Məleykə Abbaszadə imtahan nəzarətçilərindən danışdı
Bizi izləyin

Qırmızı.az

Məleykə Abbaszadə imtahan nəzarətçilərindən danışdı

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən keçirilən müxtəlif təyinatlı imtahanlara orta ümumtəhsil müəssisələrindən nəzarətçi kimi cəlb edilmiş müəllimlərin imtahan prosesində öz səlahiyyətləri çərçivəsində fəaliyyətləri hər il qəbul kampaniyasının sonunda ənənəvi olaraq təhlil olunur.

Publika.az xəbər verir ki, bunu TQDK sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında deyib.

O deyib ki, bu zaman çoxsaylı parametrlər - nəzarətçinin imtahan texnologiyasını mənimsəmə səviyyəsi, auditoriyanı idarəetmə qabiliyyəti əsasdır:

“Həmçinin onun imtahan sənədləri ilə işləmə bacarığı qiymətləndirilir, köçürmə hallarına şərait yaratmaması, imtahan rəhbərinin nəzarətçinin fəaliyyətinə verdiyi qiymət və 600-dən yuxarı bal toplamış abituriyentlərin sorğu anketlərində nəzarətçi haqqında rəyləri, imtahanlarda fəal iştirakı və s. əsas götürülür. Aparılmış araşdırmalar və təhlillər nəticəsində imtahan prosesində öz vəzifələrini obyektiv, peşəkar səviyyədə və qaydalar çərçivəsində yerinə yetirən nəzarətçi-müəllimlər müəyyən olunur və Komissiya tərəfindən müxtəlif diplom və hədiyyələrlə mükafatlandırılır”.

M.Abbaszadə imtahanların obyektiv və şəffaf keçirilməsində zal nəzarətçilərinin rolundan, üzərilərinə düşən vəzifələrin məsuliyyətindən, təhsilin müxtəlif pillələrinə və səviyyələrinə layiqli gənclərin seçilməsində onların xidmətlərindən bəhs edib.

Qeyd edək ki, 2014-cü ildə keçirilmiş test imtahanlarına nəzarətçi qismində cəlb edilmiş 14392 müəllimdən 9061 nəfəri buraxılış imtahanlarında, 6558 nəfəri isə ali və orta ixtisas təhsili müəssisələrinə keçirilən qəbul imtahanlarında iştirak edib. Qəbul və buraxılış imtahanlarında nəzarətçi-müəllimlərin fəaliyyətlərinin qiymətləndirilməsinə dair araşdırmanın nəticələrinə əsasən nümunəvi fəaliyyətinə görə 771 nəzarətçi-müəllimə təşəkkür elan edilib, o cümlədən 26 nəzarətçi-müəllimin fəxri fərmanla təltif edilməsi barədə qərar qəbul olunub. Müxtəlif qayda pozuntularına, o cümlədən köçürmə hallarına yol verən 263 nəzarətçi bazadan xaric edilib.

Gülnar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm