• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Piket keçirən dəmiryolçularla bağlı rəsmi AÇIQLAMA

Piket keçirən dəmiryolçularla bağlı rəsmi AÇIQLAMA

Bu gün “Azərbaycan Dövlət Dəmir Yolları” QSC-nin mərkəzi ofisinin qarşısında piket keçirən dəmiryolçuları qurumun Həmkarlar İttifaqını sədri Fəzail Bayramov qəbul edib.

Bu barədə Publika.az-a “Azərbaycan Dövlət Dəmir Yolları” QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov bildirib.

Onun sözlərinə görə, əməkdaşlar norma saatlarının aşağı salınmasına və təzə vaqonlardan istifadə etməmələrinə etiraz ediblər:

“Piket keçirən əməkdaşların əslində maaşları aşağı salınmayıb. Onlar norma saatlarının azaldılmasına etiraz edirdilər. Saatlar aylıq olaraq 150, 157, 270 və s. ola bilir. Bu isə kvartalın sonunda bərabərləşir. Əməkdaşlara bu izah olundu və heç bir problem olmadı. Digər məsələ isə onların təzə vaqonlardan istifadə etməmələri iddiasıyla bağlı idi. Bu da onlara izah olundu ki, onlar təzə vaqonlardan da istifadə edirlər. Məsələn, elə Astara qatarı. Bir də rəhbərlik tərəfindən onlara bildirildi ki, hazırda qatarlarımız Ukraynada təmirdədir və təzə vaqonlar gətiriləndən sonra bunlar da istifadəyə veriləcək”.

Qeyd edək ki, bu gün mətbuatda ADDY-nin ofisi qarşısında 50-yə yaxın qatar bələdçisinin iştirakı ilə piket keçirildiyi barədə xəbər yayılmışdı. Bildirilirdi ki, onlar ADDY rəhbərliyi ilə görüş və 5 ay qabaqkı müraciətlərinə cavab tələb ediblər:

“Biz əvvəllər 450 manat aylıq maaş alırdıq. Ötən ay məvacibizi azaldaraq 240 manata endiriblər. Bundan əlavə, neçə illərdir məvaciblərimizin bir hissəsini, ezamiyyət və məzuniyyət pullarını, yol pullarını və sair ödənişləri ala bilmirik. Bunun səbəbini öyrənmək istəyirik. 5 ay əvvəl ADDY rəhbəri Arif Əsgərova 7 bənddən ibarət yazılı müraciət edərək ondan sosial problemlərimizin həllini istəmişdik. Bizə cavab verən yoxdur. Bir neçə gün öncə rəhbərliyə müraciət etdik. Dedilər sizin müraciətiniz itib, yenisini yazın. İndi bura yığılmışıq ki, tələblərimizi təkrarlayaq” - deyə qatar bələdçiləri bildirib.

Gülnar Əliyeva

Xəbər lenti

DAHA ÇOX XƏBƏR