“Milli Məclisin ağlamalı gülməcələri”- MARAQLI
Bizi izləyin

Qırmızı.az

“Milli Məclisin ağlamalı gülməcələri”- MARAQLI

Sabiq deputat, hazırda AMEA-ın İqtisadiyyat İnstitutunun direktoru, professor Nazim İmanov millət vəkili olduğu dönəmlərdə parlamentdə yaşanan maraqlı və məzəli hadisələri sonradan kitab halında cəm edib. “Milli Məclisin ağlamalı gülməcələri” adlanan kitabça əslində N.İmanovun zaman zaman-etdiyi qeydlərin nəticəsidir. Müəllif onu Milli Məclisdə qazandığı dostlarına həsr edib.

Modern.az saytı həmin kitabçadan daha bir neçə əhvalatı təqdim edir:

HÜQUQİ SAVADIN ÜSTÜNLÜKLƏRİ

Eldar Sabiroğlu Amerikadan təzəcə qayıtmış Kərim Kərimova, guya ki, sataşdı:

- Kərim Kərimov, qayıtmısan? Mən dedim, səni geri buraxmazdar, girov saxlıyallar.

Zakir Zeynalov söhbətə qarışdı:

- Eldar müəllim, axı siz hüquq fakültəsində oxuyursuz, belə şeyləri bilməlisiz. Bu ömründə mümkün olan məsələ deyil.

- Niyə ki? Bəs terrorizm? Bəs cinayətkar ünsürlər? Elə bilirsıız, Amerikada da bizdəki kimi stabillikdi? Elə bilirsıız, onnarın da bizimki kimi karant prezdentdəri var?

- İş sabitlikdə deyil, qardaş. Girov saxlanılan şeyin əvəzində nəsə istəyə bilməlisən. Tutalım, Kərim Kərimovu tutdular; əvəzində nə istəyəcəklər ki?!

KİMDİR GÜNAHKAR?

İki deputat arasındakı mübahisə zaldan çıxanda təzədən qızışdı. Artıb-artıb liftin qabağında kulminasiyasına çatdı. Kulminasiya deyəndə ki, yəni deputat başladılar bir-birini hamının gözü qarşısında söyməyə. Eldar Sabiroğlu cumdu bunları aralaşdırmağa:

- Ə, nağayrırsan, kişini biyabır eləmək istiyirsən?! Bıy, məllim, tay belə yox də. Sən ağsaqqalsan axı, o nə sözdü deyirsən?! Olmadı ki!

Dalaşan deputatlar da sağ olsunlar, bir-birini buraxıb düşdülər bu yazığın üstünə:

- Ə, rədd ol ayna (yəni o yana), elə YAP-dakı iclasda aranı qarışdıran sən olmadınmı, - və bayaqdan söydüklərindən bir-ikisini də buna döşədilər.

E.Sabiroğlu suyu süzülə-süzülə aralandı və bu vaxt jurnalistlər cumdular ona tərəf:

- Eldar müəllim, nə olmuşdu, niyə dalaşırdılar, təqsir kimdəydi?

Eldar Sabiroğlu bir ayaqqabısının ucuna baxdı, bir burnunun qabağındakı diktofonlara və nə qədər qəribə də olsa, sözün düzünü dedi:

- Nə onda taxsır var, nə bunda. Günah məndədi ki, bulları aralaşdırmaq istədim!

YAXŞI İQTİSADÇI KİMƏ DEYƏRLƏR

Vergi Məcəlləsinin müzakirəsi gedişində Zəlimxan Yaqub yerindən qalxıb böyrümdə əyləşdi. Arxamızdakıları, önümüzdəkiləri çağırıb soruşdu:

- Ay camahat, bax bu Nazim deyirsıız yaxşı ixtisadçıdı, heyləmi? İndi mən muna vergidən bir sual verəjəm, cabavını tafsa-tafdı, tafmasa, eldə-mahalda biyavır eliyəjəm. Siz də şahid olun. Onsuz da zalda gedən müzakirələrdən baş çıxarmayan və bu səbəbdən də təhərsiz dərəcədə darıxan deputatlar gözlərini Zəlimxan bəyə zillədilər:

- De görüm, fahişələr gəlirrərindən vergi verməlidilərmi, yoxsa verməməlidilərmi? Xoşbəxtlikdən cavab dərhal gəldi:

- Əgər namuslu vətəndaşdılarsa, verməlidilər.

İnsafən Zəlimxan bəy hamıdan bərk güldü. Sonra Murtuz müəllimin ona tərs-tərs baxdığını görüb pıçıltı ilə dedi:

- Ayə, bu zalım əməlli-başdı ixtisadçıymış e...

Oxumağa davam et
Reklam
Reklam

Gündəm