Yaşayış binalarındakı pritonlar – Qonşun fahişədirsə... ARAŞDIRMA
Bizi izləyin

Qırmızı.az

Yaşayış binalarındakı pritonlar – Qonşun fahişədirsə... ARAŞDIRMA

Məclislərdən birində “Azərbaycanda seksual azadlıq yoxdur”, “elə buna görə hamı aqressivdir”, “seksual tələbatlar ödənilmədiyi üçün insanlar gərgindilər” söhbətlərinin üstündən dostlardan biri bunun əksinə çıxış edir.

Deyir ki, hamı öz tələbatını bu və ya digər yollarla ödəyir. Sadəcə, hamı üzdə özünü belə aparır ki, guya, heç nədən xəbəri yoxdur. “Belə olmasaydı, şəhərdəki “saatlıq” evlər nəyə lazım idi?” – deyir dostumuz. Və o, evlərdəki əhvalatlarından danışır: Hətta elə evlər var ki, yiyəsi heç evdən çölə də çıxmır, oturur mətbəxdə. Deyir işinizi görün, çıxın gedin”.
Məsələ diqqətimi çəkdi və araşdırmağa qərar verdim…

- Biz evləri hər adama kirayəyə vermirik, ancaq ailəli adamlar qala bilərlər.
- Xanım, ailəli adamın 2 günlük ev nəyinə lazımdır?
- Eee, sağ olun…


Şəhərin tam mərkəzində bir neçə saatlıq kirayə verilən evlər… Bu evlər nə məqsədlə kirayə götürülür? Kimlərə verilir?


Zəng etdiyimiz ev sahibləri (Yəqin ki, xanım olduğumuza görə) evlərini saatlıq kirayə vermədiklərini iddia edirlər. Amma bilirik ki, bu evlərin “saatlıq” xidmətlərindən istifadə edənlər az deyil. Zəng vurduğumuz ev sahiblərindən biri evini ancaq evli adamlara kirayə verdiklərini deyir. “Ailəli adamın 2 günlük ev nəyinə lazımdır axı” sualına cavab verə bilməyən sahibə dəstəyi asır.
Digər ev sahibi evini ancaq əcnəbilərə kirayə verdiyini bildirir, özü də minimum 10 günlük. 10 günə isə 400 AZN ödəməliyik...

Başqa ev yiyəsi isə “yad” müştəri olduğumuzu görüb əvvəlcə evi neçə günlük kirayə istədiyimi soruşdu. Suala diqqət çəkirəm: neçə ay, neçə müddət deyil də, neçə gün… Növbəti sual: hansı məqsədlə kirayə götürürsünüz? Oğlan dostumla qalacağımı dediyim üçün bir az tərəddüd edir ev yiyəsi.
Bir neçə dəqiqəlik danışıqdan sonra razılaşdıra bilirik. Evə baxmaq istəyib-istəmədiyimizi soruşurlar və nəhayət, qiymət məsələsi… 2 günlük evə 50 manat istədikləri halda, 2 saata 40 manat ödəməliyik. Qiymətin baha olduğu ilə bağlı iradımıza “istəmirsiniz otelə gedin, hər halda, otel qiymətlərindən daha ucuzdur bu ev” cavabını alıram.

Təxminən 20:00 radələrində evə baxmağa gedirəm. Şəhərin lap mərkəzində - Nizami kaçəsində (“Tarqovıy”) yerləşən, 2 otaq, hamam və mətbəxdən ibarət orta təmirli ev… Ev yiyəsi ilə “McDonalds”ın qarşısında görüşüb, gedirik. Fürsətdən istifadə edib Lalə xanımla (ad şərtidir) söhbət etməyə başlayıram. Söhbətə çox da meyilli olmayan xanımdan öyrəndim ki, evi həqiqətən də bir neçə saatlıq kirayə götürənlər olur. Günorta saatlarında gələnlər təxminən 21-25 yaş arası cütlüklər olur, axşam gələnlər isə əsasən köhnə müştərilərdir. Sən demə, evi hər adama “saatlıq” kirayə vermirlərmiş. Evə çatdığımız üçün söhbəti kəsməli oluruq. Qadın, deyəsən, suallarımın çoxluğundan şübhələndiyi üçün yanımdan ayrılmır. Ödənişin də əvvəldən olunduğunu öyrənirəm. Həddindən artıq pis qoxuyan evi bəyənmədiyimi deyib, çıxmaq istəyəndə “bir-iki saat qalacaq, evi bəyənmir, naz edir” sözlərini eşidirəm.

Maraqlıdır ki, əksəriyyəti şəhərin mərkəzi küçələrində yerləşən bu evlərdən hamının xəbəri olduğu halda, hər kəs xəbəri yoxmuş kimi davranır. Hər gün bir “əxlaqsızlıq yuvası” bağlandığı halda şəhərin düz mərkəzində olan bu evlərlə bağlı heç bir tədbir görülmür. Evlər açıq-aşkar “əxlaqsızlıq yuvası” kimi fəaliyyət göstərir. Amma hələ bu vaxta kimi o “yuva”lardan birinin bağlandığı haqda bir cümlə də eşitməmişik… Sadəcə bir şey düşündürür: bu qədər insan “saatlıq” evlərdən xəbərdar olduğu halda, aidiyyəti qurumlar bundan həqiqətənmi xəbərsizdir?!

Əslində, belə məkanların tamamilə yığışdırılması düşüncəsində deyilik. Sadəcə bu, leqal olmalıdır. Əks halda, saatlıq mənzillərdə xəstəliklərin yayılmasına, təhlükəsizlik tədbirlərinin olmamasına, baş verə biləcək hər-hansı cinayət hadisəsinə görə kimin məsuliyyət daşıdığı məlum deyil.
Çünki bu evlərin heç biri öz sahibləri tərəfindən kirayə verilmir. Bu işləri yaxşı bacaran dəllallar heç bir müqavilə bağlamadan həmin evləri kirayə götürüb, istifadəyə verirlər. Bu işdən daha çox qazanmaq istəyən isə ev üçün zəng edən müştərilərə xanımlar da təklif edirlər. Bəzi evlərdə bir neçə fahişə saxlanılır və müştərilərin hər cür istirahəti üçün şərait yaradılır. Bəzi məlumatlara görə, həmin şəxslər yalnız polis sahə müvəkkillərinə haqq ödəməklə işləyirlər. Məsələnin ən pis və acınacaqlı tərəfi odur ki, bu mənzillər ümumi yaşayış binalarındadır.
Yəni əxlaqsızlıq yuvası kimi istifadə olunan mənzillər kimlərinsə qonşuluğundadır. Həmin qonşularda dindar da yaşaya bilər, manyak da, gənc ailə də. Bu qalır, şəhərin mərkəzində yaşayan, çoxlarının həsəd apardığı adamların bəxtinə. Yüz minlərlə pul xərcləyib mənzil alarsan, qonşuluğuna isə günün istənilən vaxtı kef çəkməyə gələrlər...

Aznews.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm