• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

İşçi razılığı olmadan başqa işə keçirilə bilər?

İşçi razılığı olmadan başqa işə keçirilə bilər?

Vətəndaşlar tərəfindən öz istəkləri olmadan rəhbərliyin onları başqa işlərə keçirməsilə bağlı şikayətlər daxil olur. Belə hallar daha çox müdir və rəhbər dəyişərkən baş verir və işçinin uzun illər həmin müəssisədə çalışması, öz istəyinin olub-olmaması nəzərə alınmadan bir əmrlə yeri dəyişdirilir. Bəs əslində, bu proses necə aparılmalıdır? İşçinin razılığı olmadan işəgötürən onu başqa işə keçirə bilərmi?

Bakı Hüquq Mərkəzinin hüquq məsləhətçisi, vəkil Dünyamin Novruzovun Publika.az-a bildirdiyinə görə, ümumi qayda ondan ibarətdir ki, işçinin razılığı olmadan onu başqa işə keçirməyə yol verilmir. Onun sözlərinə görə, Əmək Məcəlləsinin 59-cu maddəsinə görə işçiyə əmək müqaviləsində nəzərdə tutulmayan başqa peşə, ixtisas və vəzifə üzrə əmək funksiyasının yerinə yetirilməsini həvalə etmək başqa işə keçirilmə sayılır və buna yalnız işçinin razılığı ilə, həmçinin əmək müqaviləsinə əlavə və dəyişikliklər edilməklə və ya yeni əmək müqaviləsi bağlanılmaqla yol verilir:

“Bu ümumi qaydadan istisna adı çəkilən məcəllənin 60-cı maddəsində nəzərdə tutulmuşdur. Lakin 60-cı maddə işçinin razılığı olmadan işəgötürənin təşəbbüsü ilə başqa işə keçirilməsini bir sıra şərtlərdən asılı etmişdir. Bunlar aşağıdakılardır: 1) başqa işə keçirmə istehsalat zərurəti və boşdayanma hallarının qarşısını almaq məqsədi daşımalıdır; 2) başqa işə keçirmə müvəqqəti xarakter daşıyır, başqa sözlə, onun davametmə müddəti 1 aydan çox ola bilməz; 3) işçi onun səhhətinə mənfi təsir edən, habelə aşağı ixtisaslı işə keçirilməməlidir; 4) başqa işə keçirilmə müddətində işçinin əməyi görülən işin müqabilində, lakin əvvəlki orta əmək haqqından aşağı olmamaqla ödənilməlidir”.

Beləliklə, işçinin razılığı olmadan başqa işə keçirmə yalnız Azərbaycan Respublikası Əmək Məcəlləsinin 60-cı maddəsinin müəyyənləşdirdiyi şərtlər çərçivəsində mümkündür.

Gülnar Əliyeva

Xəbər lenti

DAHA ÇOX XƏBƏR