• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Xanım döyüşçü: “Ermənilər mənimlə məzələnməyə başladı”

Xanım döyüşçü: “Ermənilər mənimlə məzələnməyə başladı”

“Cəbhə xətti” layihəsinin bugünkü qonağı Nərminə Feruz qızı Abbasquliyevadır.

1968-cı il fevralın 23-də Qərbi Azərbaycanın Qafan rayonunda anadan olub. Sonralar ailəsi ilə Bakı şəhərinə yerləşib. Nərminə xanım Xırdalanda boya-başa çatıb. İki sayılı orta məktəbi bitirdikdən sonra tibb texnikomunda təhsil alıb. Şəfqət bacısıdır. Təhsilini başa vurduqdan sonra bir müddət uşaq xəstəxanasında işləyib. Birinci Qarabağ savaşı iştirakçısıdır. Bir övladı var.

- Nərminə xanım, qadınlarımızın savaşa getməsi bütün hallarda maraq doğurur. Sizin tarixçəniz necə oldu?

- 18 yaşımda valideynlərimin sözüylə ailə qurmuşdum. Bu mənim istəmədən qurduğum ailə idi. Doğrusu, cəbhəyə getməyimə səbəb yoldaşımla aramdakı konfliktlər oldu. Məni boğaza yığmışdı. Həm də hamilə idim. Düşünmüşdüm ki, belə birinə xidmət edib ondan söyüşlər, təhqirlər eşitməkdənsə, gedərəm vətənimi qoruyan əsgərlərə xidmət edərəm. Onsuz da ölkədə aləm dəymişdi bir-birinə. Hər gün cəbhədən ağır xəbərlər gəlirdi. Artıq qərar vermişdim ki, yoldaşımdan ayrılım. Bundan xəbər tutan valideynlərim mənə qəzəbləndilər. Bizdə ərindən ayrılan qadına yaxşı baxmırlar axı. Atam deyirdi ki, ərindən ayrılan bir qadının yaşamağa haqqı yoxdur. Mən nə edəcəyimi bilmirdim. Özümü öldürməkdənsə, belə bir adamla həyatımı məhv etməkdənsə, onun təhqirlərinə dözüb, onun paltarlarını yumaqdansa, gedib Qarabağda döyüşüb, nə bilim, əsgərlərimizin paltarlarını yuyaram, yaralarını sarıyaram, dedim. Cəbhədə çoxları qanaxmadan, vaxtında tibbi müdaxilə olmadığından şəhid olurdu. Döyüş meydanı qan içində çimirdi. Düşünürdüm ki, orda şəhid olsam, daha şərəfli olar mənim üçün! Məni bu vəziyyətdən ancaq döyüşmək qurtara bilərdi. Sənədlərimi hazırladım, gizlədim döşəyimin astarında. Bilirdim ki, döyüşə gedirəm, amma hansı bölgəyə gedəcəyimi bilmirdim. 1990-cı il sentyabrın 9-u uşağımı da aldım qucağıma, mindim Ağdam qatarına.

Evə qayıtmaqdansa, qəbrə gedərəm

- Bəs necə tapdınız?

- Orada əsgərlərdən soruşdum ki, könüllülər batalyonu hardadır? “Ağdamda “Xaçınstroy” deyilən yerdə peşə məktəbi var, orda yerləşir bu batalyon. Ağdamda taksilərə oranı desən, aparacaqlar səni. Şirin Mirzəyevin batalyonunu kimdən soruşsan, sənə yol göstərər, çünki ən qeyrətli döyüşçülər ordadır. İnamlı əsgərlər, qayda-qanun ancaq o batalyondadır”, - dedilər. Qatar yola düşdü, inanın, imkanım olsa, düşüb qatarı itələyərdim ki, tez çatım oraya. Nəhayət, Ağdama çatdıq. Avtobus, taksi, qatar görməyən adam, qalmışam ortalıqda. Amma həmin gün sevincdən uçurdum. Bir taksiyə yaxınlaşdım, ünvanı dedim, apardı məni. Batalyonda mənə çay verdilər, maraqlandılar. Fikrimi soruşdular, mən də döyüşmək üçün gəldiyimi dedim. Amma qəbul etmədilər məni. Dedilər ki, uşağın körpədi, qayıt evinə. Dedim, yox, evə qayıtmaqdansa, qəbrə gedərəm. Baxdılar ki, mən fikrimdə qətiyəm. Paltar gətirdilər. Mən paltarlarımı dəyişdikcə başladılar mənə gülməyə. Axşam hər kəs bir tərəfə getdi. Əsgərlərin əksəriyyəti mövqelərə getmişdi, arada elə bir sükut çökdü. Nə isə, məndən soruşdular ki, bəs uşağı nə edəcəksən axı, onunla döyüşə bilməzsən… Dedim ki, uşağımı atmıram, sadəcə, Maştağada uşaq evinə qoyacam, vaxtı-vaxtında gedib baş çəkəcəm. Elə də oldu, səhərisi günü mən uşağı alıb qayıtdım Bakıya. Qoydum uşaq evinə, yenidən döyüş bölgəsinə gəldim.

Daş götürüb atdım erməni səngərinə…

- İlk döyüşünüz necə oldu?

- 1991-ci ilin dekabırında döyüşə hazırlaşırdıq. Yağışlı, soyuq hava idi. Bu döyüş mənim ilk döyüşüm idi. Bir xatirə danışım - elə ilk döyüşüm günü olub: İlk gün avtomatı əlimə aldım, silah dolu qoruycunu açmışam, istəyirəm atım, atmır. Əsgərlər əlinə götürür, silah başlayır atmağa, mən alıram ki, atım, silah “susur”. Nə isə əsəbiləşdim, səngərin içındə bir daş vardı onu götürdüm atdım erməni səngəri tərəfə. Bir də eşitdik ki, erməni əsgəri orda bağırır. Səngərlərimiz yaxın idi. Əsgərlər başladı gülməyə, mənə dedilər ki, silahın onsuz da açılmır, sən elə daşla vur bunları. Bu, ilk günümün xatirəsi idi. Düzü, əvvəl-əvvəl düşmənim belə olsa, kimisə öldürmək istəmirdim. Amma bu da bir xatirədir: Əsgərlərimiz məni apardılar erməni polkovnikinin boşalmış evinə. Mən orda bizim qızların kəsilmiş saçlarını, uşaqlarımızın ayaqqabılarını, onlara verilən işgəncələrin izlərini görəndən sonra vəhşiləşdim, düşmənin qanına susadım. Heç unuda bilmirəm qızlarımıza verilən işgəncələri.

Diləfruz yaralı əsgərimizi sinəsinə basmışdı

1992-ci il idi, gün yadımda deyil. Hücuma hazırlaşırdıq. Agdərədə “Şadlıq evi” deyilən yerdə cərgəylə oturmuşduq. Bir-birimizə son sözlərimizi deyirdik. Hamı bilirdi ki, bu döyüşdən salamat çıxmayanlar olacaq. Deyirdik ki, Allah qoysa, burdan evimizə qayıtsaq, bir-birmizə salam verəcəyikmi? Zarafatla deyirdilər ki, Nərminə, sən heç bizə salam verməyəcəksən. Bu söhbəti etdiyimiz uşaqlardan əsir düşəni də oldu, şəhid olanı da. Amma mən onlara demişdim ki, sizi heç unutmaram və unutmadım da. Sağ qalanlarla bu gün də dostuq, bacı-qardaşıq.

Bildiyimiz kimi, məndən başqa da batalyonda xanımlar vardı. Həm yaralıları daşıyırdılar, həm də döyüşürdülər. Onlardan biri Diləfrüz xanım idi. Döyüşlərimizin birində güclü atışma oldu. Yaralı əsgərimizin birinə yenidən güllə dəyməsin deyə, onu sinəsinə basmışdı. Güllələr Diləfruza dəymişdi. Yaralımız şəhid olmadı. O bunu dəfələrlə ölümü gözünün önünə alıb etmişdi. Özü isə döyüşlərdə üç dəfə yaralanmışdı.

Sevil Abbasova adlı bir döyüşçümüz də vardı. Balaca boyu ilə kişilərin ürək edib ata bilmədiyi qumbaraatanı əlinə alan kimi hədəfi vururdu. Allah ona elə böyük ürək vermişdi ki! Elə oğlanlarımız vardı, qəhraman idilər, amma bu gün onlar aramızda yoxdur. Əsgərlərimiz xanım olduğumuz üçün bizimlə yaxşı davranırdılar. Elə əsgərlərimiz də vardı ki, bizim döyüşməyimizi istəmirdilər.

Bilirsiz, indiki həyatım, yaşamam döyüşdəkindən də çətindir. Orda ən azından hamının niyyəti bəlli idi: düşməni məhv etmək. Amma indiki həyatda kiminlə dost, kiminlə düşmən olacağını bilmirsən.

Sözünə ara verir, göz yaşlarını silir:

- Bir xatirə də danışım sizə? – soruşur.

- Danışın…

- 1992-ci il idi. Oturub dincəlirdik, hamımız ön mövqedən gəlmişdik, yorğun idik. Ermənilər ratsiyada nəsə danışdılar. Aramızda ermənicə bilən uşaqlar da vardı. Nə isə, məlim oldu ki, Daxili Qoşun əsgərlərinin girdiyi döyüşdə çoxlu itkimiz olub. Bizi oraya köməyə apardılar. Bura böyük bir sahə idi. O qədər həlak olan vardı ki, bilmirdik kimə yardım edək! Yaralı bir əsgər əlini qaldırdı. Bütünlüklə qan içində idi. Bütün əsgərlər qırılmış, tək bu sağ qalmışdı. Üstündəki qan döyüşçü dostlarının qanı idi. Onun üzü də cızılmamışdı. Bu, bir möcüzə idi.

Bir dəfə də yanlışlıq oldu - öz qırıcılarımız bizi bombaladı. Yalan olmasın, uşaqların yarıdan çoxu səngərdə qırıldı. Ermənilər bizi açıq-aydın görürdülər, ona görə fürsətdən istifadə edib üstümüzə tanklarla gəldilər. Əsgərlərimizə dedim ki, siz qırağa çəkilin, gedin. Mən qadınam, bəlkə məni vurmayalar. Yox, əgər məni əsir götürsələr, arxadan vurun. Nə isə, çıxdım səngərin üstünə. Ermənilər mənə baxdılar, bildilər qadınam, papağım başımdan uçdu, saçlarım töküldü, hiss etdim ki, papağımdan vurdular. Şoka düşdüm, mənimlə məzələnməyə başladılar. Sağıma, soluma tankla atırdılar. Bir mərmi çox yaxınıma düşdü, uçdum göyə, yarıyacan girmişdim torpağa. Elə bilmişdilər ölmüşəm, əl şəkmişdilər. Əsgərlərimiz isə imkan tapıb mühasiridən çıxmışdı. Həmən döyüşdə bu hərəkətimin sayəsində şəhid vermədiyimizə çox sevindik. Üç gün morqda meyitlərin arasında qalmışdım. Sonra döyüşə girməmə qadağa qoydular. Həkimə dedim ki, bəyəm mən canlı meyitəm? Qadağalara baxmadım, yenidən döyüşə qatıldım.

Əbülfəz Elçibəy bizim komisarlığa tapşırıq vermişdi

- Sonralar necə davam etdin?

- 1993-cu ilin yayı idi. Şirin Mirzəyev şəhid olduqdan sonra hamı pərən-pərən düşdü. Ondan əvvəl də, 1993-cü ilin yanvarında qardaşım şəhid olmuşdu. Məni Bakıya çağırmışdılar. Şəxsən Əbülfəz Elçibəyin bizim komisarlığa tapşırığı vardı ki, bu xanımın qardaşının biri rus ordusunda həkim olub. Milli münaqişə zamanı ona karbit, xlor içirib şikəst ediblər. Bir qardaşı isə Daxili Qoşunlarda xidmət edib, şəhid olub. Əgər bu xanım da döyüşdə şəhid olsa, onun anasına kim baxacaq? Odur ki, onu tərxis edin. Dayım da Sumqayıt batalyonunda eyni vaxtda döyüşürdü. Qadağalara baxmadım, yenə də döyüş bölgəsinə getdim.

Bir gün uşaqlarla “Kamaz”da mövqedən qayıdrıdıq. Qarşıdan bir maşın gəlib bizə çatdı, maşnımızın qabağını kəsdi. Baxdım ki, dayımdır. Avtomatı üstümə tutşlayıb, dedi:

- Mən səni axtarıram, qadınsan, sənin nə işin var döyüşdə?

Mən də özümü itirmədim:

- Bəs sənin nə işin var burda?

Dedi, mən kişiyəm, döyüşürəm. Qayıtdım ki, güya mən qadınam? Mən də kişiyəm, burda müharibə gedir, döyüşürəm. Dedim, sən bilmirsən, məni təhqir edən “kişiyə” baxmaqdansa, gəlib burda döyüşüb şəhid olmağı üstün tuturam. Hər kəs öz həyatını yaşayır, mən də öz həyatımı yaşayıram.

Anladım ki, bu, erməni kəşfiyatçısıdı

Ayrıldlq və bir daha qarşılaşmadıq. Bir gün də gecə vaxtı səngərdə oturmuşuq. Hamı bir-birinə xatirələrini danışır. Ordan-burdan bir iki şey düzüb qoşduq, yedik, papağmda ehtiyat bir siqaretim vardı, onu çıxartdım, uşaqlar gülüşdülər, sevndilər. Bayram idi sanki. Bir gilə siqaretin keyfini çıxarıb çəkdik. Hava da elə soyuq idi ki, donurduq. Nə isə, hamı bir-birinə söykənib yatdı. Mən yata bilmədim, yuxum gəlmədi, axı balamı Bakıda qoymuşdum, necə yatım?

Natıq adlı döyüşçümüz vardı. Gözləri dəniz rəngində idi. Ona baxırdım, əsgərlərimizin isə biri başını çiynimə, biri belimə söykəmişdi. Birdən şaqqıltı eşitdim, elə bil kölgə gördüm, əlimi qaldırdım ki, görüm bu yuxudur, ya həqiqət? Mənim barmağım bunun toqqasına keçdi, anladım ki, bu, erməni kəşfiyatçısıdı. Tez hamımız ayağa qalxdıq, bunları tutduq. Uşaqlar istədilər bunların başını kəsb, əsirlərin qisasını alsınlar. Mənə də bıçaq verdilər, necə istəyirsən, kəs, dedilər. Dedim, yox, sabah-sabah bu murdarın qanını üstümə töküm? Əslində isə komandir izn vermədi, dedi, bunları əsirlərimizlə dəyişərik.

Sizə bir sirr açım…

- Döyüş zamanı sevgi romanları yaşanmırdı heç?

- Bax belə, bu da yadda qalan bir xatirə. Bilirsiz ki, nə qədər döyüş olsa da, qan tökülsə də biz insanıq. İçimizdə sevgi də var, esq də. Mənə çoxlu evlilik təklifləri gəlib, bunlara həmişə cavabım belə olub ki, bizim evliliyimiz tutmaz. İki döyüşçünün, kontuziya alan insanın bir arada yaşaması qeyri-mümkündür. Biz sabah evləndikdən sonra dostluğumuz bitəcək. Ən yaxşısı, bu dostluğu qoruyub saxlayaq, deyirəm. Amma bir sirr açım: mənim cəbhədə sevdiyim insan olub. Onun həmişə boyuna-buxununa vurğun olmuşam, arxadan ona gizli-gizli baxmışam.

Bir evlilik təklifi də hospitalın həkimindən gəlmişdi. O məni yaralıları daşıyanda görüb sevmişdi. Evililik təklif etdi, amma ona da bunun imkansız oldugunu dedim, baxmayaraq ki, ali təhsilli, qabiliyyətli biri idi. Dedim ki, mən evlənib yenidən o dəhşətləri yaşamaq istəmirəm. Bu, bəlkə də mənim kişilərə inamsızlığımdan, onların biz qadınlara əşya kimi baxmasından irəli gəlirdi. Deyim ki, bu adam mənim ən çox xoşlandığım biri idi: həssaslığına, qadına qarşı xüsusi mədəniliyi ilə seçilildiyinə görə. Bir gün əsgərlərin sarğılarını sarıyıb, onlarla maraqlanırdım. Baxdım ki, bir nəfər arxadan mənə yaxınlaşıb, saçlarıma gül taxır. Döndüm. Dedim, sən niyə saçlarıma gül taxırsan? O da dedi ki, gülə gül yaraşır, amma bu gül sənin kölgəndə qalar.

Xanımlara məzarlıqdan gül gətirmişdilər

Onda uşaqlar biz xanımlara gül əvəzi məzarlıqdan çələng gətirmişdi, çox gülmüşdük... Əsgərlərə əriştə bişirdiyimi də xatırlayıram. Həyatımın ən çətin, ən maraqlı günləri idi.

Nəhayət…

Atəşkəsdən sonra, 1996–ci ildə ordudan tərxis olundum. İndi 135 manat Prezident təqaüdü, 380 manat da Qarabağ əlili olduğuma görə təqaüd alıram. Bu gün əmr verilsə, yenidən döyüşməyə hazıram.

Nihad Cəbrayıl

axar.az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR