Həyat yoldaşını və azyaşlı oğlunu öldürən məhkumun ETİRAFLARI
Bizi izləyin

Qırmızı.az

Həyat yoldaşını və azyaşlı oğlunu öldürən məhkumun ETİRAFLARI

Gəncə şəhərində yaşayan 1964-cü il təvəllüdlü Sədri Akif Əhməd oğlu yaşadığı mənzildə həyat yoldaşı, 1971-ci il təvəllüdlü Məmmədova İlhamə Əziz qızını və oğlu, 2008-ci il təvəllüdlü Əli Sədrini öldürüb.

İstintaq yolu ilə müəyyən edilib ki, Akif ilə İlhamə 1999-cu ilin sentyabrında ailə həyatı qurub. Uzun müddət onların övladları olmayıb. Bu səbəbdən, onlar Gəncə və Mingəçevir şəhərlərində müalicə alıblar. Son 4-5 ildə isə cütlüyün arasında tez-tez narazılıqlar olub.

Uşaqlarının olmaması üzündən aralarında qısqanclıq zəminində münaqişələr yaranıb. Müalicədən sonra, nəhayət, 2008-ci ilin aprelində onların Əli adlı oğlu dünyaya gəlib. Körpələrinin dünyaya gəlməsinə baxmayaraq, onlar arasındakı münasibət daha da kəskinləşib. İlhamə getdiyi yerlər barəsində ərinə məlumat vermir, özünü sərbəst aparır, onunla məhrəm əlaqədə olmaqdan boyun qaçırıb. Arvadının soyuq münasibətindən şübhələnən Akif arvadına uşağın ondan olduğuna inanmadığını söyləyib. İlhamə isə bunun doğru olmadığını bildirib. Bir müddət sonra Akif Gəncə şəhər Nizami rayon məhkəməsinə boşanma ilə bağlı iddia ərizəsi ilə müraciət edib. Akif həm də uşağın atasının özünün olub-olmadığı ilə bağlı iddia da qaldırıb. Bundan xəbər tutan İlhamə bərk qəzəblənib. Ərinin boşanmaq istəməsi və oğlunun atası olmadığından şübhələnməsi onu özündən çıxarıb.

Ata azyaşlı oğlunu niyə öldürüb?

Nəhayət, yaşadığı evə gələn Akif arvadından boşanma iddiası ilə bağlı keçirilən məhkəmə prosesinə nə səbəbdən gəlmədiyini soruşub. İlhamə ona "səndən ev almayınca boşanmayacağam" deyib. Bu sözlər Akifi əsəbləşdirib. O, mətbəxdən götürdüyü bıçaqla İlhamənin döş nahiyəsindən bir neçə zərbə endirib. İlhamənin yerdə can verdiyini görən Akif otaqdan çıxıb. Bu zaman qarşıdakı otaqdan oğlu Əlinin ona tərəf gəldiyini görüb. Akif "ay uşaq, sən bicsən, mənim oğlum deyilsən" deyərək Əlini qucağına götürüb, ağzı üstə yerə yıxıb. Yerə yıxandan sonra əli ilə onun ağız və burnundan tutaraq sıxıb. Uşağın nəfəsinin gəlmədiyini görən Akif eyvana keçərək şkafdan kəndir götürüb və qonaq otağındakı çil-çırağa bağlayıb. Kəndiri boğazına keçirib, stulu ayağının altından çəkib. Lakin çil-çıraq Akifin ağırlığına dözməyib. Yerə çırpılan Akif bu dəfə kəndiri eyvandakı qaz borusuna bağlayıb. Bu dəfə də kəndir qırılıb. O özünü öldürə bilməyəcəyini görüb, polisə gedərək təslim olub və törətdiyi cinayəti etiraf edib.

5 maddəli cinayət işi

Publika.az xəbər verir ki, Akif Sədri Cinayət Məcəlləsinin 120.2.3-cü (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürmə, 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümümi təhlükəli üsulla adam öldürmə), 120.2.6-cı (başqa cinayəti gizlətmə və ya onun törədilməsini yüngülləşdirmə məqsədi ilə, habelə zorlama və ya seksual xarakterli başqa zorakı hərəkətlərlə əlaqədar adam öldürmə), 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə), 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) maddələri ilə ittiham edilib və cinayət işi baxılması üçün məhkəməyə göndərilib.

Akif Sədri bildirib ki, Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində yaşayıb, rəsmi olaraq heç bir yerdə işləməyib, şəxsi avtomobili ilə müştəri daşımaqla ailəsini dolandırıb. Onun sözlərinə görə, İlhamə ilə 1999-cu ilin sentyabrın 29-da ailə həyatı qurub: "İlhamə Gəncə Endokrinoloji xəstəxanasında tibb bacısı işləyirdi. Evləndikdən sonra onunla birgə anamın adına olan mənzilə köçdük. Evləndikdən sonra uzun müddət uşağımız olmurdu. Bununla əlaqədar onlar Gəncə və Mingəçevir şəhərlərində müalicə aldıq. Nəhayət, 2008-ci il aprelin 18-də bir oğlumuz oldu".

"Əlini mənə vurma, səndən iyrənirəm"

Təqsirləndirilən şəxsin sözlərinə görə, hələ bundan dörd-beş il öncə də onların arasında tez-tez narazılıq və söz-söhbətlər olurmuş. Ər-arvad arasında münasibətlər Əli dünyaya gəldikdən sonra daha da kəskinləşir. İlhamənin özünü çox sərbəst aparması, getdiyi yerlər barədə ərinə məlumat verməməsi, ərinin bununla bağlı iradlarına kobud cavab verməsi Akifi əsəbləşdirir: "Bu azmış kimi, İlhamə söyüş söyüb dava-dalaş yaradırdı. Uşağımız olandan sonra isə mənimlə cinsi yaxınlıq etmirdi. Bu barədə təkliflərimdən imtina edir və "əlini mənə vurma, səndən iyrənirəm", - deyirdi. Hadisədən təxminən bir il əvvəl mənə məlum oldu ki, arvadım İlhamə Daşkəsən rayonunda müstəntiq işləyən İlqar adlı şəxslə yaxın münasibətdədir. İlqarın nömrəsi İlhamənin mobil telefonunda var idi. Mən İlhamədən gizlin onun mobil telefonuna baxıb, bunu aşkar etdim. Bu barədə İlhaməyə deyərkən, "bunun sənə dəxli yoxdur, mən həmin oğlanla yaşayıram",- deyə cavab verdi".

"Məndən polisə şikayət etdi"

Akif Sədri deyib ki, bundan sonra Akif doqquz ildən sonra doğulan Əlinin onun oğlu olmamasından şübhələnməyə başlayıb: "Bu barədə İlhamədən soruşanda isə həyat yoldaşım uşağı özü dünyaya gətirdiyini və bununla bağlı başqa heç nəyin onu maraqlandırmadığını deyib. İlhamə oğluma keçirdiyi şadlıq mərasimini də mən olmadan edib. Hadisədən bir qədər əvvəl isə İlhamə məni polisə verməklə hədələyib. Günlərin birində isə yaşadığımız ərazinin sahə müvəkkili məni çağıraraq, arvadımın şikayət etdiyini bildirdi. Bundan sonra İlhamə ilə bir yerdə yaşaya bilməyəcəyimi yəqin etdim".

İlhamədən boşanmaq qərarı verən Akifin sözlərinə görə, boşanmaq üçün Gəncə şəhər Nizami rayon məhkəməsinə ərizə verib: "Bundan təxminən bir ay sonra həmin məhkəmədə Əlinin atasının müəyyən edilməsi barədə iddia qaldırdım. Amma həmin ərəfədə İlhamə mənim mənzilimdə yaşayırdı. Hadisədən 15-20 gün əvvəl isə İlhamə yenə də məndən polisə şikayət etmişdi. O, bu dəfə guya mənim onu söyüb təhqir etdiyimi bildirmişdi. Polisdə mənimlə şifahi söhbət apararaq, ailədaxili münasibətləri normallaşdırmağı məsləhət gördülər. Bu söz-söhbətdən sonra İlhamə ilə dava-dalaşdan yayınmaq üçün qonşuluqda olan anamın yaşadığı mənzildə gecələyirdim".

"Özümü asmaq istədim"

Akif Sədri daha sonra ifadəsində həyat yoldaşı ilə məhkəmədə boşanma məsələsindən, həmçinin arvadı ilə arasında olan mübahisədən danışıb, sonra isə arvadını öldürdüyünü deyib. O, özünü də öldürmək istədiyini qeyd edib: "İlhamənin hərəkətləri və özümü öldürmək fikrinə nəyə görə düşməyim barədə bir neçə vərəq yazı yazdım. Orada İlhamənin mənə qarşı etdiyi bütün nalayiq hərəkətləri qeyd etdim və məktubu anamın yaşadığı otağa qoydum. Sonra hər iki mənzilin ümumi açıq eyvanında olan, paltar asmaq üçün çəkilmiş ipi kəsib götürdüm. İpi çilçırağa bağlayıb özümü asmaq istəyirdim. Amma alınmadı".

"Oğlumu öldürdüyümə görə özümü heç vaxt bağışlamayacağam"

Akif Sədri həmçinin qeyd edib ki, həyat yoldaşının ona xəyanət etməsi barədə əlində konkret olaraq fakt olmayıb: "Onun mənə xəyanət etməsi barədə heç kim heç nə deməyib. Sadəcə, tez-tez İlhamənin bədənində göy izlər görürdüm. Bu barədə İlhaməyə dedikdə, o, "bədən mənimdir, nə istəyirəm edirəm" deyə cavab verirdi. Həmçinin, İlhamə son vaxtlar uşağı mənə vermir, bu da məndə Əlinin mənim oğlum olmadığı barədə şübhələr yaradırdı. Mən Əlini gəzdirmək istəyəndə İlhamə "uşaq sənin deyil",- deyirdi. Həmin gün İlhaməni öldürmək niyyətim yox idi. Lakin evdə İlhamə ilə aramızda baş verənlərdən sonra onu öldürmək qərarına gəldim, ona görə də bıçaqla ona bir neçə zərbə vurdum. İlhaməni öldürdükdən sonra arxaya dönüb Əlini gördüm, onu boğub öldürdüm. Əlini öldürdüyümə görə isə özümü bağışlaya bilmirəm".

Məhkəmə bu dəşhətli cinayəti törədən Akif Sədriyə ömürlük cəza kəsib. Akif Sədri hazırda cəzasını Qobustan Həbsxanasında çəkir.

Onu da əlavə edək ki, hadisədən sonra keçirilən ekspertiza nəticəsində 1 yaşlı Əlinin Akifin oğlu olduğu təsdiqlənib.

Hacı Zeynalov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm