Bal sisteminin ləğv edilməsində yol polisinin marağı nədir?
Bizi izləyin

Qırmızı.az

Bal sisteminin ləğv edilməsində yol polisinin marağı nədir?

Bu sistem müxtəlif ölkələrdə fərqli formada tətbiq edilir

“Bal sisteminin ləğv edilməsi haqqında qərarın qəbul edilməsi inandırıcı deyil. Qəbul edilsə belə, bal əvəzinə digər başqa bir qərar qəbul edə bilərlər.

Çünki bal sistemi yol hərəkəti qaydalarını təkrar olaraq pozanların daha sərt cəzalandırılmasına hesablanmış qərar idi. Bir il ərzində 12 bal toplayanların sürücülük vəsiqələrinin alınması, onların qaydaları daha az pozmasına səbəb olurdu”.

Publika.Az-ın xəbərinə görə, bu sözləri DİGESTA hüquq firmasının direktoru, Yol hərəkəti təhlükəsizliyi üzrə ekspert Ərşad Hüseynov yol hərəkəti qaydalarının pozuntusuna görə bal sisteminin ləğv edilməsi ilə bağlı təklifi şərh edərkən deyib.

Onun sözlərinə görə, bu sistem müxtəlif ölkələrdə fərqli formada tətbiq edilir:

“Türkiyədə maksimum hədd 100 bala qədərdir. Rusiyada isə buna oxşar təkrarlıq sistemi tətbiq edilir. Məsələn, bu ölkədə iki dəfə qoşa xətti tapdalamağa görə sürücülük vəsiqəsi alınır. Bununla bağlı hələ prezident də qərar qəbul edib. Milli Məclisə məsələyə baxılması üçün tapşırıq verməlidir. Qanunu qəbul etmək üçün Milli Məclis İnzibati Xətalar Məcəlləsi və Yol Hərəkəti Haqqında qanuna müəyyən dəyişikliklər etməlidir.

Lakin hesab etmirəm ki, bu düzgün qərar ola bilər. Bal sisteminin qəbulu ilə bağlı hər hansı problem yoxdur. Bir məqam var ki, sürücü yol hərəkət qaydaları pozanda protokol DYP-nin məlumat bazasına daxil olan kimi, sistemdə həmin sürücünün adına bal yazılır. Bu rəsmi qərar qəbul edilmədən yazıldığından, protokol qərarı ləğv edilsə belə, həmin bal silinmir. Bal yalnız Baş İdarədə silinə bilir. Bu isə əlavə problem yaradır. Yalnız bu istiqamətdə dəyişiklik edilə bilərdi”.

Ekspertin sözlərinə görə, bu sistemin ləğv edilməsində bir səbəb də, bir ilin tamamında balın silinməsi ola bilər:

“Çünki 2011-ci ildən yazılan cərimələrin 25%-i yol polisinin hesabına köçürülür. Ona görə də onlar sürücülərin daha çox cərimələnməsinin tərəfdarıdırlar. Məhz bu səbəbdən də cərimələrin miqdarının artırılması tez-tez gündəmə gəlir. Hazırkı durumda sürücülər 12 balı toplamamaq üçün səy göstərirlər, çünki əks halda sürcülük vəsiqələri əllərindən alınır. Sürücülərin intizamlı davranıb, qaydaları pozmaması isə yol polisinə sərfəli deyil.Ona görə də konkret fayda götürəcəkləri qayda hazırlamaq istəyə bilərlər. Hədəf belə olarsa, çox təhlükəli hesab edilə bilər. Amma istənilən halda, bal sistemi çox uğurlu qaydadır, sadəcə mövcud kiçik problemlər var ki, onları aradan qaldırmağa çalışmaq lazımdır”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm