• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Ramil Usubov «bandotdel»in müşavirəsində

Ramil Usubov «bandotdel»in müşavirəsində

Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində 2014-cü ildə cinayətkarlıqla mübarizə və ictimai asayişin təmini sahəsində görülən işlər və qarşıda duran vəzifələrə həsr olunmuş əməliyyat müşavirəsi keçirilib. Publika.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, müşavirədə daxili işlər naziri, general-polkovnik Ramil Usubov da iştirak edib.

Hesabat dövründə əməliyyat-xidməti fəaliyyətin nəticələri barədə Baş İdarənin rəisi, polis polkovniki Seyfulla Əzimov çıxış edib. O deyib ki, ölkədə cinayətkarlığın vəziyyətinin öyrənilməsi 2011-2013-cü illərdə ifşa olunmuş cinayətkar qruplardan yalnız 55-nin mütəşəkkil dəstə olduğunu göstərib. Bu dəstələrin də böyük əksəriyyəti törətdikləri ilk cinayətdən sonra zərərsizləşdirilib. Həmin cinayətlərin 80,2 faizini mülkiyyət əleyhinə faktlar təşkil edib. 2014-cü ildə ifşa olunmuş 5 mütəşəkkil dəstə tərəfindən törədilmiş cinayətlərin 83,3 faizi bu növ cinayətlər olub.
Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı da mübarizə hesabat dövründə diqqət mərkəzində saxlanılıb, ümumilikdə 30 kq-dan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

"2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamından irəli gələn vəzifələrin icrası çərçivəsində satışa çıxarılmış 300 tona yaxın müxtəlif yararsız ərzaq məhsulları və saxta tikinti materialları məhv edilib.

Ölkənin iqtisadi təhlükəsizliyinə zərbə vuran saxta pul əskinaslarının qanunsuz dövriyyəsinə qarşı mübarizə işi də effektiv aparılıb, saxta 37.680 Azərbaycan manatı və 32.000 ABŞ dollarının dövriyyəyə buraxılmasının qarşısı alınıb.

Keçmiş illərdən bağlı qalmış cinayətlərin açılması və axtarışda olanların tutulması işində ərazi polis orqanlarına göstərilmiş əməli köməklik nəticəsində 2004-cü ildən bağlı qalmış, polis əməkdaşının qətlə yetirilərək tabel silahının ələ keçirilməsi cinayətini törətmiş şəxs ifşa olunub, eləcə də axtarışa elan olunmuş 5 nəfərin yeri müəyyən olunaraq istintaqa cəlb edilib.

Baş İdarənin rəisi ötən il əməliyyat-xidməti fəaliyyətdə əldə edilmiş müsbət göstəricilərlə yanaşı, bəzi nöqsan və çatışmazlıqların mövcudluğunu da qeyd edib, onların qısa müddətdə aradan qaldırılması üçün kəsərli tədbirlərin görüləcəyini bildirib.


Əməliyyat müşavirəsinə yekun vuran daxili işlər naziri Baş İdarənin hesabat dövründəki fəaliyyətini qənaətbəxş hesab edib. Ramil Usubov qarşıya qoyulmuş məsul vəzifələrin öhdəsindən gəlmək üçün konkret tapşırıq və tövsiyələrini verib.

Vazeh

Xəbər lenti

DAHA ÇOX XƏBƏR