• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Artan həkim sayı, azalan keyfiyyət - PROBLEM

Artan həkim sayı, azalan keyfiyyət - PROBLEM

Dövlət Statistika Komitəsinin məlumatına görə, Azərbaycanda əhalinin hər 10 min nəfərinə orta hesabla 35 həkim və 61 orta tibb işçisi düşür. 2015-ci ilin əvvəlinə ölkədə 32,9 min həkim və 57,9 min orta tibb işçisi var. Həkimlərin 8708-i terapevt , 3771-i cərrah, 1989-u ginekoloq, 3992-si pediatr, 2452-i stomatoloq,912-i oftomoloq, 959-u nevropatoloqdur.

Son 10 ildə həkimlərin sayında nəzərəçarpacaq dərəcədə artım olub. 2003-cü ildə ölkədəki həkimlərin sayı 29481 idisə, 2013-cü ildə 32335 nəfər olub. 2014-cü ildə mərkəzləşdirilmiş qaydada test imtahanı ilə 631 həkim işə qəbul olunub.

Səhiyyə Nazirinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli də hesab edir ki, həkimlərin sayı əhali sayına nisbətdə çoxdur:

“Bu nisbət Sovet sisteminə uyğun qurulub. Hazırkı say müasir standartlardan çoxdur. Tibb işçilərinin sayı 100 mindən çoxdur. Lakin bu sayın azaldılması ilə bağlı heç bir tədbir görülmür. Həkimlərin sertifikasiyası, işə düzəlməsi üçün imtahanların təşkili bu sahədə atılan ilkin addım hesab edilə bilər. Bunlar həm də filtr rolunu oynayır, ən yaxşı həkimlər sertifikat, diplom ala bilir. Bu da sayı tənzimləyir”.

Həkimlərin sayı normadan çox olsa da, xaricə gedən xəstələrin sayı ildən-ilə artır. Belə olan halda, bu artım kimə lazımdır?

Tibbi ekspert Adil Qeybulla hesab edir ki, həkimlərin ümumi sayından daha çox ayrı-ayrı sahələr üzrə statistika aparmaq lazımdır.

“Bu gün qərb təbabətində sahələr üzrə həkimlərin əhalinin 10 min nəfərinə nisbəti əsas götürülür. Həkimlərin ümumi siyahısı ailə həkimlərinin müəyyən edilməsi üçün aparılır. Sovet dövründə bu sahə həkimi adlanırdı. Lakin ailə həkimi institutu özünü daha çox doğrultdu. Çünki bu həkimlərin ailə üzvlərində müşahidə olunan xəstəliklər barədə daha təfərrüfatlı məlumatı olur. Onlar həm də xəstəni konkret sahə üzrə həkimə istiqamətləndirə bilir. Bu gün ölkədəki həkimlərin sayı ailə həkimi institutunun yaranmasına imkan yaradır. Bu sahədə əsas mane sığorta təbabətinin tətbiq edilməməsidir. Əvvəlki illərdə olduğu kimi statistikanın həkim, çarpayı sayına uyğun aparılması düzgün deyil. Çünki xəstələr uzun müddət yataq rejimində olmur”.

Ekspertin sözlərinə görə, uzmanlıq, rezidentura keçmiş həkimlərin artım dinamikasına fikir vermək lazımdır.

“Bu mütəxəssislərin sayı artır. Rezidentura ilə bağlı bəzi problemlər qalsa da, bu sistemə keçməyimiz düzgün qərardır. Bu yeniliklərlə Azərbaycan qərb təbabətinin bir hissəsinə çevrilə bilər. Həkimlərin ixtisas üzrə bölgüsündə isə onların daxili bölgülərinə baxmaq lazımdır. Həmçinin həkimlərin regionlar üzrə bərabər bölgüsü də nəzərə alınmalıdır. Yəni xəstə hansısa regiondan müalicə üçün mərkəzə gəlməməlidir. Bütün regionlarda mütəxəssislər olmalıdır”.

Ekspert hesab edir ki, adambaşına düşən həkim sayı normadan çoxdur. Bu da həkimlərin optimal işləməsinə mane olur.

“Bu, faydalılıq əmsalının yüksək olmasına əngəl hesab edilir. Elə şərait yaradılmalıdır ki, hər bir həkim fəaliyyəti dövründə imkanlarından düzgün istifadə edə bilsin. Həkimlərin sayı normadan çox olanda fəaliyyət adekvat olmur. Bu da xəstələrin xaricə axını situasiyanı bir az da qəlizləşdirir”.

Millət vəkili Musa Quliyev isə həkimlərin hazırkı sayının normal olduğunu hesab edir:

“Həkimlərin əhalinin sayına nisbətini nə az, nə də çox hesab etmək olar. Ona görə də, bu istiqamətdə hər hansı iş aparılmasına ehtiyac görmürəm. Hazırda əsas diqqət, xidmət səviyyəsinin artırılmasına yönəldilməlidir. Ailə həkimi, tibbi sığorta institutunun formalaşması kimi məsələlərə diqqət edilməlidir. Bələdiyyə tibb personalının yaranması da işsiz həkimlərin sürətlə işlə təminatına imkan yarada bilər. Bəzi Avropa ölkələrində say daha azdır. Lakin bu da başqa bir problemə səbəb olur. Xəstələr qəbula düşmək üçün uzun müddət növbədə gözləməli olur. Vaxtında müayinə almaq üçün həkimlər çatışmır, orta tibb işçiləri həmin xidməti göstərməli olur”.

Millət vəkili zamanla həkim sayının xəstələrə nisbətinin normal olacağını düşünür:

“Azərbaycan Tibb Universiteti də qəbul sayını azaldır. Hesab edirəm ki, zamanla bu rəqəm öz yerini tutacaq. Əsas diqqəti həkimlərin bölgüsünə yönəltmək lazımdır. Kənd, xüsusən dağlıq rayonlarda həkim çatışmazlığı var. Təyinatla göndərilənlərlər bu rayonlara işləməyə həvəssiz gedirlər. Bunun üçün də, xüsusən dövlət hesabına oxuyan tələbələrlə ilk təhsil ilində müqavilə bağlanmalıdır. Onlara ali məktəbi bitirəndən sonra 1-2 il təyinat üzrə həmin rayonlarda işləmək şərti qoyulmalıdır. Ondan sonra harada işləsə çalışa bilər. Bunun üçün həmin həkimlərin maaşlarının artırılmasına, kommunal xidmətlərin ödənilməsinə köməklik göstərilməsinə ehtiyac var”.

Gülxar

Xəbər lenti

DAHA ÇOX XƏBƏR