Qocalıqda yorğalıq: 70 yaşlı nənənin intim tatu həvəsi - MÜSAHİBƏ
Bizi izləyin

Qırmızı.az

Qocalıqda yorğalıq: 70 yaşlı nənənin intim tatu həvəsi - MÜSAHİBƏ

Tatunun tarixi bizim eradan əvvələ gedib çıxır. Hər zaman geyimləri, saç düzümləri, aksessuarları ilə bir-birindən fərqlənmək istəyində olan insanlar, xüsusən də qadınlar daha çox əks cinsin nümayəndələrinin diqqətini cəlb etmək üçün əllərindən gələni etməyə çalışıblar. Elə tatu da belə bir istəkdən yaranıb. Qədimdə dərini iti alətlərlə oyub içərisinə kömür və ya digər maddələr yeridərək müəyyən naxışlar salırdılar. Bu gün də bəzi insanlar qədim zamanların dəbini saxlayırlar. Əlbəttə ki, ibtidai formada deyil, təkmilləşdirərək.

“Tatuaj” sözü taiti dilində “şəkil” deməkdir. Bu sözü ingilis dilinə gətirən isə tanınmış səyahətçi Ceyms Kuk olub. Bir müddət Poleneziyada yaşayan səyahətçi tatuajın bu ölkə üçün böyük əhəmiyyət daşıdığının şahidi olub. İlk dəfə “tatuaj” sözünü 1773-cü ildə Ceyms Kuk öz hesabatlarında istifadə edib.

Hazırda Azərbaycanda da tatuaj sevənlər çoxdur. Bəs tatu ilə yoluxucu xəstəliklərə yoluxmaq olarmı? Tatu çəkdirərkən nəyə fikir vermək lazımdır? Bu, dindar insanlar tərəfindən necə qarşılanır? Tatunun hansısa fəsadları ola bilərmi? Bu və digər sualları Bakının tanınmış tatu ustası Leyla Bağırova cavablandıracaq.

- Bu sahədə nə vaxtdan işləyirsiniz?

- 5-ci ildir. 16 yaşımdan tatu etməyə başlamışam.

- Necə oldu bu sahəni seçdiniz?

- Mən özüm rəssamam. Rəssamlıqda oxuyan vaxt tatu ustasının yanında rəssam kimi işə düzəlmişdim. Mən orada eskizlər çəkirdim, fantaziyama uyğun olaraq rəsmlər hazırlayırdım. Mənim də bu sənətə marağım var idi. Usta yavaş-yavaş mənə də öyrətməyə başladı. Daha sonra özüm də döymə ilə məşğul olmağa başladım.

- Bizdə bədənində döymə olan qadınlara çox zaman yaxşı baxmırlar, onlara münasibət fərqlidir…

- Mən sizə bir şey deyim, bu, əvvəllər belə idi. Haradasa 4 il əvvəl qadınlar tatu üçün daha az müraciət edirdilər. Amma indi mənə müraciət edən xanımların çoxunun əri onlara döymə etdirməyi məsləhət görür. Bu əldə, beldə və ya hansısa görünməyən hissədə ola bilər. İndi döymə üçün gənc qızlar çox müraciət edirlər. Bu baxımdan indi tendensiyalar bir qədər dəyişib. Artıq kişilər tatuya elə də pis baxmır. Hətta özləri də bunu xoşlayırlar.

Mənim elə müştərilərim var ki, məsələn, qız anası ilə gəlir, döymə etdirmək istəyir, anası da bunu tamamilə normal qarşılayır. Mən bir də onu deyim ki, əsasən şəhər adamları döymə etdirirlər. Onlar bunu adi qəbul edirlər. Düzdür, köhnəfikirli adamlar da var, onlar qəbul edə bilmirlər və fikirləşirlər ki, qız nədir, tatu nədir? (gülür)

- Bəzən döymə ilə yoluxucu xəstəliklərin keçmə ehtimalı da olur, virus yayıla bilir. Bu baxımdan necə işləyrsiniz, müştərilər sizə etibar edirlərmi?

- Bəli, yoluxucu xəstəlik keçə bilər, amma əgər iynələr və onların ucluqları birdəfəlikdirsə, bu zaman heç bir qorxusu yoxdur. O, yalnız bir dəfə istifadə üçün olmalıdır. Bu işlə məğul olan hər kəs döymə üçün müraciət edən adamın gözünün qarşısında həmin iynəni açmalıdır ki, müştəri də arxayın olsun. İynələr, ucluq və boya tökülən qab birdəfəlik olmalıdır. Bu zaman yoluxma ehtimalı mümkün deyil.

- Bunu gələn müştərilərin hamısı sizdən tələb edir?

- Tələb etməsələr də, bizim borcumuzdur ki, onlara göstərək. Müştərinin fikri dağıla da bilər. Ola bilər ki, mən açanda görməsin. Evə gedəndən 3 gün sonra fikrində qalsın ki, iynə steril olub, yoxsa yox? Biz həm də bununla özümüzü sığortalamış oluruq. Bunu müştəri görəndə rahat olur ki, hər şey birdəfəlikdir və heç bir qorxusu da yoxdur.

- Ən çox sizdən hansı təsvirləri istəyirlər?

- Kişilər, yoxsa qadınlar?

- Sizə kişilər də müraciət edir?

- Olur, amma kişi müştəriləri çox götürmürəm. Çünki kişilər kişi ustanın yanına gedəndə daha yaxşı olur. Bəzən kişilər gələndə tatu etdirmək məqsədilə deyil, "təki nəsə etdirim" deyə gəlirlər. Bəzən də özlərini yaxşı apara bilmirlər. Bu baxımdan çalışıram ki, kişiləri çox qəbul etməyim. Mən daha çox tanış kişilərə döymə edirəm. Qadınlara gəlincə, indi dəbdə olan döymələr yazılardır. Onlar daha çox bununla bağlı müraciət edirlər. Bura ingiliscə, fransızca sözlər daxildir. Bir ara çin heroqlifləri də dəb idi, amma bunlar çox az gündəmdə oldu və daha demək olar ki, heç kim bu heroqlifləri bədəninə döydürmək istəmir. Ən çox isə boyun arxası, əl, qol, qulaq ardı hissəyə balaca “bantik”lər edirlər, rəsmlərdən isə daha çox “qanadlar” istəyirlər. Yeni dəb düşüb, müraciət edənlər daha çox boyunarxası hissəyə “tac” rəsmi çəkdirirlər. Bir də “lələk” və lələkdən uçan quşlar istəyirlər.

- Bəs döymə rəsmlərini daha çox sizə müraciət edənlər özləri seçirlər, yoxsa siz təklif edirsiniz?

- Bəzən müştərilər gəlirlər ki, nəsə etdirmək istəyirik, amma nə istədiklərini bilmirlər. Onda biz birlikdə tatunu seçirik. Mən onlardan daha çox necə bir şey istədiklərini soruşuram. Bu, heyvan, bitki şəkli və ya yazı ola bilər, yəni həmin adamın zövqünü müəyyənləşdirirəm. Bizim ən böyük kataloqumuz internetdir. Burada hər şey var. İstənilən naxışı, gülü buradan seçə bilərik. Ola da bilir ki, müştəri hansısa konkret bir fikirlə gəlir. O zaman daha asan olur.

- Heç olubmu ki, müştəri gəlib elə bir təsvir istəyib ki, siz onu çəkə bilməmisiniz?

- Yox, prinsipcə, bizim qadınlarımız bütöv bədəndə olan tatular və ya elə qəliz bir şey istəmir. Bu, çox nadir hallarada ola bilir. Daha çox kişilər bütün bədəni əhatə edən tatular istəyir. Qadınlarımız daha çox kəpənək, gül, yazı, lələk – bu kimi şeylər istəyirlər və bu baxımdan çətinlik çəkmirəm.

- Bəs qadınlar daha çox necə döymələr istəyirlər, uzun müddət qalan, yoxsa tez silinən?

- Mən sizə bir şey deyim, bu döymələr standart olaraq ya ömürlük olur, ya da derma qatının üzərində bir ay, maksimum ay yarımdan çox qalmayan naxışlar ola bilir. Biz dərimizi yuduqca, dəri qabıqlanır və belə halda naxış ay yarımdan çox qala bilməz. Qısamüddətli naxışlar adı ilə bəzən insanları aldadırlar. Xüsusən də turizm zonalarında bunu edirlər. Lakin birillik dedikləri tatu ömürlük silinmir. Bu da qısamüddətli edilir, gün düşdükcə rəngi solur. Ümumiyyətlə, birillik tatu yoxdur.

- Yeniyetmələrin tatuya marağı necədir?

- Bizə yeniyetmələr də müraciət edir. Amma onlar daha çox fikirləşmədən gəlirlər. Çox vaxt da fikirlərində konkret bir şey olmur, “təki tatu edim deyə” düşünürlər. Mən, ümumiyyətlə, 18 yaşına çatmamış uşaqları götürmürəm. Sonra onların valideynləri bu barədə öyrənərsə, onda mən cavabdehlik daşıyıram. Bu yaxınlarda bir oğlan bədəninə döymə etdirmək üçün gəlmişdi. Hələ heç 16 yaşı tamam olmamışdı. Soruşdum ki, valideynlərinin onun bu istəyindən xəbərləri varmı. Məlum oldu ki, evdə heç kimə deməyib. Mən də, təbii ki, ona tatu eləməkdən imtina etdim. Onun qarşıda əsgərliyi var. Bilirsiniz ki, bədənində tatu olan insan hərbi xidmətə gedərkən müəyyən problemlər yaranır. Çox zaman bunu edəndə də hərbi xidmət öncəsi məcbur olub, gəlib sildirirlər.

Yeniyetmə qızlar üçün bu baxımdan problem yoxdur. Amma biz onlara döymə eləməmişdən qabaq yaxşı fikirləşmələrini məsləhət görürük. Əgər bir adam tatu etməkdə qəti qərarlı deyisə, mən həmin adamda döymə etmirəm.

- Tatunu silmək mümkündür?

- Mümkündür, amma bir az çətin prosesdir. Tatunu silmək üçün minimum 1,5-2 il müddəti olmalıdır. Bunu silmək üçün xüsusi lazer aparatından istifadə olunur. Bu bir dəfəyə silinmir. Həmin aparat vasitəsilə tatunun rəngini yavaş-yavaş açırıq. Bunu ayda bir dəfə edirlər. Ola bilər ki, bir seansa getsin, ola bilər ki, 20-30 seansa getsin. Tatunun yaşı nə qədər çox olarsa, silinmə bir o qədər tez gedir. 10-20 illik tatu 3-4 seansa silinə bilər. Ümumiyyətlə, tatu edərkən yaxşı-yaxşı fikirləşmək lazımdır.

- Bəs döymə etdirib, sonradan peşman olanlar olur?

- Əlbəttə ki, olub. Məsələn bir neçə il öncə döymə etdiyim bir qız gəlmişdi. Dedi ki, ərə gedirəm, döyməni sil. Ərim görsə, heç vaxt mənimlə evlənməz.

- Bəs döymənin hansısa fəsadları çıxa bilirmi?

- Yox, bunlar dəri altına yeridilən orqanik rənglərdir. Allergik reaksiyaların olma ehtimalı da yoxdur. Mən həm də üzdə işləyirəm. Bəzən olur ki, xanımlarımız müraciət edir ki, makiyaj edəndə allergiyalar olur, dəri səpir, sürmə çəkəndə gözlərdə qızartı əmələ gələ bilir. Mən belə xanımlara sürməni tatu olaraq edirəm və bir neçə il gedir. O, dərinin altına yeridildiyindən heç bir allergik reaksiya vermir. Və ümumiyyətlə, hər şey təmiz, sterildirsə, heç bir fəsadı olmur.

- Belə fikirlər də var ki, döymə dəridə xərçəng yarada bilir…

- Bu, yanlış fikirdir. Əgər müştəridə şəkərli diabet varsa, o halda tatu eləmək olmaz. Həkimi icazə verirsə, etmək olar. Elə şəkər xəstələri var ki, onlarda yara gec sağalır, bu zaman tatu eləmək olmaz. Adi adamda yara 4-5 günə sağalarsa, onlarda 1-2 aya sağala bilər. Bu vaxt ərzində isə yaraya infeksiya düşə bilər, irinləyə bilər. Buna görə bir az təhlükəli ola bilir. Tatuda istifadə olunan rənglərin tərkibində müəyyən miqdarda dəmir var. Xərçəng xəstəliyi olan insanlarda MRT və ya tomoqrafiya aparatından keçəndə xoşagəlməz ağrı verə və yandıra bilər. Bəzən deyirlər ki, hamilələrə də tatu olmaz. Amma akuşer-ginekoloqlar özləri bunun hamilələr üçün zərərsiz olduğunu bildirirlər. Çünki biz onların mədəsinə hansısa maddə yeritmirik, bu, dərinin altına keçir və ziyanı yoxdur. Bəzi qadınlar hamilə vaxtı ağrıya həssas olurlar. Əgər dözürlərsə, eləmək olar.

- Tatu edərkən keyidici iynə vurulurmu?

- Yox, tatu, ümumiyyətlə, keyidicisiz olur. Keyidici çox nadir hallarada ola bilir. Bəzən əsəbi insanlar olur ki, onlar ağrıya dözə bilmirlər. Belə olanda həm müştəri dözmür, həm usta narahat olur, həm də vaxt uzanır. Nadir hallarda keyidici maz və ya spreylərdən istifadə olunur.

- Ümumiyyətlə, bu, ağrılı prosesdir?

- Sümük olan hissələr ağrı verə bilir. Qabırğa, çiyin - bu hissələr incidir. Bu hissələrlə müqayisədə qarın boşluğu, qol az incidir. Əslində, ilk 15 dəqiqə ağrılı ola bilər, sonra bədən öyrəşir.

- Ən çox hansı hissələrə döymə üçün müraciət olunur?

- Boyunun arxa hissəsi, qol, döş altı, bikini hissə, qarın hissə, arxa hissə, ayaq, əl barmaqlarının içəri hissəsinə döymə etdirmək indi dəbdir.

Ümumiyyətlə, bizə tatu üçün müxtəlif insanlar müraciət edirlər. Bunların içərində tanınmışlar da olur. Məslən, “Space” kanalında aparıcı Vüsalə xanım gəlmişdi. Müğənnilər də olur. Bəzən görürsən ki, cangüdənlərlə, prodüserlərlə gəlirlər. Mən Azərbaycan telekanallarına o qədər də baxmadığıma görə onları çox da tanımıram, sadəcə, məşhur olduqlarını bilirəm.

- Bəs döymənin qiyməti neçəyədir?

- Bizdə qiymətlər 50 manatdan başlayır və naxışdan, yazıdan, onun ölçüsündən, mürəkkəbliyindən asılı olaraq da dəyişir. Tatu bütöv bədənə olarsa, əlbəttə ki, baha olacaq. Mənim etdiyim ən böyük tatu bütün kürəyə olub. Amma bütün bədən olmayıb. Bir də, əvvəllər eskiz hazırlayarkən bir nəfər çiynindən ayaqlarına kimi bir əjdaha rəsmi istəmişdi və mən onun eskizini hazırlamışdım. Amma bu elə bir prosesdir ki, aylarla çəkir. Bəzən də iki-üç ilə qədər çəkir. Əgər iş böyükdürsə, o, bir neçə yerə bölünür və növbəti mərhələyə başlamaq üçün döymə vurulan hissə sağalmalıdır. Əvvəlcə konturlar vurulur, sonra içərisi doldurulur. Amma müştərilər daha çox kiçik ölçülü naxışlar istəyirlər. Böyük tatular nadir hallarda olur.

- Rəsmlərin hansı mənaları var?

- Hər insan öz çəkdirdiyi rəsmə uyğun mənalar qoyur. Məsələn, ən maraqlı rəsmlərdən biri olan kəpənəyi bəzi adamlar azadlıq rəmzi kimi döydürürlər. Ümumiyyətlə, bütün qanadlı quş azadlıq rəmzi sayılır. Bəzi xanımlar isə kəpənəyin qanadlarını zərifliyinə, incəliyinə görə sevirlər. Bəziləri deyirlər ki, kəpənək bir gün yaşayır, mən də bir günlə yaşayıram, yəni özlərini kəpənəyə bənzətdiklərinə görə bu simvolu bədənlərinə döydürürlər. Hərə bir cür məna verir.

- İndiyə qədər nə qədər adama tatu etmisiniz?

- Dəqiq deyə bilmirəm, amma üç il ərzində 1300-dən artıq adam olub.

- Dində tatuya münasibət fərqlidir…

- Hə, bu gün bir qadın konsultasiyaya gəlmişdi. Əvvəlcə məndən tatu haqqında soruşdu, izah elədim. Sonra isə namaz qıldığını bildirdi. Bilirsiniz, belə xanımlarımız iki yerə bölünür. Elələri var ki, namaz qılsalar da, tatu da çəkdirirlər, qaş və gözlərinə korreksiyalar da etdirirlər və bunu günah saymırlar. Elələri də var ki, bunu qəti şəkildə günah sayırlar. Həmin bugünkü xanım da qəbula yazıldı, amma fikirləşmək üçün də vaxt istədi. Bəzən olur ki, İrandan da hicablı xanımlarımız da gəlib döymə etdirirlər. Sözün düzü, mənim bununla bağlı konkret fikrim yoxdur, neytral baxıram.

- Özünüzdə döymə eləmisiniz?

- Yox, özümdə döymə eləməmişəm. Hələ ki ailəli olmadığıma görə, valideynlərim də icazə vermirlər. Deyirlər, ərə gedəndən sonra ərin icazə versə, etdirərsən. Həm də özümün də elə bir dəqiq fikrim yoxdur. Fikrim hər dəfə təzə rəsm gördükdə tez-tez dəyişdiyinə görə qərar verə bilmirəm. Amma yaxın adamlarda olub. Məsələn, bacımda döymə eləmişəm.

- İşinizin çətinliyi nədədir?

- Nəyisə düz eləməsən, cavabdehlik sənin üzərindədir. Bəzən də gəlib sənə inandıqlarını bildirirlər. Etibar edirlərsə, sən də gərək bunu doğruldasan. Artıq bir xətt bütün işi korlaya bilər. Ona görə də dəqiqliklə işləməlisən. Çünki səhv olanda bunu sənə deyirlər.

- Bəs narazı qalan müştəriləriniz olub?

- Bir neçə il ərzində heç olmayıb ki, narazı qalsınlar. Olub ki, öz fikri ilə gələn müştərilərə məsləhətimi verib fikirlərini dəyişməyə çalışsam da, qulaq asmayıblar. Sağalandan sonra gəliblər ki, gərək siz məni məcbur edəydiniz ki, bunu belə etməyim. Təbii ki, belə problemlər olur, demək olmaz ki, hamı yüzdə-yüz razı qalır. Adətən, tatuda səhv olmur, çünki rəsmdir. Burada xətt artıq gedəndə də biz onu improvizələrlə düzəldirik və müştəri heç hiss eləmir ki, hansısa səhv olub. Amma qaşa və gözə çəkəndə bunu eləmək olmur. Çünki xətt bir az qalın getsə, onu silmək olmur. Ona görə də çalışıram ehtiyatlı olum. Ən çox cavabdehlik daşıyan xırda işlərdir. Gün ərzində azı 6-7 nəfər gəlir və hərəsinin də bir cür xasiyyəti olur. Çalışırıq onları razı salaq.

Bir dəfə 70 yaşında qoca qadın gəlmişdi. Əvvəlcə gözünə sürmə çəkdirdi. Sonra tatu çəkdirmək istədiyini bildirdi. Qolunda uşaq vaxtı peyvənd vurulandan sonra qalan şramın yerində iri, güllü bir naxış çəkməyimi, sonra da bikini hissədə döymə etməyimi istədi. Ona nə qədər izah etməyə çalışsam, nə qədər desəm də xeyri olmadı. Dedim, ay nənə, yaşın o yaş deyil, dərin o dəri deyil…Yaşlı adamın dərisi çox elastik olur, qırışlar olur. Belə dəri ilə işləmək də çox çətindir.

- Tatu çəkdiniz həmin nənəyə?

- Yox, onu oğlu tatu etdirməkdən birtəhər çəkindirdi. (gülür) Bəzən elə müştərilər olur ki, 20 dəqiqəlik prosesi 4 saata qədər uzadırlar. Bəzən üzünə bir xal qoymaq üçün bir saat vaxt alırlar, min dənə sual verirlər. Bir dəfə də bir qadın pişiyini gətirib ona tatu çəkdirmək istəyirdi. Onu bir təhər başa saldım ki, pişik yazıqdır, onu incitmək günahdır. Bir dəfə də bir qız gəlib dilinin üstündə ürək rəsmi döydürmək istəyirdi. Mənim təcrübəmdə bu olmadığına görə, imtina etdim. Məndə ən maraqlı tatulardan biri qulaqda etdiyim tatu idi. Bir qadın gəlib sırğa yeri deşdirməkdən qorxduğunu və buna görə də döymə etdirmək istədiyini dedi. Ona sırğa əvəzi maraqlı bir tatu etdim.

- Tatu vurma texnologiyası əvvəlki vaxtlarla müqayisədə təkmilləşibmi?

- Əslində, texnologiya eynidir. Lap əvvəllər dərini kəsib arasına kömür basırdılar. Yara sağalanda orada tatu alınırdı. Sonradan bu təkmilləşərək yeni texnikalar meydana çıxdı. Amma 15 il əvvəl bu texnika necə idisə, indi də elədir. Təzəlikcə olan yeniliklər azdır. İndi dərinin altına xüsusi maddələr vurulur. Bu, gündüz vaxtı görünmür, gecə qaranlıqda yanır. Bəzi maddələr isə bədənin hərarəti qalxanda görünür. Amma Bakıda bu, hələ ki yoxdur. Həm də onu deyim ki, belə maddələr çox təhlükəlidir, ona görə də çoxu onu eləmək istəməz.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm