Milli Məclisin ağlamalı gülməcələri - MARAQLI
Bizi izləyin

Qırmızı.az

Milli Məclisin ağlamalı gülməcələri - MARAQLI

Sabiq deputat, hazırda AMEA-ın İqtisadiyyat İnstitutunun direktoru, professor Nazim İmanov millət vəkili olduğu dönəmlərdə parlamentdə yaşanan maraqlı və məzəli hadisələri sonradan kitab halında cəm edib. “Milli Məclisin ağlamalı gülməcələri” adlanan kitabça əslində N.İmanovun zaman zaman-etdiyi qeydlərin nəticəsidir. Müəllif onu Milli Məclisdə qazandığı dostlarına həsr edib.

Modern.az saytı həmin kitabçadan daha bir neçə əhvalatı təqdim edir:

YAXŞI Kİ, BAŞQASI YAZMAYIB

Büdcə müzakirəsində deputat Şaitdin Əliyev çıxış edirdi. “Çıxış edirdi” deyəndə ki, yəni qabağına bir neçə yazı vərəq qoyub, höccələyə-höccələyə oxuyurdu. Qurtaran kimi arxaya dönüb Firdovsi Əliyevdən soruşdu:

- Necə idi?

- Əla. Kim yazıbsa, sağ olsun, yaxşı yazıb.

- Necə yəni “kim yazıbsa”? Bude bax, öz xəttimdir, özüm yazmışam.

Dözməyib mən də söhbətə qarışdım:

- Şaitdin müəllim, nə yaxşı ki, özün yazmısan, başqası yazmayıb. Rəhmətliyin oğlu, sən hələ öz yazdığını bu cür oxuyursan, gör başqası yazsa, nə əziyyət çəkərdin...

AMİP-DƏ QALMAQLIĞIM

Deputat Oruc Məmmədov mən tərəfə, geriyə döndü:

- Nazim, sən – eta – bir bəyanat verib bu AMİP-dən nə vaxt çıxacaqsan e, bizim də canımız qurtarsın?! – dedi və “gördüz də, bunu necə məhv elədim!” ifadəsi ilə ətrafdakılara təntənəli surətdə göz gəzdirdi.

- Qaşında nəsə var, onu sil, -dedim. Oruc müəllim sağ qaşını xeyli sürtəndən sonra: “A kişi, bu qaşında deyil, o birisindədir” – dedim və Oruc müəllim bu qaşı ilə də bir xeyli əlləşəndən sonra mənə verdiyi sual yadından çıxdı.

Sən demə, çıxmayıbmış. Növbəti iclasın şirin yerində bir də arxaya döndü:

- Ay Nazim, sən bir bəyanat verib bu – eta – AMİP-dən nə vaxt çıxacaqsan e?!

- Oruc müəllim, -dedim, - bu gün də hazıram. Bəyanatımı da sən yaz. Nə yazsan, olduğu kimi oxuyacam.

Bircə şərtim var.

- Nə şərt?

- Şərt odur ki, bəyanatın mətnində orfoqrafik səhv olmamalıdır.

- Arvatrafik nədi ə?

- Yəni hərfləri, nöqtə-vergülü yerində olmalıdır.

- Genə - eta – hoqqa çıxardırsan də! – dedi və üzünü qabağa çevirdi.

Təxminən bir saatdan sonra Oruc müəllim bayaqdan gücənə-gücənə yazdığı bir vərəq yazını mənə uzatdı. Mən də hər şey düz olsun deyə, onu arxamdakı Şahlar Əsgərova ötürdüm. Oruc müəllim imlasının qiymətini gözləyən şagird kimi gözlərini Şahlar müəllimə zillədi:

- Hə.

- Nə hə?

- Səhv var?

- Hə, var. Birinci cümlədə iki vergül səhvi var.

Bu yerdə Oruc müəllim tarixi bir kəlam işlətdi:

- Adam da iki vergülə görə - eta – partiyada qalar?

Yüngülvari zarafat

Rəhbərlik ölkənin sosial-iqtisadi vəziyyətini Milli Məclisin müzakirəsinə çıxarmaq istəmir. Biz də, indi dəb olan ifadə ilə desək, israrlıyıq. Dördüncü dəfə eyni təklifi verirəm:

- Əziz Murtuz müəllim, yenə də həmişəki kimi deyəcəksiniz ki, məsləhət deyil. Amma məni Sizin məsləhətiniz maraqlandırmır, deputatların fikri maraqlandırır. Təklifimi səsə qoyun. Görək ölkənin iqtisadi vəziyyətini kim müzakirə etmək istəyir, kim-yox.

Murtuz müəllim gündəliklə bağlı təkliflər vermiş deputatlara cavab verməyə başlayanda arxadan məni kimsə çağırır. Dönürəm. İxtilatımızın şirin yerində Etibar Məmmədov böyrümü dümsükləyir:

- Məəllim sənnəndi, təklif vermisən, qulağ as də.

Bu dəm Murtuz müəllim çıxışının bu hissəsini ənənəvi “məsləhət deyil” ifadəsi ilə qurtarır. Düşürəm üstünə:

- Murtuz müəllim, dedim axı, Sizin məsləhətiniz məni maraqlandırmır. Təklifi səsə qoyun də. Deputat deyiləm? Təklif vermişəm. Nizamnaməyə görə səsə qoymalısınız. Spiker özü Nizamnaməni pozanda başqalarından nə tələb edə bilər? Və sair və ilaxır...

Etibar bəy uğunub gedir. Qalan deputatlar mənə təəccüblə baxırlar. Heç nə başa düşmürəm. Gülüşsə getdikcə güclənir.

Demə, Murtuz müəllim hələ mənə yox, Asəf Hacıyevə cavab verirmiş...

Oxumağa davam et
Reklam
Reklam

Gündəm