“Bütün bunlar böhtan və yalandır” – xalq artistindən Rəşid Mahmudova CAVAB
Bizi izləyin

Qırmızı.az

“Bütün bunlar böhtan və yalandır” – xalq artistindən Rəşid Mahmudova CAVAB

Xalq artisti Elmira Şabanova Azərbaycan Tibb Universitetinin dosenti, tibb elmləri namizədi Rəşid Mahmudovun ona qarşı söylədiyi bir sıra ittihamlara cavab verib.

E.Şabanova Publika.az-a açıqlamasında Rəşid Mahmudovu tanımadığını və haqqında söylənilən ittihamların tamamilə yalan və uydurma olduğunu söyləyib.

Xalq artistinin sözlərinə görə, Rəşid Mahmudov ona və oğluna böhtan atır: “Mən onu heç tanımıram. Bu adam televiziya və mətbuatda özü üçün piar kampaniyası aparır. Oğlum 2007-ci ildə bir kino çəkmişdi. Həmin filmdə Ələkbər Tağıyevin mahnısı da səsləndirilmişdi. Rəşid də müsahibəsində deyir ki, guya bu mahnı Xaçaturyanın melodiyası kimi təqdim edilib və sairə. Məndə lent yazısı var, bütün bunların hamısı yalandır. Ancaq bu adamlar iddia edir ki, oğlum həmin filmdə Azərbaycan mahnısını guya Xaçaturyanın melodiyası kimi verib. Bütün bunlar böhtan və yalandır.

Digər tərəfdən isə, Rəşid deyir ki, guya mən Vüqar Vüqarlını məhkəməyə vermək və 100 min manat təzminat almaqla hədələmişəm. Təsəvvür edirsiniz, mən 35 il incəsənətdə işləmişəm və bir dəfə də olsun rüşvət almamışam, heç kəsi hədələməmişəm.

Sonra Rəşid iddia edir ki, guya o, vaxtilə mənimlə bu barədə danışıb və deyib ki, mən niyə jurnalisti məhkəməyə verirəm və sairə. Guya o vaxt mən ölkədən qaçmışam və Rusiyada yaşayıram. Hətta o, müsahibəsində mənim ünvanıma “arvad” ifadəsi işlədir. Mən qalmaqaldan uzaq adamam. Tez-tez müsahibə verməyi də sevmirəm. Ona görə də Rəşidi məhkəməyə vermək fikrim yoxdur. Mən öz sənətimlə xidmət edirəm. Ötən ay “İçərişəhər” filmindəki çəkilişimi başa çatdırdım. Bu yaxınlarda oğlum da Bakıda kino çəkəcək, ona dəvət gəlib. Mən başa düşə bilmirəm ki, Rəşid Mahmudov məndən nə istəyir. Heç onu tanımıram da. Əgər o, özünü əsl Azərbaycan kişisi hesab edirsə, o zaman çıxıb qanun qarşısında izahat versin. Qanunla da bu adama iş düşür, ancaq belə işləri sevmədiyim üçün məhkəməyə müraciət etmədim. Yoxsa ki, vəkilimə deyərdim, qanun yolu ilə bu adamla danışardılar. Ümumiyyətlə, o adamdan çoxu şikayət edir. Hamı deyir ki, onun ağlında problem var. Əgər o, xəstədirsə, həkimə müraciət etsin. Əgər mən onun haqqında araşdırma aparsam, çox material tapa bilərəm. Adamdan soruşarlar, sən belə vətənpərvərlikdən danışırsansa, indiyədək nə etmisən? Çıxıb efirdə kimi gəldi təhqir etmək olmaz. Yaxşı olar ki, gedib öz işi ilə məşğul olsun. O həkimdirsə, niyə çıxıb efirdə şou yaradır və özünü reklam edir? Mən aktrisa ola-ola efirdən qaçıram və düşünürəm ki, yerimə cavanlar çıxsın və sairə. Bu isə özünü piar edir. Vallah, mən anlaya bilmirəm ki, bu adam necə insandır. Amma yaxşı olar ki, o, özünü mütləq həkimə göstərsin”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm