• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Türmədə uşaq doğan qadın qalmaqalı böyüdü - Şok açıqlamalar

Türmədə uşaq doğan qadın qalmaqalı böyüdü - Şok açıqlamalar

Şəmkirin sabiq icra başçısı Aslan Aslanovun oğlunu qətlə yetirən Lamiyə Quliyevanın həbsdə uşaq dünyaya gətirməsi ajiotaj yaradıb.

Axar.az-ın ilk olaraq yazdığı rezonans doğurmuş bu məlumatla bağlı reaksiyalar səngimək bilmir.

İşgəncələrə Qarşı Azərbaycan Milli Komitəsinin rəhbəri Elçin Behbudov “azxeber.com”a sensasion açıqlamalar verib.

“Cinayət işinin açılmasında israrlıyıq”

Komitə sədri deyib ki, Lamiyə Quliyevaya təcavüz olunduğunu düşünür: “Bu hadisə ilə bağlı cinayət işinin açılması üçün bu gün Respublikanın Baş Prokuroru Zakir Qaralova müraciət etmişəm. Lamiyənin kimdən uşaq dünyaya gətirməsi məsələsini gizlətməyə, ört-basdır etməyə çalışırlar. Mən bu hadisənin araşdırılmasını baş prokurordan tələb edəcəyəm”.

Hələlik L.Quliyeva ilə görüşmədiyini deyən E.Behbudov bu görüşün baş tutması üçün Ədliyyə naziri Fikrət Məmmədova da müraciət edəcəyini açıqlayıb.

Komitə sədri bildirib ki, Lamiyə ilə bağlı işgəncə iddiası varsa, bu hallar mütləq araşdırılmalı, baş verənlərə aydınlıq gətirilməlidir: “Bildirirlər ki, cəzaçəkmə müəssisəsində işgəncə, Lamiyənin iradəsinin əleyhinə olay baş verməyib. Bu təqdirdə penitensiar sistem uşağın dünyaya gəlməsi ilə əlaqədar təfərrüatlı rəsmi açıqlama verməlidir.

Əks halda, baş verənlərlə bağlı suallar açıq qalacaq. Biz cinayət işinin açılmasında israrlıyıq. Məni ittiham etməyə çalışanlar qapalı müəssisələrdə insanlara qarşı törədilən haqsızlıqlara, vətəndaşların hüquqlarının pozulmasına, işgəncələrə göz yummamalıdırlar”.

“Rəis və müavinləri yalnız kişidir”

Ombudsmanın Milli Preventiv Mexanizm (MPM) qrupunun rəhbəri Vüqar Məhərrəmov isə bildirib ki, Lamiyənin nişanlısı olmuş, hazırda ömürlük məhbus olan Vüqar Əliyev başqası ilə evlənib:

“Vüqar Əliyev Lamiyə Quliyevanın əvvəllər nişanlısı olub. Həmin şəxs ömürlük həbs cəzasına məhkum edilməsinə baxmayaraq, artıq evlidir. O, həbsdə ola-ola ailə həyatı qurub, özünün başqa həyat yoldaşı var”.

V.Məhərrəmov L.Quliyevanın kimdən uşaq dünyaya gətirməsi barədə mətbuatda yayılan xəbərlərə də aydınlıq gətirib. Bildirib ki, həmin cəzaçəkmə müəssisəsində kişi nəzarətçi işləmir. Orada yalnız müəssisə rəisi və onun müavinləri kişidir:

“Qanunvericiliyə görə, məhkumun əmisi və yaxın qohumları görüş yerinə gələ bilərlər. Amma bu hadisənin Lamiyə Quliyevaya aidiyyəti yoxdur. Həmin cəzaçəkmə müəssisəsində kişi nəzarətçi işləmir. Orada qadın nəzarətçilər işləyir”.

V. Məhərrəmov cəzaçəkmə müəssisəsində zorlama hadisəsinin baş vermə ehtimalından da danışıb. Qeyd edib ki, şəxsin razılığı ilə baş tutan cinsi əlaqə zorlama deyil:

“Zorlama şəxsin iradəsinin əleyhinə baş verən bir hadisədir. Əgər şəxsin razılığı varsa, bu zorlama deyil. Əgər həmin şəxsin narazılığı yoxdursa, biz həmin məsələni araşdıra bilmərik. Əgər şəxsin cinsi əlaqədə olmaqla bağlı razılığı varsa, bu, türmədə də nikahdan kənar baş verə bilər. Şəxsin özünün razılığı varsa, o, istənilən adamla görüşə bilər. Amma cəzaçəkmə müəssisəsi strateji və məhdud bir yerdir”.

V.Məhərrəmov bildirib ki, cinsi əlaqənin qurula bilməsi üçün məhkumla uzunmüddətli görüş təyin olunmalıdır. Uzunmüddətli görüşdə isə yalnız məhkumun ailə üzvləri iştirak edə bilərlər: “Məhkumla görüş üçün xüsusi siyahı var.

O siyahıda isə məhkumun ailə üzvlərinin adları var. Qısamüddətli görüş zamanı məhkumun yanına hər kəs gələ bilər. Qısamüddətli görüşdə cinsi əlaqənin olması qeyri-mümkündür. Ümumi görüş otağında təxminən 10 nəfər üçün oturacaq olur. Uzunmüddətli görüşdə isə məhkumun yalnız ailə üzvləri iştirak edə bilərlər”.

Məlumat üçün bildirək ki, Vüqar Əliyev və onun nişanlısı Lamiyə Quliyeva 2003-cü ilin mayında Şəmkir rayon icra başçısı Aslan Aslanovun oğlu Ruslanı qətlə yetirib. Məhkəmənin hökmü ilə Vüqar Əliyev ömürlük, Lamiyə Quliyeva isə 10 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, Ədliyyə Nazirliyi Penitensiar Xidməti tərəfindən qadın məhkumların saxlanıldığı 4 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Lamiyə Quliyevanın övlad dünyaya gətirməsi barədə yayılan xəbərlərə münasibət bildirilib. Penitensiar Xidmətin mətbuat xidmətinin rəhbəri Yaşar İsakov açıqlamasında adıçəkilən məhkumun şəxsi istəyi ilə övlad dünyaya gətirdiyini deyib.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR