• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

İnsan alveri qurbanları ən çox hansı ölkələrə aparılır? -HESABAT

İnsan alveri qurbanları ən çox hansı ölkələrə aparılır? -HESABAT

Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi və ona tabe qurumlar tərəfindən 2014-cü ildə insan alverinə qarşı mübarizə sahəsində şəxsiyyətin və cəmiyyətin insan alverinin istənilən formalarından müdafiəsi, bu növ cinayətlərin aşkar edilməsi və qarşısının alınması, habelə nəticələrinin aradan qaldırılması sahəsində bir sıra işlər görülüb.

Publika.az-a Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsindən verilən məlumata görə, 2014-cü ildə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində insan alveri ilə bağlı 23 cinayət işi üzrə 105 fakt müəyyən edilib, həmin faktların 97-si insan alveri, 5-i məcburi əmək, əlavə olaraq 3 fakt insan alveri məqsədilə sənədlərlə qanunsuz hərəkətlərlə bağlı olub. İnsan alveri və məcburi əmək cinayətləri törətdiklərinə görə 26 şəxs (18 qadın, 8 kişi) cinayət məsuliyyətinə cəlb edilib və insan alveri qurbanı olaraq 54 nəfər (51 qadın, 3 kişi, onlardan 3-ü əcnəbi şəxs) müəyyən edilib.

Hesabat dövründə insan alveri ilə məşğul olan 9 cinayətkar qrup və 1 mütəşəkkil dəstə ifşa edilərək zərərsizləşdirilib, istintaqı tamamlanan 23 cinayət işi məhkəmə orqanlarına göndərilib, 21 insan alverçisi barədə ittihamedici hökm çıxarılıb.

Qurbanlardan 38 nəfər (35 qadın, 3 kişi, o cümlədən 3 əcnəbi şəxs) təhlükəsiz sığınacağa yerləşdirilib, onların müdafiəsi və zəruri yardımların göstərilməsi ilə bağlı tədbirlər davam etdirilib. Sığınacağa yerləşdirilən qurbanların hamısına tibbi, psixoloji və hüquqi yardımlar göstərilib, hər biri zəruri geyimlə təmin ediliblər. Nazirlər Kabinetinin müvafiq qərarına əsasən insan alverindən zərər çəkən 53 qurbana reinteqrasiya dövründə birdəfəlik müavinətlər verilib. Qurbanlardan 24-ü işlə təmin edilib, 35-i peşə kursuna göndərilib.

34 nəfər insan alveri qurbanının ailəsi ilə söhbətlər aparılıb, onların ailələrinə qayıdışına köməklik göstərilib, 8 qurbanın övladları (11 uşaq) məktəbdənkənar təhsil proqramına cəlb edilib, 3 qurbanın uşağı “Azərbaycan Uşaqlar Birliyi”nin müvəqqəti sığınacağına yerləşdirilib. Baxımsız qalmış və risk qrupuna daxil olan 3 uşağa doğum haqqında şəhadətnamənin verilməsində köməklik göstərilib. İnsan alveri qurbanlarına Kömək Fondu tərəfindən qurbanlardan 40-ı maddi yardım, 14 potensial insan alveri qurbanı isə geyim və qida məhsulları ilə təmin olunub.

Qurbanlardan 36-sı sosial xidmətlərin həyata keçirilməsinin təmin edilməsi məqsədilə QHT-lərə, 51-i isə müvafiq yardımların göstərilməsi məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Təminat Xidməti yanında İnsan alveri qurbanları üçün Yardım Mərkəzinə istiqamətləndirilib. Yardım Mərkəzi tərəfindən 22 nəfərə hüquqi, 8 nəfərə tibbi, 6 nəfərə psixoloji yardımlar göstərilib, 10 nəfər məşğulluğun təmin edilməsilə, 9 nəfər isə peşə kurslarına yönləndirmə ilə bağlı Dövlət Məşğulluq Xidmətinə istiqamətləndirilib, 4 nəfər Gəncə reabilitasiya və reinteqrasiya mərkəzinə yerləşdirilib, 1 nəfərin torpaq sahəsi ilə təmin olunması üçün müvafiq icra hakimiyyətinə müraciət edilib.

Qeyri-hökumət təşkilatları tərəfindən isə Yardım Mərkəzinə 46 nəfər potensial insan alveri qurbanı istiqamətləndirilib. Həmin şəxslərdən 6 nəfərinə hüquqi yardım, 4 nəfərinə tibbi yardım göstərilib, 15 nəfər məşğulluğun təmin edilməsilə, 7 nəfər isə peşə kurslarına yönləndirmə ilə bağlı Dövlət Məşğulluq Xidmətinə istiqamətləndirilib, 3 nəfərə maliyyə yardımı göstərilməsi ilə bağlı BMqT-na, 5 nəfər ünvanlı sosial yardım yardım alması üçün Əhalinin Sosial Müdafiəsi Mərkəzinə yönləndirilib, 1 nəfərin hüquqlarının təmin edilməsi ilə bağlı, 2 nəfərin isə Müharibə və Əmək Əlilləri üçün Pansionda yerləşdirilməsi ilə bağlı Dövlət Sosial Təminat Xidmətinə müraciət edilib, 1 nəfər Gəncə reabilitasiya və reinteqrasiya mərkəzində yerləşdirilib, 1 nəfər potensial insan alveri qurbanının uşağı uşaq bağçasına yerləşdirilib, 1 insan alveri qurbanına və 1 potensial insan alveri qurbanına torpaq sahəsi ayrılması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edilib.

Təhlil göstərir ki, insan alveri qurbanları Türkiyə Respublikasına (37 nəfər), Rusiya Federasiyasına (8 nəfər) və Birləşmiş Ərəb Əmirliklərinə (6 nəfər) aparılıb. Qurbanlardan 3-ü (hamısı əcnəbi şəxs, 2-si rus, 1-i çin əsilli kişilər) ölkə daxilində əmək istismarına, 51-i isə (hamısı qadın) cinsi istismara məruz qalıb. Qurbanların hamısı işləməyən, 1-i ali, 39-u orta, 9-u natamam orta təhsilli, 5-i təhsilsizdir. Onlardan 15-i 18-25, 30-u 25-35, 9-u isə 35-dən yuxarı yaş hədlərində olub, hamısı subay olmaqla 13-nün himayəsində azyaşlı uşaqları var.
2014-cü ildə həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində ictimai mənəviyyat əleyhinə cinayətlərlə bağlı Baş İdarədə 139, respublika polis orqanlarında 37, ümumilikdə 176 cinayət faktı qeydə alınıb.
Hesabat dövründə 25-i insan alveri, 26-sı isə Cinayət Məcəlləsinin 171, 243, 244-cü maddələri üzrə 51 təqsirləndirilən şəxs axtarışda olub, onlardan 35-i, o cümlədən 12 insan alverçisi tutularaq istintaq və məhkəmə orqanlarına təqdim edilib. Hazırda axtarışda qalan təqsirləndirilən şəxslərin İnterpol kanalları ilə beynəlxalq axtarışı davam etdirilir.

“Qaynar xətt” telefon xidmətinə 2014-cü il ərzində müxtəlif məsələlərlə bağlı 13216 məlumat daxil olub, onlardan 28-i insan alverindən zərər çəkməsi, 4-ü insan alverçisi ehtimal olunan şəxslər barədə, 333-ü xaricdə işə düzəlmə ilə bağlı, 333-ü xaricdə təhsil alma, 256-sı xarici vətəndaşla nikah bağlama, 12262 məlumat isə digər məsələlərlə əlaqədar olub, insan alveri haqqında məlumatlar araşdırılıb, zəng etmiş abonentlərə müvafiq məsləhətlər verilib.

Vazeh

Xəbər lenti

DAHA ÇOX XƏBƏR