitorinq üsulla imtahan keçirilir. Elektron variantla imtahan keçirilən zalda gün ərzində təqribən 1200-1500 tələbədən imtahan götürülür.

Ali məktəbdə imtahanlar yazılı və test üsulu ilə keçirilir. 54, 64, 130 nəfər tələbənin eyni anda imtahan verməsi üçün üç zal müəyyən edilib. Onların hamısında xüsusi kameralar quraşdırılıb. Bir saat yarım ərzində 250 tələbə imtahan verir. Gündə 4 dəfə müxtəlif saatlarda imtahan keçirilir. Rektor birbaşa imtahanı izləyir. Nəzarətçi müəllimlərin gözündən qaçan köçürmələri bəzən rektor aşkarlayır.

“Şparqalka”lı tələbələrin aqibəti

Auditoriyaya daxil olmamış imtahandan yenicə çıxmış nəqliyyat fakültəsinin 3-cü kurs tələbəsi Səbinə Mahmudova ilə qarşılaşırıq. İmtahanın yaxşı keçdiyini deyən Səbinə nəticəsinin də yaxşı olacağını deyir.

“İmtahanın test və ya yazılı formada keçirilməsi oxuyan tələbə üçün fərq etmir. Test imtahanı yarım saat, yazılı imtahan daha uzun müddətli olur. Düzdür, hər ikisi üçün hazırlaşırıq, amma test üsulu ilə imtahan daha rahatdır”.

İlk daxil olduğumuz auditoriyada diqqətimizi çəkən stolların üzərində toplanmış kiçik kağız parçaları olur. Bu, tələbələrin imtahana əliboş gəlmədiyini göstərir. Nəzarətçi müəllimlərin stolunun üstündə xeyli “şparqalka” toplanmışdı.

Nəzarətçi müəllimə Xanım Əliyeva deyir ki, hər tələbəyə bir dəfə xəbərdarlıq edilir, ikinci dəfə belə fakt aşkarlananda imtahandan xaric edilir.

“İki ildir nəzarətçi oluram. Bütün imtahanlarda köçürmə aşkarlayırıq. Bəzən istəmirik ki, tələbəyə problem olsun, təkrar dərslərdə otursun. Amma nə edək ki, tələbələrin köçürməsinə icazə verə bilmərik. Bəzən bir cibindən “şparqalka” çıxaranda görüb xəbərdarlıq edirik, bir az sonra o biri cibindən çıxarır” o bildirib.

Sabir müəllim tələbələrin imtahana “şparqalka” ilə gəlməsinin bir ənənə olduğunu deyir:

“Bu, həmişə olub, yəqin ki, bundan sonra da olacaq. Bunun qarşısını almaq çox çətindir. Amma istifadənin qarşısını ala bilirik. Tələbə də bilir ki, ikinci dəfə onda köçürmə aşkarlansa, imtahandan xaric ediləcək”.

İmtahanlarda şəffaflığın təmin edilməsi üçün xüsusi titul vərəqi hazırlanıb və şifrələmə aparılır. Titul vərəqində tələbənin qrupu, fakültəsi, adı, soyadı və şifrə yazılır. Bu vərəqdəki kod, həm də tələbənin imtahan vərəqində qeyd edilir.

Test, yoxsa yazılı?

Baş çəkdiyimiz digər imtahan zalında nəqliyyat fakültəsindən 64 tələbə imtahan verirdi. İmtahanları dekan, müavinlərlə yanaşı, nəzarətçi qrupun əməkdaşları müşahidə edirdi.

Növbəti otaqda su təsərrüfatı, mühəndis kommunikasiya, nəqliyyat fakültəsinin bir qrup tələbəsi imtahan verirdi. Bu otaqda da tələbələrdən xeyli “şparqalka”lar toplanmışdı.

Su təsərrüfatı və mühəndis kommunikasiya sistemi fakültəsinin 4-cü kurs tələbəsi Çinarə Səmədli artıq imtahanı başa vurmuşdu. 5 sualdan 3-nü cavablandıran müsahibim minimum balı toplayacağına ümid edir.

“İmtahana 48 balla girmişəm. Amma sualların hamısını öyrənə bilməmişdim. Öyrəndiyim hissələrdən 3 sual düşmüşdü. O biri sualların da cavabını tam bilmədiyimə görə yazmadım. Test imtahanı yazılıdan daha asandır. Çünki test imtahanında suallara və variantlara baxanda cavabı xatırlayırıq. Yazılıda beyin qarışır, beyni daha çox işlətməyə ehtiyac olur”.

İmtahana qədər 45 bal toplayan Taleh Kərimzadə suallardan 4-nə cavab verib və yaxşı qiymət alacağını düşünür. Digər tələbə yoldaşlarından fərqli olaraq, o, yazılı imtahanların tərəfdarıdır.

“Test imtahanı bizi əzbərçiliyə yönləndirir. Amma yazılıda fikrimizi daha yaxşı ifadə edirik. Yazılı imtahanda ancaq semestr ərzində yaxşı oxuyanlar qiymət ala bilər. Testdə isə verilmiş sualların cavabını əzbərləyib qiymət almaq olur”.

Nisə Hüseynova Ekologiya mühəndisliyi ixtisasında oxuyur. Bu il ali təhsilin sonuncu kursunda oxuyan müsahibim sualların hamısına cavab verib, lakin çox da yüksək nəticə gözləmir:

“Bu il sonuncu kurs olduğumuza görə, diplom işinə hazırlaşırıq, həm də imtahanlararası müddət qısadır. Bu da yaxşı hazırlaşmağımıza mane olub. Amma sualların ən azı 50%-nə hazırlaşmışam ki, ən azı 17 bal toplaya bilim”.

İmtahanda nəzarətçi olan Nicat Göyüşlü universitetdə imtahan prosesinin şəffaf keçirildiyini deyir.Tələbələrin köçürməsinə qarşı dözümsüz olan müsahibim artıq 5 nəfəri imtahandan xaric edib.

Monitorinq imtahanlarının keçirildiyi otaqlarda işimizi başa vururuq. Qonşu otaqda test imtahanları keçirilir. Qeyd edək ki, test imtahanlarında suallarının 75%-i tələbələrə verilir. Qalanları ilə ilk dəfə imtahanda tanış olurlar. Təqdim edilmiş sualların cavabını tələbələr özləri tapır.

Tələbələr arasında bağlanmış saziş

Biz otağa daxil olanda imtahan yenicə başlamışdı. Tələbələrin sualları rahat cavablandırması üçün bir az kənardan müşahidə aparırıq. 10-15 dəqiqə sonra sualları cavablandıran tələbələrlə danışmaq imkanımız olur.

Test imtahanında tələbələr köçürmək üçün əlavə vəsait gətirməsələr də, yanlarında oturanlardan kömək istəyə bilirlər. Bunun qarşısını almaq üçün də nəzarətçilər tələbələri özlərinin münasib bildikləri yerlərdə oturdurlar. Bununla da, əvvəldən tələbələr arasında bağlanmış saziş uğursuz nəticələnir.

İnşaat mühəndisliyi fakültəsinin birinci kurs tələbəsi Toğrul Abdüləzizov tarix fənnindən imtahan verir. O, sualların çətin olmadığını deyir.

“Artıq 11 suala cavab vermişəm. Test sualları əvvəldən verilib, indi də cavablara baxanda yadıma düşür. Göz yaddaşı bizə daha çox kömək edir. Yazılı imtahan daha çox bilik tələb edir, ona görə də test imtahanı daha asandır”.

İnşaat fakültəsinin tələbəsi Zeynəb Qurbanova testlə imtahanın tərəfdarıdır. İmtahan 47 balla daxil olan Elcan Abbaslı 25 suala cavab verib. Orta məktəbdə tarixi yaxşı oxumasa da, təqdim olunmuş bütün sualların cavabını öyrəndiyini deyir.

“İmtahanın testlə olması bizim işimizi asanlaşdırıb. Nə bilirsən, ona da cavab verirsən”.

Bütün reportaj boyu yanımızda olan S.Məmmədov nəzarətçi müəllimlərin seçim qaydasından danışır. O bildirir ki, nəzarətçilərlə tələbələr arasında əlaqə qurulmaması üçün həmin müəllimlər xüsusi seçilir. Bu vaxta qədər 4 tələbə telefondan istifadə etdiyinə görə imtahandan xaric edilib. Telefondan istifadə etdiyinə görə onlara töhmət veriləcək.

Bundan başqa, test imtahanlarında əsasən qadın nəzarətçilər olmur. Bu da tələbələrin texniki imkanlardan köçürmə və digər məqsədlərlə istifadə etməsinə operativ müdaxilə edilməsidir.

“Test imtahanı auditoriyanın səviyyəsinə mənfi təsir edir”

İstər test, istərsə də yazılı imtahanda şəffaflığın maksimum təmin olunduğunu deyən S.Məmmədov yazılı imtahanın tərəfdarıdır:

“Tələbə imtahan prosesinin müəllimə bağlı olduğunu və yazılı keçəcəyini biləndə, həmin fənnə daha diqqətlə qulaq asır. Biləndə ki, imtahandan bir ay əvvəl onlara hazır test veriləcək, onda müəllimə ehtiyac duymur. Bu da auditoriyanın səviyyəsinə mənfi təsir edir. Bundan başqa, texniki universitet olduğuna görə, bəzi fənləri mütləq yazılıya keçirmək lazımdır. Həmin fənlərin imtahanı testlə olanda tələbə fikrini tam ifadə edə bilmir. Buna görə də, yazılı imtahanların sayı ildən-ilə artır. İlk dəfə 2008-ci ildə bütün imtahanlar testlə aparıldı, lakin bunun effektli olmadığını gördük. Artıq imtahanların 60%-i test, 40%-i yazılı imtahandır. Birinci kurslarda ixtisas fənləri yazılı, qalanları testlə olur. Yuxarı kurslarda yazılı imtahanların sayı artır”.

Tələbələr də etiraf edir ki, test imtahanına hazırlaşmaq asan olur. Test imtahanları keçirilən otaqda işimizi başa çatdırıb, yazılı imtahanların yoxlanma otağına baş çəkirik. Burada müəllimlər şifrələnməni aparıb, həmin vərəqələri qonşu otağa aparırlar. Bu otaqda şifrələr xüsusi şkaflarda, tələbələrin imtahan vərəqələri bağlı paketlərdə saxlanılır. Şifrələnmə, onların xüsusi otaqlarda gizli saxlanması imtahan prosesinin şəffaflığına xidmət edir. Əlbəttə, şifrələnmə tələbə-müəllim əlaqəsinin qarşısını birmənalı şəkildə ala bilmir. Tələbələr istəsələr, müəyyən işarələrlə müəllimə istiqamət vermiş ola bilərlər. S.Məmmədov deyir ki, bunun qarşısını almaq ilk növbədə müəllim və tələbələrin özündən asılıdır. Bundan başqa, hər hansı müəllim haqqında söhbətlər eşidiriksə, o, yoxlama prosesindən kənarlaşdırılır.

Tələbələrin şikayəti

Müəllimlər və imtahan prosesi barədə şikayətlər isə universitetin 1 saylı tədris korpusunda şikayət, təklif və məlumatlar üçün mövcud qaydada möhürlənmiş xüsusi qutuda toplanır.

Bu il ərzində də şikayətlər olub. Tələbələr onları narahat edən bütün problemləri yaza bilirlər. “İmtahan müəyyən edilmiş vaxtdan yarım saat gec başladı”, “Okul parası zor, imtahanlar ağır” kimi şikayətlər də olub.

Binada işlərimizi başa vurub, bütün tələbələrə uğurlu imtahan sessiyası diləyi ilə universitetdən ayrılırıq. Tələbələrin müəllimlərinin yanında imtahan barədə şikayətlərini deməkdən çəkinmələri ehtimalını nəzərə alaraq obyektivliyi qorumaq məqsədilə həyətdəki tələbələrlə də söhbət edirik. Yaxınlaşdığımız tələbələrin hamısı imtahan prosesindən razı qaldıqlarını və universitetdə rüşvət olmadığını dedilər.

Narazı qalan tələbə tapmasaq da, bu yazını oxuyub şikayəti olanlar bizə müraciət edə bilər.

Gülxar Şərif

FOTOLAR Elçin Muradındır

Xəbər lenti

DAHA ÇOX XƏBƏR