• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Bakının ata-anasız, adsız və soyadsız 4 yaşlı sakini – bir qətlin ağır fəsadları - FOTOLAR

Bakının ata-anasız, adsız və soyadsız 4 yaşlı sakini – bir qətlin ağır fəsadları - FOTOLAR

Xətai rayonu Gəncə prospekti 20 A ünvanında bir-birinə söykənmiş taxta parçalarının arasındakı darısqal, soyuq və rütubətli otaqda hələ körpə yaşlarından dünyanın bütün məhrumiyyətləri ilə üzləşmiş, doğulduğu gündən ata, 2 aya yaxındır ana himayəsindən məhrum olmuş adsız, soyadsız, doğum haqqında şəhadətnaməsi olmayan 4 yaşlı körpə böyüyür. Nənə-baba himayəsinə sığınmış bu azyaşlı 2010-cu ildə dünyaya gəlsə də, bir sıra səbəblər üzündən doğum haqqında şəhadətnaməsini bu günə kimi ala bilməyib. Publika.az bu 4 yaşlı uşağın üzləşdiyi məhrumiyyətlərlə sizi tanış edir.

“Körpə ana bətnində olanda Elşən qızımın ombasını vurub çıxardı”

Tuncay adlı bu zavallı uşaq Elşən Mehdiyevlə İltima Salmanovanın qeyri-rəsmi nikahından doğulub.

İltima Salmanovanın anası Kəmalə Salmanova deyir ki, kürəkəni Elşən Mehdiyev onun qızını qaçırıb: “2009-cu ildə Elşənlə qızım İltima ailə qurdular. Oğlan evi Elşənə toy da etmədi. Nəinki toy oldu, heç gəlinin barmağına üzük də taxmadılar. Ancaq bunlara baxmayaraq, qızım ərini bütün problemləri ilə qəbul etdi. Bircə dəfə olsa belə, üzləşdiyi çətinliklərdən şikayətçi olmadı. Həmişə Elşənə deyirdi ki, səndən istədiyim tək bir şey var – övladına bax, atalıq et. İki aydan sonra onların evlərinə getdim. Qızım İltima dedi ki, ana, oğlan yaxşı adam deyil, məni incidir, ayrılmaq istəyirəm. Lakin buna etiraz etdim. Dedim ki, qızım, gənc ailələrin hamısında belə problemlər olur. Cavansınız, bir-birinizə öyrəşəcəksiniz. Lakin qohumlarımız növbəti dəfə həmin ailəyə gedəndə Elşənin narkoman olduğunu, narkotik maddə qəbul etdiyini eşidiblər. Bundan sonra o, qızımı tez-tez döyməyə, ona işgəncə verməyə başladı. Özü də bu işgəncələri qızıma ancaq narkotik maddə qəbul etdikdən sonra verirdi. Bütün bunları Elşənin anası da bilirdi. O özü də deyirdi ki, bunlardan ailə olmayacaq. Elşənin anası mənə dəfələrlə təklif etdi ki, onu həbs etdirin. Lakin yazığım gəldi, dedim, axı niyə kürəkənimi tutdurum? Amma buna baxmayaraq, Elşənin işgəncələrinin sayı gündən-günə artmağa başladı. Bir dəfə evdə yağı qaynadıb, qızımın qollarına tökmüşdü. Daha sonra övladımın bədəninə papiros basıb yandırmışdı. Qızım 8 aylıq hamilə olanda Elşən onu necə vurmuşdusa, İltimanın ombası çıxmışdı. Onu bu vəziyyətdə gətirib atdı üstümüzə. Qızımı müalicə etdirdik. Bir ay sonra körpə dünyaya gəldi. Övladının dünyaya gəlməsi, körpənin qayğıları ilə heç maraqlanmadı. Körpənin bütün xərclərini mənlə babası çəkdi. Ümumiyyətlə, nəvəm həmin gündən bizdə qaldı. Nəvəmə anadan olandan bu günə kim mən baxmışam. Artıq 4 ildən çoxdu ki, İltima ərinin bütün əzab-əziyyətlərinə dözdü, amma işgəncələrə tab gətirə bilmirdi. Ona görə də bura, atası evinə qayıtdı. Bizim evdə qaldı. Qızım neçə dəfə ərinin evinə getsə də, döyülüb, 3-4 gündən sonra bura qayıdırdı. Elşən onu təkcə döymürdü, həm də bizi söyürdü. Ona deyirdim ki, ay Elşən, ailənə sahib çıxırsansa, çıx, sahib çıxmayacaqsansa, hər gün gətirib üstümüzə atma, qohum-qonşudan ayıbdır axı. Bir sözlə, qızım çox əziyyət çəkirdi. Son iki ayda işləməyə başlamışdı. Deyirdi ki, ana, pul qazanım, Tuncayın doğum haqqında şəhadətnaməsini alım.

“4 il idi ki qızımı izləyirdi, demişdi ki, səni öldürəcəm”

İltima qətlindən bir neçə ay əvvəl işə düzəlmişdi: “Bir aydan çox idi ki, işləyirdi. Elşən isə onu daim izləyir, pusur, göz qoyurdu. Dörd il idi ki, İltimanı atasının, qohumlarımın nəzarəti altında saxlayırdım. Elşən qızıma hədə-qorxu gəlirdi. Deyirdi ki, sənin üzünə “kislota” atacam, öldürəcəm. Onun hədələri ilə əlaqədar bir neçə dəfə sahə müvəkkili Nazim müəllimə şikayət etsəm də, bunun xeyri olmadı. Sahə müvəkkili Elşəni 3-4 dəfə çağırtdırmışdı. Ancaq faydası olmurdu, hədələr davam edirdi. Elşənin hədələri ilə bağlı Xətai Rayon Polis İdarəsinin 35-ci polis bölməsinə ərizəylə müraciət etmişəm. Lakin hər dəfə polis işçiləri bizi arxayın salırdılar ki, o, adam öldürən deyil. Təhqiqatçı Anar müəllim özü deyirdi ki, o kimdir adam da öldürə? Elşən özü isə deyirdi ki, Suraxanı mənim oylağımdır, heç kimdən qorxmuram. Get, kimə şikayət edirsən, et”.

Ana Elşən Mehdiyevin onun övladını qətlə yetirdiyi günü belə xatırlayır: “Dekabrın 11-də İltima həyətdə iş görürdü. Həmin gün işə də getməmişdi. Deyirdi ki, ana, Elşən məni qorxudur. Axşam saat 17-18 radələri olardı. İltima çörək almağa getmişdi. Lakin bir neçə saat keçsə də, geri qayıtmadı. Narahat idik. Onu axtarmağa başladıq. Kürəkənim bizə zəng vurdu. Dedi ki, Elşən ona zəng vuraraq İltimanı qətlə yetirdiyini bildirib. Qətli Elşən Zığ bağları adlanan ərazidə törətmişdi. Bir qədər sonra, gecə saat 23 radələrində polisdən zəng vurdular ki, İltima sizin qohumunuzdur? Gəlin meyitini aparın. Axşam gedib qızımın meyitini gətirdik”.

4 yaşlı uşağın babası Məmməd Salmanov da Elşən Mehdiyevin ölüm təhdidi ilə əlaqədar 2-3 dəfə Xətai rayon Polis İdarəsinin 35-ci polis bölməsinə şikayət etdiklərini, hətta buna görə keçmiş ərdən izahatın alındığını söylədi: “Elşəndən izahat aldılar. Amma sonra uzun müddət onu tapa bilmədilər”.

“Elşən telefonda təhqiqatçıya dedi ki, mənim orda nə işim var?”

Mərhumun bacısı Elnarə Salmanova 2010-cu ildən başlayaraq polis bölməsinə dəfələrlə müraciət etdiklərini dedi: “Elşən İltimanın ombasını çıxaranda polis bölməsinə şikayət etdik. Elə olurdu polis bölməsinə çağırırdılar. Bəzən də deyirdilər ki, tapa bilməmişik. Dəfələrlə bizə zəng olurdu ki, Elşən İltimanı döyür. Gedirdik onların evlərinə. Çalışırdıq ki, bacımı ərinin əlindən alaq. Hətta bir dəfə biz bacımı onun əlindən almaq istəyəndə istədi İltimaya bıçaq atsın. Anam bacımı ayaqyalın avtobusa mindirərək evimizə gətirdi. Həyat yoldaşım Elşəni güclə saxladı. Polisə növbəti dəfə müraciət etsək də, şikayətimizə baxılmadı. Bu hadisədən əvvəl bacım mağazadan qayıdanda Elşən onu küçədə döydü. İltimanın başına elə vurmuşdu ki, alnı, sifəti şişib göyərmişdi. Bacımı ekspertizadan keçirdilər, növbəti dəfə polis bölməsinə müraciət etdik. Anam, atam və bacımla təhqiqatçı Anar müəllimin yanına getdik. Təhqiqatçı bizim yanımızda Elşənə zəng vurdu ki, polis bölməsinə çağırsın. Lakin Elşən telefondaca təhqiqatçıya dedi ki, mənim orda nə işim var, ardınca bacımın ünvanına elə nalayiq ifadə işlətdi ki! Sonra isə dedilər ki, onu tapmırıq. Halbuki Elşən Əhmədlidə avtobus marşrutlarında sürücü işləyirdi. Təhqiqatçı 10 gün sonra gəlib anama dedi ki, şikayətini geri götür, məni yuxarıdan incidirlər. Biz bölməyə bir neçə dəfə rəsmi ərizəylə, bir neçə dəfə də qeyri-rəsmi şəkildə şikayət etdik.

Elşən bacıma çoxsaylı bıçaq xəsarətləri yetirərək onu amasızlıqla qətlə yetirdi. Üstəlik, bacımın qollarının və dizinin ətini bıçaqla kəsmişdi. İltima özünü müdafiə etmək üçün əllərini qabağa verdiyindən bıçaq barmaqlarının hamısını doğramışdı. İltimanın barmaqları dərisindən sallanırdı”.

İstintaq altında olan qatil yenə ailəni rahat buraxmır

Hazırda barəsində istintaq gedən Elşən Mehdiyev Salmanovlar ailəsini yenə də rahat buraxmır. Ailə üzvlərinin dediklərinə görə o, ötən həftənin cümə günü (mərhumə İltimanın yas mərasimində) keçmiş qayınatasına, habelə ailənin digər qohumlarına zəng vuraraq, onlardan bağışlanılmasını istəyib.

Ailə üzvləri deyir ki, qızlarının qətli ilə bağlı qaldırılan cinayət işinin istintaqı ilə bağlı hüquq mühafizə orqanlarına çağırılmayıblar. Məmməd Salmanovun sözlərinə görə, indiyədək hüquq mühafizə orqanlarının heç bir əməkdaşı onların evinə gələrək hadisənin səbəbləri ilə maraqlanmayıb. Yalnız bir dəfə ailə üzvləri ifadə verməyə gediblər.

Yazıda adı çəkilən 35-ci polis bölməsinin təhqiqatçısı ilə də əlaqə saxladıq. Lakin həmin şəxs bizimlə danışmaqdan imtina etdi. Suraxanı rayon Prokurorluğundan isə bildirdilər ki, Elşən Mehdiyevin törətdiyi ağır qətl hadisəsi ilə bağlı cinayət işi açılıb və istintaq davam edir.

Hamilə İltimanı ərinin işgəncələrindən xilas etmək üçün evinə gətirən ailə sonradan Tərtər rayonuna üz tutub. Körpə rayonun Qarağacı kəndində dünyaya gəlib. Valideyn himayəsindən məhrum olmuş, nənə-baba himayəsindəki bu balacanın indi sığındığı kiçik, rütubətli, darısqal otaqda onunla bərabər 5 nəfər yaşayır.

4 yaşlı Tuncay bu günə kimi sənədsizdir, heç bir ünvanda qeydiyyatda deyil.

Ümid edirik və inanırıq ki, müvafiq qurumlar valideynlərindən məhrum olmuş bu azyaşlının sənədlərinin hazırlanması üçün öz yardımlarını əsirgəməyəcəklər.

Anar Tağıyev

Xəbər lenti

DAHA ÇOX XƏBƏR