• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Hövsandakı qalmaqallı məktəbdən xəbər var

Hövsandakı qalmaqallı məktəbdən xəbər var

Hövsan qəsəbəsində 118 saylı orta məktəbin şagirdlərinin direktor Qardaşxan Səlimov tərəfindən təhqir edilməsi və buna etiraz olaraq aksiyanın keçirilməsi barədə məlumat vermişdik. Aksiyadan sonra məktəbin direktoru müvəqqəti olaraq vəzifəsindən azad edildi. Lakin məktəb ətrafında söz-söhbətlər bitmir.

Direktorun və Hövsan İcra nümayəndəliyinin rəhbəri Ağasəlim Əliyev infarkt keçirmələri və hazırda xəstəxanada olmaları ilə bağlı məlumatlar yayılıb.

Məktəblə əlaqə saxlayıb idarənin müvəqqəti təyin etdiyi şəxslə danışmaq istəsək də, onun işdə olmadığını öyrəndik. Telefona cavab verən xanımdan Q.Səlimovun məktəbə gəlməsi və səhhəti ilə bağlı məlumat almaq istəsək də, o, belə bir səlahiyyətinin olmadığını bildirdi.

Hövsan İcra nümayəndəliyindən Ağasəlim Əliyevin əraziyə çıxdığını və bu gün geri dönməyəcəyini bildirdilər. İcra nümayəndəsinin mobil telefonu ilə əlaqə saxlayıb, haqqında dolaşan şayiələrə aydınlıq gətirməsini istədik.

A.Əliyev Publika.az-a hazırda iş başında olduğunu və səhhətində problem olmadığını dedi:

“Heç bir problemim yoxdur. Yayılan məlumatlar doğru deyil”.

Məktəbin probleminə toxunan icra nümayəndəsi, valideynlərin rəhbərlikdən narazı olması barədə bir ay əvvəl ona şikayət etdiklərini dedi:

“Bu, məktəblə bağlı ilk narazılıq deyil. Bir ay əvvəl valideynlər tədrisin keyfiyyəti ilə bağlı müraciət etmişdilər. İcra başçısı da məsələnin araşdırılması üçün icra nümayəndəliyində valideynlərlə iclas keçirilməsini tapşırmışdı. Həmin görüşdə icra başçısının müavini də iştirak etdi. Təhsil Nazirliyinə bu barədə məlumat versək də, onlar iştirak etmədilər. Lakin biz valideynlərlə görüşdük. Onların əsas şikayəti adıçəkilən məktəbdə təhsilin keyfiyyətinin, ali məktəblərə qəbul sayının aşağı olması ilə bağlı idi. Çünki bizim qəsəbədə 6 məktəb var. Digər məktəblərdən hər il ali məktəbə 20-25 nəfər qəbul olursa, bu məktəbdən ən çoxu 6 şagird qəbul olur. Valideynlərin bütün şikayətlərini yazılı formada Təhsil Nazirliyinə təqdim etdik. Həm də telefonla da onlara məlumat verdik. Çünki təhsilin keyfiyyətini onlar araşdıra bilərlər. Lakin bu şikayət barədə nazirlik tərəfindən görülən işlər barədə məlumatım yoxdur. Bundan başqa, bu təhsil ili başlayanda da sentyabrın 15-də keçirilən tədbirdə nazirliyin şöbə müdiri iştirak etmişdi. O valideynlərin şikayət məktubları əsasında məktəbə gəlmişdi. Yəni nazirliyin narazılıq barədə məlumatı var”.

İcra nümayəndəsi bildirdi ki, sonuncu hadisə ilə bağlı şənbə günü icra nümayəndəliyinə müraciət ediblər.

“Həmin müraciətdə valideynlər uşaqların təhqir edildiyini dedilər. Valideynlərə polisə müraciət etməyi məsləhət gördüm. Özüm də polisə zəng edib bu barədə məlumat verdim. Polisdən bildirdilər ki, məsələnin araşdırılması üçün valideynlər yazılı müraciət etməlidirlər. Amma onlar müraciət etmədilər. Birinci gün yenə mənim yanıma gəldilər. Yenidən eyni təklifi etsəm də, razı olmadılar. Nəticədə, belə aksiya keçirdilər. Bundan sonra işin araşdırılması hüquq mühafizə orqanlarının və Təhsil Nazirliyinin məsuliyyətindədir”.

Qeyd edək ki, şagird və valideynlərin keçirdikləri aksiya nəticəsində 21 yaşlı Elmar Əliyev ölmüşdü.

Gülxar

Xəbər lenti

DAHA ÇOX XƏBƏR