• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

ADU tələbələri pedaqoji təcrübəyə yollandılar

ADU tələbələri pedaqoji təcrübəyə yollandılar

Yanvarın 26-da Azərbaycan Dillər Universitetinin (ADU) Pedaqoji (ingilis dili və fransız dili), Pedaqoji (ingilis dili və alman dili), Filologiya və Jurnalistika fakültəsinin 2014-2015-cü tədris ilində Bakalavr ali təhsil pilləsinin əyani şöbəsinin IV kurs, qiyabi şöbəsinin V kurs tələbələrinin pedaqoji təcrübəsinə həsr olunan konfrans keçirildi.

Konfransı giriş sözü ilə açan universitetin Tədris işləri üzrə prorektoru Vazeh Əsgərov pedaqoji təcrübənin tələbələrin həyatlarında önəmli olduğunu söyləyərək universitetin rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidovun adından tələbələri təbrik etdi. Təhsil aldıqları müddətdə əldə etdikləri biliklərin pedaqoji təcrübədə tətbiq etmək zamanının gəldiyini deyən prorektor pedaqoji təcrübədə tələbələrin davamiyyət, nizam-intizam məsələlərinə toxundu. V. Əsgərov sonda tələbələrə yeni-yeni nailiyyətlər arzuladı.

ADU-nun Elmi işlər üzrə prorektoru, professor Dünyamin Yunusov pedaqoji təcrübənin tələbələrin həyatında əlamətdar hadisə olduğunu söylədi. Prorektor Azərbaycan Dillər Universitetinin respublika ali təhsil müəssisələri içərisində öndə gedən universitetlərdən olduğunu bildirdi. ADU-da püxtələşmiş tələbələrin təhkim olunduqları təhsil müəssisələrində universitetin adına layiq şəkildə nizam-intizam qaydalarına riayət etmələrini, pedaqoji təcrübədə əldə etdikləri bilik və bacarıqları yüksək səviyyədə nümayiş etdirmələrini tövsiyyə etdi. ADU tələbələrinin hər zaman nümunəvi olduqlarını deyən D. Yunusov pedaqoji təcrübə keçəcək tələbələrə uğurlar arzuladı.

Tərbiyə işləri üzrə prorektor, professor Ələddin Əliyev tələbələrə həyatlarının mühüm mərhələsinə başladıqlarını dedi. O, universitetin tələbə və müəllimlərinin birgə pedaqoji təcrübəni uğurla başa vurmalarının universitet üçün mühüm əhəmiyyətə malik olduğunu bildirdi və pedaqoji təcrübədə iştirak edən hər kəsə təşəkkür etdi.

Universitet üzrə Pedaqoji təcrübə rəhbəri Məmməd İsmayılov çıxışında təcrübənin mahiyyətindən və qaydalarından, eyni zamanda təcrübənin təşkili ilə bağlı məsələlərdən, pedaqoji təcrübəyə ayrılan saatlardan danışdı. Orta məktəblərin daxili nizam-intizam qaydalarına ciddi riayət etməyin vacibliyini vurğulayan pedaqoji təcrübə rəhbəri kəsrli tələbələrin pedaqoji təcrübədə iştirakı ilə bağlı məsələyə də aydınlıq gətirdi. O, pedaqoji təcrübənin səmərəli aparılması, yaxşı nəticələrin əldə olunmasının bu işə cəlb olunanların ciddi və məsuliyyətli münasibətindən asılı olduğunu söylədi. Metodist, pedaqoq və psixoloqun məktəbdə əlaqəli-koordinasiyalı işinin təşkilini nəzərə çatdıran M. İsmayılov təcrübəçi tələbələrin təhkim olunduqları məktəbdə keçirilən tədbirlərdə iştirakı, eyni zamanda onların da tədbirlərin təşkili ilə bağlı təşəbbüslərin zəruriliyindən danışdı. Sonda pedaqoji təcrübənin kollektiv iş olduğunu deyən Məmməd İsmayılov bu işdə bütün iştirakçıların yaxından iştirakını arzuladı.

Linqvodidaktika kafedrasının müdiri, professor Gülnar Hüseynzadə, Psixologiya kafedrasının müdiri, dosent Ceyhun Alıyev, Pedaqojika kafedrasının dosenti Vidadi Bəşirov, Kurrikulum və Keyfiyyətə nəzarət Departamentinin müdiri Şəfəq Şahməmmədova çıxış edərək bu təcrübənin tələbənin pedaqojji fəaliyyətindəki ilkin təsirlərindən danışdılar, əsas məqsədin peşə keyfiyyətinə malik olan mütəxəssislər hazırlanması olduğunu bildirdirərək tələbələrə uğurlar arzuladılar.

Qeyd edək ki, təcrübə əyani şöbədə 2015-ci ilin yanvarın 26-dan mayın 1-dək olan tarixləri əhatə etməklə 14, qiyabi şöbədə 2015-ci ilin fevralın 9-dan martın 13-dək olan tarixləri əhatə etməklə 5 həftə davam edəcək. Pedaqoji (ingilis dili və fransız dili) fakültədən ümumilikdə 460 nəfər tələbə, Pedaqoji (ingilis dili və alman dili) fakültədən ümumilikdə 125 nəfər tələbə, Filologiya və Jurnalistika fakültəsindən ümumilikdə 51 nəfər tələbə pedaqoji təcrübədə iştirak edəcəklər. Pedaqoji təcrübəyə yollanan tələbələr Bakının 40 orta ümumtəhsil məktəbində təcrübə keçəcəklər.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR