20 manatlıq intim xidmət, 5 dəqiqəlik seks, xəstə fahişələr – FOTO/VİDEO
Bizi izləyin

Qırmızı.az

20 manatlıq intim xidmət, 5 dəqiqəlik seks, xəstə fahişələr – FOTO/VİDEO

Kiminsə pul müqabilində başqasının qarşısında soyunmasının, yaxud öz bədənini göstərməsinin ləyaqətsiz hərəkət olması haqqında ilk dəfə İsmayıl Şıxlının “Cəbhə yolları” romanında oxumuşdum. Ona isti yemək verməsindən razı qalan faşist əsgəri azərbaycanlı yazıçının bu humanistliyi müqabilində çəkməsini, sonra isə cibindəki albomu sovet əsgərinə hədiyyə olaraq vermək istəyir. Yazıçı albomu açaraq onun səhifələrindəki çılpaq qadınların fotolarına baxır. Özünün də dediyi kimi, başqasının qarşısında soyunmaqla öz ləyaqətini alçaldan bu şəxslərin şəkilləri onda ikrah hissi doğurur. Bu mənada, yazıçının fikirləri ilə razılaşmamaq olmur.

Təəssüf ki, hər gün belə xoşagəlməz mənzərələrlə qarşılaşırıq. Paytaxtın bəzi yerlərində günün axşam saatlarında qarşımıza çıxıb söz atan fahişələrin təklifləri də bu qəbildəndir. Publika.az şəhərimizin bir sıra yerlərində əxlaqsızlıqla məşğul olan qadınlarla bağlı reportajı sizə təqdim edir.

“...30 manat özümə, 10 manat evə...”

Paytaxtda əxlaqsızlıqla məşğul olan qadınların özlərinə daimi yer seçdikləri məkanlardan olan Səməd Vurğun bağında günün gecə saatlarında qısa müşahidələr aparmaq kifayətdir ki, burada nələrin baş verdiyini gözlərinlə görəsən. Parkın sol hissəsindəki oturacaqlarda əyləşmiş iki qadının həm geyimi, həm də davranışları diqqət çəkirdi. Kosmetikadan ifrat dərəcədə istifadə edən, sifətlərini müxtəlif rənglərlə şit, eybəcər hala salan qədim peşənin müasir sahibləri müştəri “ovu”na çıxmışdılar. Havanın soyuq olmasına baxmayaraq, onlardan biri ətrafdakıların diqqətini cəlb etməkdən ötrü əyninə dar, qısa yubka, dəri gödəkcə geyinmişdi. Yaşı təxminən 42-44 olan bu qadın yaxasıaçıq koftanı qadınlara qarşı həssas olan kişilərin gözlərini qamaşdırmaq üçün geymişdi. Belə də oldu – onun tələsinə təxminən 19-20 yaşlarında olan iki gənc düşdü. Aralarındakı söhbət qısa çəkdi. Gənclər gülüşüb uzaqlaşdılar. Bayaqdan onlara göz qoyduğumu görən qadın gülümsünüb göz vurdu. Ayaqlarını cütləşdirib qarşımda dayandı:

- Canım, salam.

- Salam.

- Necəsən?

- Yaxşı...

- Gedək...?

- Hara?

- Yaxınlıqda yerim var. 30 manat özümə verəsən, 10 manat da evə, 5 manat da taksiyə.

- Yerin haradadır?

- Beş dəqiqəlik yoldur. Gedirik?

Onu söhbətə cəlb etmək, danışığımızı uzatmaq üçün dilə tutdum:

- Bir nəfəri gözləyirəm, qoy gəlsin.

- Kimdir bir nəfər? İlişdirərsən a məni...

- Narahat olma, adam ilişdirən deyiləm.

- Bəs gözlədiyin kimdir?

- Dostum. Başqa yerə getmirsən?

- Başqa yer haradır? Yox, evə-zada getmirəm. Beş dəqiqəlik seksdən ötrü durub Bakının o başına gedəsi deyiləm ki.

Onun rəfiqəsi dialoqumuzu eşidib bizə yaxınlaşdı. Əynində qara gödəkcə və dar cins şalvar, ayağında uzunboğaz ayaqqabısı olan bu qadın üzünə süni təbəssüm verib güldü. Məni başdan-ayağa süzüb maraqla soruşdu:

- İki nəfərsiniz?

- Hə.

- Dostun nə vaxt gələcək?

- Elə indilərdə. Sənin adın nədir?

- Esi.., Esmira.

- Bəs bunun?

- Gulya. Adımızı neynirsən?

- Elə-belə soruşdum.

- Gəl mənimlə gedək, dostun da Gulyayla gedər.

- Qiymət neçə olacaq?

- Dedim də qiyməti.

- Aşağı yer yoxdur?

- Daha bundan aşağı nə “ustupka”?

“Burda çox dayanmaq olmur, ilişirlər”

Bu zaman uzaqdan iki nəfərin parkın mərkəzinə doğru gəldiyini görən qadınlar “gözləyirik” – deyə məndən aralandılar, guya avtobus gözləyən sərnişinlər kimi dayanacağa tərəf getdilər. Məlum oldu ki, onlar əraziyə nəzarət edən asayiş keşikçilərindən yayınmaq üçün tez-tez belə fəndlərdən istifadə edirlər. Parka gələnlərin sakinlər olduğunu görən qadınlar təxminən 2-3 dəqiqə sonra yenidən mənə yaxınlaşdılar. Onlardan biri tələsik, “nə oldu, dostun gəlmədi?” – deyə sualdolu baxışlarını mənə zillədi. Cavab verdim ki, mənimlə gələn guya indicə metrodan çıxacaq. Özünü Gulya kimi təqdim edən qadının səbri daraldı:

- Dostunu neynirik e? Gəl gedək, o, Esiylə gedər. Pulun varsa, gedək elə ikimizlə də...

- Az qalıb, dostum çatır.

- Bizim vaxtımız azdır.

- Hara tələsirsiniz?

- Tələsmirik e, burda çox dayanmaq olmur. İlişirlər.

- Dostum çatır, lap az qalıb.

- Zəng elə, de ki, bir az tez olsun də, donduq öldük.

“Gedim metronun qarşısından qarşılayım gətirim, buraları yaxşı tanımır” – deyib, onlardan kənarlaşıram. Cavablarından bilinir ki, bu gün pul qazana bilməyiblər: “Tez ol, canım, gözləyirik”. Parkdakı qadınlar ərazidə heç kimin olmaması səbəbindən yenidən avtobus dayanacağına yaxınlaşaraq, müştəri ovuna çıxırlar. Mən isə küçə qadınlarının gecələr müştəri ovuna çıxdıqları başqa yerə - “Neftçilər” metrostansiyasına gedirəm.

Qaranlıq keçid, tənha gəzən qanıqara “ovçu”...

Qeyd edək ki, “Neftçilər” metrostansiyasının çıxışındakı körpü, daha doğrusu, bu körpünün altında gecələr qaranlığa qərq olan yer də əxlaqsız qadınların toplaşdığı məkana çevrilib. Asayiş keşikçilərinin nəzarətindən yayınmaq məqsədilə bu yerə toplaşan fahişələr şəhərətrafı qəsəbələrə doğru hərəkət edən marşrut avtobuslarının dayanacaqlarından istifadə edirlər. “Nargilə” kafesi – Bakıxanov stansiyası” istiqamətində hərəkət edən 57 saylı marşrut avtobusunun, habelə 35, 49, 81 və 185 saylı marşrut avtobuslarının dayanacaqlarından gizlənmək üçün istifadə edən bir qadının təxminən yarım saat ərzində heç bir avtobusa minməməsi onun sərnişin olmadığını göstərirdi. Ətrafdakı sərnişinləri diqqətlə süzən 37-40 yaşlı qadın körpünün altına çəkilib papiros yandırdı. Bir neçə dəqiqə əvvəl söhbətləşdiyimiz qadınlardan fərqli olaraq kiməsə söz atmır, sadəcə, müştəri kimi nəzərdən keçirdiyi gənclərlə baxışmaqla kifayətlənirdi. Keçid qaranlıq olduğundan onun sifəti də aydın görünmürdü. 49 saylı avtobusdan düşən sərnişinlərdən biri, deyəsən, onu tanıdı. Yanından keçəndə qadına söz atdı. O isə öz növbəsində oğlana “rədd ol, sən pul verən ... deyilsən” cavabını verməklə kifayətləndi. Bütün bunlar bu qadının qanıqara olduğunu göstərdi. Bir neçə dəqiqə sonra isə yolu keçib əks tərəfdəki digər keçidə girdi. Beləcə, qaranlıqda gözdən itdi. Deyəsən, bugünkü “ov”u alınmamışdı.

“20 manat, yer pulu, taksi pulu mənlikdir”

“Neftçilər” metrostansiyasının çıxışı, xüsusən buradkarı “McDonalds” restoranının qarşısındakı ərazi də gecələr fahişələr üçün daimi məkana çevrilib. Metronun çıxışına doğru addımlayıb yeraltı keçidə daxil olmaq istədikdə, təxminən 32-35 yaşlı qadın astadan salam verdi:

- Privet, lyubov moya.

- Privet...

Salamını aldığımı gördükdə daha da yaxınlaşdı. Yarırus, yarıazərbaycanca danışsa da, rus dilində mükəmməl danışa bilmədiyi açıq-aydın məlum oldu:

- Necəsən krasaveç?

- Yaxşı...

- Can, moy həyat.

- Nə qədər istəyirsən?

- 25 manat, moy həyat.

- Otelə gedirsən?

- Neee... Nə otel? Özümün evim var.

- Haradadır ev?

- Yaxındadır. Taksi aparıb-gətirir, gedirik?

- Bir səbrin olsun, gözlə görək.

O, bu sözlərimi eşidəndə əsəbiləşdi, məndən “xeyir” gəlməyəcəyinə əmin oldu. Forslanaraq dönüb çıxıb getdi. Elə bu an 3-4 metr kənarda dayanmış başqa bir qadın mənə yaxınlaşdı. Dolubədənli, 40-42 yaşlı bu qadın rəqibinin məndən üz döndərib getməsi fürsətini əldən qaçırmadı. Rəqibinin müştəriyə naz etməsindən yararlanmaq niyyətindəydi. Restoranın musiqili səs-küyü içində suallarını verdi:

- Gedək, başına dönüm.

- ...

- Axşamın xeyir, gedək?

- ...

- Sən nəsə mənə tanış gəlirsən

- Ola bilər...

- Allah haqqı, səni haradasa görmüşəm. Anamın goru, sən mənə tanış gəlirsən.

- Mümkündür.

- 20 manat, gedək?

- 20 manat?

- Hə, yer pulu, taksi pulu mənlikdir.

- 20 manat çoxdur axı.

- Quran haqqı, 10 manat otağa verirəm, 5 manat da taksiyə, aparıb, gətirəcək. Anamın qəbri, balamın canı.

- Gözləyək, dostum da gəlsin. Sən özündən danış görüm, adın nədir?

- Yox, mən o yerə adam aparmıram. Buranın qızları hara gedirlərsə getsinlər, amma mən ora başqa qadın aparmıram. Ancaq özüm gedirəm.

- Gözləyək, dostum gəlsin, gedərik.

- Özünlə 25 manat götürərsən.

- Öz evindir ora?

- Qəşəng yerdir, rahatdır. Vallah, sən mənə tanış gəlirsən.

- Adın nədir?

- Flora.

- Bəs o birinin adı nədir? O, neçəyə gedir? Mənə 25 manat dedi.

- 25..? Qələt edir. 25 manat deyir, amma 20 manata çıxır. Dostun gəlsə, o da onu aparar. Mənə də 25 verərsən, nə olar?! Amma o bilməsin ha...

- Pulu artırdın? Bayaq 20 manat deyirdin.

- Vallah bir nəfər var, ona 5 manat borcluyam.

- Bir az gözləyək, dostum gəlsin.

- Yaxşı...

O, metronun qarşısında var-gəl edərək ətrafdan keçənlərə söz atmağa başladı. Mən isə dostumu gözləyə-gözləyə hər iki qadının hərəkətlərini izləməyə başladım. Flora adlı qadın metrodan çıxanlara söz atır, şit-şit zarafatlar edərək gülürdü. Bu arada diqqətimizi bir məqam cəlb etdi: fahişələrə yaxınlaşanlar yalnız gənclər və yeniyetmələr yox, həm də yaşı 45-dən çox olan kişilər idi. Təxminən 45-50 yaşlı bir nəfər Floraya yaxınlaşıb ona öz təklifini verdi. Qadın da cavabından qalmadı.

Müştəri uzaqlaşıb getdikdən sonra Flora şaqqanaq çəkib güldü: “Mənə deyir ki, pulsuz gedərsən? Mən də cavabını verdim”. Elə bu vaxt əyinlərində hansısa şirkətin təhlükəsizlik xidmətinin uniformaları olan 22-23 yaşlı iki gənc Floraya yaxınlaşdılar. Onunla söhbət edə-edə rəfiqəsini də soruşdular. Lakin söhbətləri alınmadı. Deyəsən, qiymət məsələsində razılığa gələ bilmədilər. Bu səbəbdən də təhlükəsizlik xidmətinin əməkdaşları ucadan qadınları söyməyə, nalayiq ifadələr səsləndirməyə başladı. Özünü Flora kimi təqdim edən qadın isə gəncləri sakitləşdirməyə çalışaraq, “get, başına dönüm, sənin kimilərin çoxunu şöbədən çıxartdırmışam” – cavabını verdi. Gecəni bu qadınlarla keçirmək, əylənmək istəyən şirkət işçiləri isə uzaqlaşıb ərazini tərk etdilər.

Bir qədər keçdikdən sonra Flora mənə yaxınlaşıb, “mənə 1 manatlıq “kartuşka” ala bilərsən?” sualını ünvanladı. Cavabımı gözləmədən “Bəs dostun nə oldu, gəlmir” sualının ardından: “Mən keçirəm o tərəfə, dostun gələndə gəlin ora” deyib, metronun əks çıxışını göstərdi. Digər qadın isə, deyəsən, yağlı müştəri tapmışdı – o, iki gənclə birgə getdi.

Beləcə, paytaxtın Səməd Vurğun bağının, ətrafdakı küçələrinin arzuolunmaz sakinləri gecələr avtobus dayanacaqlarında, keçidlərdə gözləyən küçə qadınları ilə söhbətlərimizi, onlarla bağlı müşahidələrimizi yekunlaşdırıb geri qayıdırıq. Onlar isə səhərə qədər “iş başında”dırlar.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm