Naməlum məzarlar – kimsəsizlərin kimsəsiz qəbiristanlığı - FOTOREPORTAJ
Bizi izləyin

Qırmızı.az

Naməlum məzarlar – kimsəsizlərin kimsəsiz qəbiristanlığı - FOTOREPORTAJ

Bu məkana son mənzil də deyirlər. Tədricən bütöv bir nəslin, yığın-yığın insanların talelərinin sona çatdığı ünvan – qəbiristanlıq. Varlısı ilə kasıbının seçildiyi, fərqləndiyi bu dünyada məzarlıqların da “varlı”sı və “kasıb”ı var. “Kasıb” qəbiristanlıqların sayı azdır, amma hər halda var, mövcuddur. Yəqin ki, söhbətin kimsəsizlər qəbiristanlıqlarından getdiyini başa düşdünüz. Paytaxtımızda belə qəbiristanlıqlar cəmi 3 yerdə salınıb. Qərara aldıq ki, paytaxtın kimsəsizlər qəbiristanlıqlarından birinə baş çəkərək, burada müşahidə etdiklərimizi sizə təqdim edək.

Nömrələnməmiş məzarlarda kimlərin uyuduqları məlum deyil

Avtomobil yolundan bir neçə yüz metr kənarda, ötən əsrin 90-cı illərinin sonlarında salınmış kimsəsizlər məzarlığının yolları da özü kimi baxımsız, səliqəsiz, antisanitar vəziyyətdədir. Yağıntılı havalarda burada palçıq, yay aylarında isə toz dizə çıxır. Qəbiristanlıqda 120-130 kimsəsiz məzar var. Ərazidə kimsə gözə dəymədiyindən yaxınlıqdakı başqa məzarlığın girişində əyləşmiş yaşlı adamlardan buranın nəzarətçilərinin, mollalarının ünvanlarını, əlaqə telefonlarını soruşduq. Onlardan öyrəndik ki, bu məzarlığın nəzarətçiləri və mollaları başdaşları düzəldilən sexin yaxınlığındakı kiçik otaqda otururlar.

Nəzarətçilər vasitəsilə buranın rəhbərliyi ilə görüşdük. Rəhbərlik “bəlkə, reportajı heç yazmayasınız, sonra başımız ağrıyar” deyərək bizi bu məzarlıq barədə yazı hazırlamaqdan vaz keçirmək istədi.

Biz isə öz işimizi görmək məqsədilə məzarlıqda müşahidələrə başladıq:

Ərazi hasara alınıb. Hasarın içindəki sahə kimsəsizlər qəbiristanlığına aiddir. Məlum oldu ki, qəbiristanlığın sol və yuxarı tərəflərində əsasən xristian dinindən olan rus və digər millətlərdən olan kimsəsizlər torpağa tapşırılıb. Onların arasında bomjlar da var, şəxsiyyəti məlum olmayan, qohum-əqrəbası üzə çıxmayan, itkin düşənlər də. Qəbiristanlıqda sonuncu dəfn mərasimi 9-10 gün bundan əvvəl keçirilib. Nömrələnmiş növbəti kimsəsiz insanın meyitini torpağa tapşırıblar.

Yeri gəlmişkən, burada məzarların böyük qisminin üzərində mərhumların adları və soyadları əvəzinə, kiçik dəmir lövhələrin üzərində nömrələr yazılıb. Çünki mərhumların böyük əksəriyyətinin heç adları, soyadları da məlum deyil. Dəfn mərasiminin vaxtına, tabutun bura gətirilməsi gününə müvafiq olaraq qəbrin üzərində xüsusi nömrələr yazılır. Qəbiristanlıqda sadə başdaşılarının olduğu azsaylı məzarlar da var. Habelə burda kimsəsi olmayan mərhumların dəfn olunduğu nömrəsiz məzarlar da var. Bunlar, bəlkə də, ayrı-ayrı insanların aylarla, illərlə aradıqları, axtarışa verdikləri doğmalarının məzarlarıdır. Nömrələnməmiş məzarlarda kimlərin nəşinin torpağa tapşırılması məlum deyil. Görünür, bu və digər çatışmazlıqları nəzərdə tutaraq reportaj hazırlamamamızı məsləhət görmüşdülər.

Dünyasını dəyişmiş kimsəsiz müsəlman olduqda o, din xadimlərinin iştirakı ilə torpağa tapşırılır. Amma xristian dinindən olan kimsəsizlər dini ayinsiz dəfn edilir. Xristian dinindən olan dindarlar özləri də bu məzarlıqdakı dəfn mərasimlərində iştirak etməyə maraqlı deyillər.

Burada qazılıb sahibini gözləyən hazır məzar da var. Həmin qəbrin kənarları hörülməyib. Üstəlik, olduqca dayaz qazılıb. Bütün bunlar onu göstərir ki, məzarların qazılması bəzi hallarda səthi həyata keçirilir.

Qəbiristanlığa nəzarət edən şəxslərdən biri bildirdi ki, qış ayı olduğundan onlar məzarları qazıb hazır vəziyyətdə saxlayırlar ki, qarlı, yağışlı günlərdə hansısa kimsəsizin tabutu bura gətiriləndə ölünü dəfn edənlər çox əziyyət çəkməsinlər.

Yağıntıların çox olduğu günlərdə çətinliklə üzləşmiş qəbirqazanlar təkrarən belə çətinliklə üzləşməməkçün qəbirləri əvvəldən qazıb hazır qoyurlar.

Başqa qəbiristanlıqlarda mərhumların torpağa basdırılmaları üçün 63 manat dövlət rüsumu alınır. Lakin bu qəbiristanlıqda dəfn olunanlara aid deyil. Dəfnin bütün xərcləri dövlət hesabına ödənilir.

“İslamda vacib olan bütün şərtləri yerinə yetiririk”

Qəbiristanlığın ərazisi küləyin gətirdiyi sellofan torbalarla və digər əşyalarla zibillənib. Buradakı bəzi məzarlar çöküb, nəticədə, ərazidə çalalar yaranıb. Kimsəsizlər qəbiristanlığındakı dəfn mərasimlərinə qatılan Məşədi Nazim bildirdi ki, o, yalnız müsəlman kimsəsizlərin dəfn mərasimlərində iştirak edir. Qəbirqazanlar mərhumun torpağa tapşırılması üçün nə lazımdırsa, onu könüllü, təmənnasız edirlər: “Mərhumların üzünə baxanda rəhmətə gedənin şəxsin hansı dindən olduğunu təxmin edə bilirik. Sözsüz ki, rusla başqa millətdən olan insan bir-birindən fərqlənir. Dünyasını dəyişmiş şəxs müsəlman olduqda dəfn mərasimini özümüz heç bir təmənna olmadan həyata keçiririk. İslamda vacib olan 3 şərti yerinə yetiririk. Bunlar məzarın qazılması, dəfn mərasimi və namazdır. Bütün kimsəsizlər torpağa tapşırılanda bunlara riayət edilir. Yasin oxuyur və dünyasını dəyişəni İslam qaydalarına uyğun şəkildə torpağa tapşırırıq”.

O ki qaldı mərhumların yuyulmasına, Məşədi Nazimin sözlərinə görə, meyitlərin yuyulub təmizlənilməsi morqlarda həyata keçirilir: “Onları yuyub gətirirlər. Biz isə burda şəriət qaydalarına uyğun dəfn edirik”.

Kimsəsizlər qəbiristanlığında əsasən xristian dinindən olan mərhumların torpağa tapşırıldığını deyən din xadimi əlavə etdi ki, dünyasını illər əvvəl dəyişmiş mərhumların bir qisminin nəşi vaxtilə Nərimanov rayonunda mövcud olmuş qəbiristanlıqdan bura köçürülüb. Həmin əraziyə yol çəkildiyindən mərhumların bir qisminin nəşi burada torpağa tapşırılıb.

Artıq 5 ildir burda çalışan Məşədi Nazim qəbiristanlığın ötən əsrin 90-cı illərində burada salındığını, bunun üçün xüsusi yerin ayrıldığını diqqətə çatdırdı: “Qəbiristanlığın 3 dindarı var. Biz növbə ilə burdakı dəfn mərasimlərində iştirak edirik. Kimsəsizlər qəbiristanlığından bir qədər kənarda da məzarlıq var. Lakin ora kimsəsiz mərhumların məzarlığı deyil. Bu səbəbdən həmin yerdə dəfn olunan mərhumların qohumları bəzən özləri ilə qəbiristanlığa molla gətirirlər. Biz hərdən oradakı dəfn mərasimlərində iştirak edir, “Yasin” oxuyuruq. Amma kimsəsizlər qəbiristanlığındakı bütün dəfn mərasimlərində həmişə özümüz iştirak edirik”.

Məşədi Nazim bəzi hallarda kimsəsiz mərhumların qohumlarının onlara yiyə durduqlarını, meyitlərinə sahib çıxdıqlarını dilə gətirdi. Lakin bu, çox nadir hallarda baş verir: “Bəzən elə hallar olur ki, kimlərsə gəlib hansısa kimsəsiz mərhumun qohumu, doğması olduğunu deyir. Amma belə hallar əsasən morqda olur. Bəzən avtoqəzalarda dünyasını dəyişənlər, habelə haradasa vəfat etmiş şəxslərin üstündə onların kimliyini təsdiq edən sənəd olmadığından onu bir müddət morqda saxlayır, fotosunu çəkirlər. Amma şübhəsiz ki, bunun üçün müvafiq müddət var. Həmin müddətdən sonra onu dəfn edirlər. Sonra isə mərhumun yaxınları, doğmaları üzə çıxdıqda gəlir bura və məzarın üstündəki nömrəylə öz doğmasının qəbrinin yerini tapır. Yeri gəlmişkən, qeyd edim ki, morqda da meyitlərə xüsusi nömrə vurulur. Lakin ordakı nömrələrlə burdakı nömrələr bir-birindən fərqlidir, rəqəmlər üst-üstə düşmür”.

Məşədi Nazim bildirdi ki, kimsəsizlər qəbiristanlığının qeyd kitabçası var. Burada dəfn olunanlar torpağa tapşırıldıqları günə, habelə cərgələrə uyğun olaraq nömrələndiklərindən öz qohumlarının məzarını axtaranlar gəlib burda uyuyan doğmalarının qəbirlərini tapırlar. Başqa sözlə desəm, burdakı nömrələr, habelə qeyd kitabçasına yazılanlar kimsəsiz mərhumların kimliklərini xəbər verir. Bu səbəbdən də kimsə onları axtardıqda rahat tapa bilir”.

Kimsəsizlər bura təkcə Maştağa qəsəbəsindən, Sabunçu rayonundan deyil, digər yerlərdən də göndərilir. Əhaliyə Vətəndaşlıq Tresti kimsəsiz insanların tabutlarını bura göndərir. Onlar qəbiristanlıqda torpağa tapşırılırlar. Məşədi Nazimin sözlərinə görə, ay ərzində qəbiristanlıqda 1, bəzən 2 ölü torpağa tapşırılır. Kimsəsizlər qəbiristanlığının işçiləri və nəzarətçiləri yalnız şəxsiyyəti bilinməyən ölülərin məzarlarının nömrələnməsinə və basdırılmasına cavabdehlik daşıyır.

Qeyd edək ki, burada kimsəsiz kimi dəfn olunmuş rus millətindən olan bəzi mərhumların da qohumları sonradan onların məzarlarını axtarıb tapıb və doğmalarının məzarlarının üstündəki xaç işarəsinə onların adlarını, soyadlarını yazdırıblar.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm