Yaqub Mahmudov: “...Türk dünyası birləşə bilməz“ - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Yaqub Mahmudov: “...Türk dünyası birləşə bilməz“ - FOTOLAR

Təzə kitabımda da yazmışam ki, onlar Balkan yarımadasında yaşayıblar. Asiya qitəsinə də köçüb gəlmədirlər. İrəvan tarixini ona görə yazdıq. İndi hay-küyə düşüblər, mənə və Tarix İnstitutuna hər cür ad qoşurlar.

“Gündəlik teleqraf” qəzetinin "Brifinq" layihəsi çərçivəsində Milli Məclisin deputatı, AMEA Tarix İnstitutunun direktoru, professor Yaqub Mahmudovla müsahibəsini təqdim edirik.

Nərgiz Ehlamqızı (siyasət müxbiri): Yaqub müəllim, 75 illiyiniz qeyd olundu. Bu yaşda özünüzü necə hiss edirsiniz? Doğum gününüzü necə keçirdiniz?

- Həyat bəzən məcbur edir ki, insanlarla ünsiyyətə girəndə ehtiyatla danışasan. Xoşbəxtliyim orasındadır ki, o ehtiyatı heç vaxt eləmirəm. Kiməmsə, içəridə nə varsa, onu ömrün bütün çağlarında - Sovet dövründə də, indi də deyirəm. İstəyirəm ki, burada da səmimi olum. Məndən ötrü qürurvericidir ki, Sovet dövrünün qızğın çağlarında da məni millətçi kimi damğalayırdılar, indi müstəqil Azərbaycanda da bu sözü üstümdən götürmürlər. Sizin redaksiyaya əliboş gəlmişəm, çoxlu kitablarla gəlməli idim. Başqa məclisdən gəldiyim üçün imkanım olmadı. Sizə söz verirəm ki, növbəti dəfə qonağınız kimi yox, dostunuz kimi "Gündəlik Teleqraf"a əlidolu, kitablarla gələcəyəm. Görərsiniz ki, ömrümü nəyə sərf etmişəm. Bu gün özümü çox yaxşı hiss edirəm, Azərbaycan gəncliyinin içərisindəyəm. O yerdəyəm ki, mənim ömür karvanıma, xüsusilə daşlar atılanda, təşkil olunmuş kampaniya olanda "Gündəlik Teleqraf" milli mövqeyimizi, xalqımızın mənafeyini qorudu. Redaksiyanızın yaxınlığında xəritə fabrikinin binası yerləşir. Vaxtilə Rəsul Rza ilə Sovet dövründə atlas buraxmaq üçün çalışdıq, vuruşduq. Sən demə, mənim doğma Azərbaycanımda, təqiblərə məruz qaldığım ölkəmdə elə qüvvələr var ki, insan əməyinə qiymət verərək, hətta onun yubileyini keçirərmiş. Dəvət edərlərmiş, orada tort olarmış, gözləri Azərbaycanın gələcəyinə baxan mübariz gənclik olarmış. Bu, məni çox sevindirdi.

Dilqəm Əhməd (redaktor): Bugünkü "Brifinq" ad-günü ab-havasında keçəcək. Qısaca bilmək istərdik, nədən yubiley ərəfəsində belə bir kampaniya ilə üz-üzə qaldınız...

- Elə mən də o məsələlərə qayıtmayacağam. Mənim hər bir addımımda dərinlikdə, səngərdə yatıb Azərbaycanın əleyhinə işləyən qüvvələrin hər dəfə biri üzə çıxır. Ondan böyük zövq alıram. Düşünməsinlər ki, o şeylər məni sarsıdır. Xeyr. Bundan enerji alıram, deməli, mən yaşayıram, şər qüvvələr məndən narahatdırlar, atdığım nizələr hamısı gedib öz nöqtəsinə dəyib. Bircə onu demək istəyirəm ki, atlas buraxmaq üçün Ukraynada həftələrlə yatan, Azərbaycanın ilk xəritələrini bura gətirən Yaqub Mahmudova pantürkist, Rusiyanın əleyhinə işləyən, ermənilərlə düşmənçilik toxumu səpən adlar qoyulub. Mənim güllələnməyimi tələb edənlər vardı. Amma bu gün yaşayıram, o adı qoyanların çoxu yaşamır. Allah mənə qismət elədi ki, Azərbaycanın ilk milli atlasını buraxdım. Tarix İnstitutunda buna nail oldum. Amma bütün təqiblərin hamısında konkret işimlə əlaqədar mənə zərbə vurmaqdan ötrü müxtəlif anlar seçilmişdi. İlk dəfədir ki, 75 illiyimə 1 gün qalmış zəhərli oxu təşkil edib mənə atdılar. Bu, bir qədər ağrıdıcı idi. Ki, ayrı bir məqam seçə bilməzdiniz? Üstündən illər, on illər keçmişdi, nə oldu yubileyim olan kimi bunu təşkil elədiniz? Amma qürur hissi keçirirəm ki, hər belə məqamda cəmiyyətdə, həyatda silkələnmə gedir. Ələnmə prosesində şər qüvvə üzə çıxır. Sizə dərin minnətdarlığımı bildirirəm. Ki, milli mənafeyimizə, xalqımızın varlığına, tarixi torpaqlarımızla bağlı qaldırılan məsələlərə daş atanlara uymursunuz, zərbənizi onlara qarşı çevirirsiniz.

"İlk təhsil qanununu mən yazmışam"

Nərmin Muradova (mədəniyyət müxbiri): Tarix İnstitutunun direktoru kimi bu illərdə hansı işinizi uğurlu sayırsınız?

- Azərbaycanın diplomatiya tarixini yazmışam. Orta əsrlər, Səfəvilərin tarixini araşdırmışam. İlk təhsil qanununu mən yazmışam. Milli Məclisdə də elm, təhsil sahəsində elmi önə çəkmişəm. Prezidentimizin sərəncamında deyilir ki, AMEA-nın Tarix İnstitutu Azərbaycanda tarix sahəsində tədqiqatların mərkəzidir. Mənə o mərkəz etibar olunub, orada islahatlar aparırıq. İslahatlar dərinə getdikcə, şər qüvvələr yerindən tərpənir. Bunun xeyri yoxdur. Bu islahatlar geri dönən deyil. Yaqub Mahmudov ilk tarix xəritələrini buraxıb. Bu günlərdə doğum günümə yeni kitabımı hədiyyə elədim: "Real tarix və "Böyük Ermənistan" uydurması" kitabım çıxdı. İrəvan, Qarabağ, Naxçıvanın tarixini yazdıq. Prezident buna görə Tarix İnstitutunda 13 nəfərə dövlət mükafatı verdi. Yeni il təbrikində prezidentimiz dedi ki, işğal olunan torpaqlarda Azərbaycan bayrağı dalğalanacaq, azərbaycanlılar tarixi torpaqlarına da qayıdacaqlar. Tarix İnstitutu sübut elədi ki, biz köçəri deyilik, qədim mədəniyyətimiz var, bu diyarın aborigen əhalisiyik. Köçüb gələnlər isə ermənilərdir, özü də onları XIX əsrin əvvəlində köçürüb gətiriblər. Təzə kitabımda da yazmışam ki, onlar Balkan yarımadasında yaşayıblar. Asiya qitəsinə də köçüb gəlmədirlər. İrəvan tarixini ona görə yazdıq. İndi hay-küyə düşüblər, mənə və Tarix İnstitutuna hər cür ad qoşurlar. Mənim əleyhimə yazılanlardan 17 cild düzəlmişdi. Nə üçün? Ona görə ki, ermənilərə sübut olundu ki, Pyotrun vəsiyyətlərini yerinə yetirərək bu torpaqlara köçürülüb gətiriliblər. Rusiyadan, ermənilərdən xüsusi zərbələr gəlir. Mənim üçün ağrıdıcı və düşündürücüdür ki, milliyətcə azərbaycanlı olan ermənilərimiz də var.

Mövlud Mövlud: Milliyətcə azərbaycanlı dediniz, uzun illərdir dilimiz, Azərbaycanda yaşayan millətin adı ilə bağlı mübahisələr gedir. Bəziləri Azərbaycan türkləri, bəziləri azərilər deyir...

- Dünya xalqları mənşə etibarilə müxtəlif dil qruplarına bölünür. Azərbaycan xalqı türk xalqları içərisində ikinci böyük türk xalqıdır, Oğuz qrupuna mənsubdur. Müstəqillik dövründə "Altay dünyası" adlı jurnal buraxmışdım, onu maliyyə üzündən davam etdirə bilmədim. O jurnalda qosqoca palıd ağacı verilmişdi. O palıd ağacının bir kökü Altaylardadır, o biri kökü Cənubi Koreyadadır, digər kökü Qafqazdadır, gedir Bosniya-Hersoqovinaya çıxır. Sonra budaqlardır, hər biri müasir türk xalqlarıdır. Tarixin dərin qatında eyniləşirik. Bu gün özbək türklərinin beyninə türk olduğunu yeritmək mümkün olmayan şeydir. Amma özbəklər türk xalqlarının qıpçaq qolundan olan çox möhtəşəm xalqdır. Türkmənləri o cür adlandıra bilməzsiniz, onlar deyəcəklər ki, bütün türk xalqları bizdən törəyiblər. Bu gün mücərrəd çağırışların dalınca getmək və vahid Turan dövlətini beş dəqiqəyə yaratmaq mümkün olan şey deyil. Müqəddəs vəzifəmiz ondan ibarətdir ki, Azərbaycan xalqı tarixi yurd yerlərimizi qoruyub saxlamalıdır, qırğız, özbək türkü də həmçinin. Beləliklə, türk dünyasının gələcəyini təmin eləməliyik. Gələcəkdə isə birləşməyimiz mümkündür, o yolları aşmaq üçün bu işlər görülməlidir. Xahiş edirəm, təbliğat sistemimizdə Azərbaycan sözünə üstünlük verəsiniz. Azərbaycan möhürü o qədər güclüdür ki, o möhür üstümüzdə getməlidir. O möhür olmazsa, parçalana bilərik. Şimali Azərbaycanda erməni etnosu olmayıb, köçürüb gətiriblər. Mən xalqımızın azəri adlanmasının əleyhinəyəm. Doğru deyil. Azəri İran xalqlarının içərisində İran dillərinin birində danışan tarixi etnos olub. Türkiyədə də bunun əleyhinəyəm. Biz tarixən Azərbaycan türkləriyik. İlk dəfə türk adını biz daşımışıq. 1930-cu illərə qədər hamının pasportuna türk yazılıb.

Bizim Əli bəy Hüseynzadəmiz var, yəni türkçülük havayı yerdən gəlməyib. Türkçülüyün vətəni Azərbaycandır. Biz yerimizdə möhkəm olmasaq, türk dünyası birləşə bilməz. Ona görə də Naxçıvanı aralı saldılar, Zəngəzuru əlimizdən aldılar. Zaman gəldi, Atatürkü sıxışdırdılar. O vaxt onlar Osmanlı adlanırdı. Atatürk Osmanlı adından imtina elədi, dövlətin adını Türkiyə, xalqın adını türk qoydu. Buna görə də Stalin bizim adımızı "azerbaycançı" elədi, yəni azərbaycanlılar. Bizim tarixi adımız dəyişdi. İndi dünyada türk xalqı deyəndə Türkiyədəkilər başa düşülür. Bizim bir başqa dərdimiz də, 40 milyondan çox əhalinin İran ərazisində olmasıdır. Azərbaycan birləşdirici anlayışdır, bu anlayışdan ayrılmalı deyilik. Deyəcəksiniz ki, ərazinin adı ilə dil olarmı? 1992-ci ildə bəzi yazıçılarımız - Tofiq Hacıyev, Yusif Seyidov və başqaları dedi ki, xalqın dilini Azərbaycan türkcəsi edək. Adlar dəyişəndə Milli Məclisdə çıxış etdim və dedim ki, gəlin, Azərbaycan adına və dilinə toxunmayaq. Onsuz da hamı bizi oğuz türkü kimi tanıyır.

Sirr deyil ki, Azərbaycan xalqının təşəkkülündə bir sıra qeyri-türk xalqları iştirak edib. Heydər Əliyev gələn kimi Azərbaycan dilinin, Azərbaycan məfhumunun üzərində möhkəm dayandı, buradakı mübahisələrə son qoydu və bununla daxildəki parçalanmanın qarşısı alındı. İndi bütün dünya azərbaycanlıları Azərbaycan türkləri kimi tanıyır. Biz 60 milyondan çoxuq və Anadolu türklərindən sonra ikinci böyük türk xalqıyıq.

"Albaniya əhalisinin qeyri-türk etnoslarından ibarət olduğunu demək Azərbaycan tarixinə böhtandır"

Rövşən Danyeri (ədəbiyyat yazarı): İstərdim albanlarla bağlı məsələyə aydınlıq gətirəsiniz...

- Qədim dövrümüzü həmişə İrana bağlayırlar. Qədim İran etnosları müasir İran yaylasına, o cümlədən Cənubi Azərbaycan ərazisinə dünən, srağagün gəliblər. Bu ərazinin ən qədim sakinləri Azərbaycan etnoslarıdır: lullubilər, qutilər, turrukkilər. Babilistan kimi dünya mədəniyyətinin mərkəzini qutilər ələ keçirib 100 il idarə ediblər. Biz bu məsələləri Tarix İnstitutunda araşdırıb ortaya çıxarırıq. Onlar bizə demək istəyirlər ki, bu faktların Azərbaycan tarixinə dəxli yoxdur. Deyirlər ki, Azərbaycan adının şimala aidiyyatı yoxdur, ancaq cənubla bağlıdır, oranın da qədim əhalisi azərilərdir, şimalda Azərbaycan axtarmayın, bura Albaniyadır. İlk mənbələrin hamısını araşdırmışam, nə Plinidə, nə Strabonda Qafqaz Albaniyası sözü yoxdur. Buranı Albaniya adlandırırlar. Sovet dövründə arxeoloqlar buranı Adriatik Albaniyasından fərqləndirməkdən ötrü tədqiqatlarında Qafqaz Albaniyası ifadəsini işlədiblər. İndi bunu götürürlər, iberi Qafqaz xalqlarının dövləti adlandırır, Azərbaycan xalqına dəxli olmadığını deyirlər. Hər yerdə konfranslar gedir. Dərbənddə, Ərdəbildə, Tehranda, İrəvanda "Azərbaycan-Albaniya-Aran" adında konfrans aparırlar. Cənubu azərilərə aid edirlər, "əl çəkin, onlar türk deyillər" söyləyirlər. Albaniyanı xalqımıza aid etmirlər. Kimdir buranın əhalisi? Qeyri-türk etnosları axtarırlar, iberi-qafqaz xalqlarını aborigen adlandırırlar. Bizə isə köçüb-gəlmə, mədəniyyət dağıdan deyirlər. Mahiyyət bundan ibarətdir. Roma-yunan mənbələrində dövlətin adı Albaniyadır. Albaniyanın əhalisinin qeyri-türk etnoslarından ibarət olduğunu demək Azərbaycan tarixinə böhtandır. Eramızdan qabaq VIII əsrdən başlayaraq skif, sak türkləri yaşayıb. Nə üçün onu Albaniyanın tarixindən çıxarırsınız? Azərbaycanın şimalında xristianlıq yayılıbsa, onlar türk deyil deyirlər. Bu gün bütün Sibirə pravoslavlığı qəbul elətdiriblər. Onların kökü türk xalqlarıdır. Albaniya dövləti türk xalqlarının dövlətidir.

Cavanşir bizim hökmdardır, onu Azərbaycan tarixindən ayırmaq olmaz. Dinə görə ayırırsınızsa, onda bəs Cənubi Azərbaycan nə olsun? Xristianlıqdan qabaq Albaniya ərazisində də, cənubda da tanrıçılıq yayılmışdı. Türkün tək Allahı, tək Tanrıya sitayiş. Üstəlik, massagetləri və onların hökmdarı Tomrisin tarixini də bizdən ayırmağa çalışırlar. Guya ki, II Kir Araz çayını deyil, Oks çayını keçib massagetlərlə vuruşub.

“Heydər Əliyev mənə işarə etdi ki, işinlə məşğul ol"

D. Əhməd: Avropada avropalı gənc tarix kitabını açanda orada Albaniyanı türk dövləti kimi tanıyır, ya qafazdilli ölkə kimi?

\

- Mən "Ata yurdu" adlı dərslik yazdım. Qonşu ölkələrin birində məni düşmən elan etdilər, 49 nota verdilər. Heydər Əliyev Şəkiyə gəldi, məni tribunaya çağırdı və dedi ki, Şəkidən böyük alimlər, tarixçilər çıxıb, onlardan biri də Yaqub Mahmudovdur. Yəni, mənə işarə etdi ki, işinlə məşğul ol. İçəridəki ermənilər o qədər o kitabdan yazdılar, nəhayət, bunun adını "Azərbaycan tarixi" qoymağa nail oldular. "Ata yurdu"nda bu konsepsiya əvvəldən axıra kimi verilib. O dərslikdə Azərbaycan xalqının tarixi kökü, formalaşması, qəhrəmanları qeyd olunub. Biz orada ən qədim Azərbaycan universiteti kimi Rəşidiyyənin adını vermişik. Bakı Dövlət Universiteti dünənin ali məktəbidir. "Dədə Qorqud"u tarixi salnamə kimi 7-ci sinif dərsliyinə saldırmışam. Artıq dərsliklərin yeni variantları hazırlanır. Uzun zaman bizə Avropadan, müxtəlif yerlərdən zərbə vurublar. 7 və 8-ci sinfin orta əsrlər tarixinə baxın, o dərsliklərin 70 faizə qədəri türk imperiyalarının tarixidir. Amma sovet dövründəki dərsliklərdə bircə cümlə vardı ki, Balkan yarımadasında Osmanlı sultanı girdi, Miloşeviçin qarnına xəncəri soxdu. Bu saat mübarizəmiz ondan ibarətdir ki, tariximiz Avropada düzgün tədris olunsun. Avropalılara deyirəm ki, Bismarkı tərifləyirsiniz, böyük Karla ehtiram edirsiniz, Əmir Teymura çatanda üz çevirirsiniz.

"Şah İsmayıla İranın şiə şairi deməklə türk dünyasını birləşdirə bilməzsən"

Leyla Əliyeva (müxbir): Elə türklərdə də o cürdür, Şah İsmayıla münasibət birmənalı deyil...

- Türklərə də deyirəm ki, türklərin böyük hökmdarlarını tərifləyirsiniz, Şah İsmayıla çatanda İranın şiə şairi söyləyirsiniz. Ona qalsa, Yavuz Sultan Səlimin bir-iki beyti var, onu da farsca deyib. Onda Yavuzu farsa döndərin. Yazıq Şah İsmayılsa türk dilində divan bağlayıb. İranın şiə şairi deməklə sən türk dünyasının birləşdirə bilməzsən, 20 ildir bu söhbətlər gedir. Fəxr edirəm ki, ilk dəfə Əli bəy Hüseynzadənin, Cümhuriyyət xadimlərinin, Heydər Əliyevin vətənində biz türk xalqlarının ümumtürk tarixinin yazılmasına həsr olunmuş I konqresi keçirməyə nail olduq. Şəkidə prezidentimizlə Ərdoğanın görüşü baş tutdu, biz də iştirak etdik. 100 dəfə müqavilə bağlamışıq, türk tarixçilərinə dedim ki, bizdə deyirlər ki, filankəslə çörək kəsmişəm. Çörək kəsdik, əlinizi uzadın, müqavilə bağlamırıq, əl verək bu işi görək. Başlamışıq, şərtimiz budur ki, Əmir Teymur elə yazılmalıdır ki, özbəklər qədər Türkiyədə onu sevsinlər, nifrət olmasın. İldırım Bəyazid elə yazılmalıdır ki, Özbəkistanda türklər qədər sevsinlər. Şah İsmayıl elə yazılmalıdır ki, Türkiyədə onu Yavuz Sultan Səlim qədər sevsinlər, Yavuzu da biz o cür yazmalıyıq.

D. Əhməd: Sovet dövründə tarix kitablarının imperiyanın ideologiyasına uyğun yazıldığı deyilir. İndi də bildirirlər ki, müstəqil Azərbaycan öz dövlətinin ideologiyasına uyğun yazır. Tarixin ideologiyaya uyğun yazılması faktı varmı? Sovet dövründə türklərin Altay, indi isə Ön Asiya mənşəli olduğu bildirilir.

- Kim deyir Ön Asiyadan gəlmişik?

"Türkün ən böyük bəlası bundan ibarətdir ki, tariximizi başqaları yazıb"

M. Mövlud: Firudin Cəlilov Urmu nəzəriyyəsinə əsaslanır...

- Türklərin ən qədim vətəni Avrasiyadır. Bu geniş ərazidə mədəniyyət yaratmışıq. O fikirdəyəm ki, Kitabi-Dədə Qorqud dastanlardakı Azərbaycan torpaqları türkün ən qədim vətənlərindən biridir. Hitler faşizmi tarixdən başladı. Böyük Karldan başladı, iddia etdilər ki, Fransa da, İngiltərə də onların torpağıdır. Tarix olduğu kimi yazılmalıdır, diqtə ilə yox. Ən ulu sərkərdələrimiz, Nadir şah və başqaları tarix yaratdılar. Türkün ən böyük bəlası bundan ibarətdir ki, tarixini başqaları yazıb. Onlar türk xalqlarının tarixini təhrif ediblər, bizi bir-birimizə qarşı qoyublar. Anadolu türkünün dilinin qrammatikasını Akopa tapşırdılar. Etirazlar oldu, "paşam, olmaz erməniyə türk dilini etibar etmək" dedilər. Dedi ki, "soyadını dəyişib Dilaçar qoydum". Türk dilinin mərkəzində Azərbaycan türkçəsi dayanır. Akop islahat aparıb, türk sözlərini dəyişdirdi. Bu işi türk xalqlarını ayırmaqdan ötrü elədilər. Bizi "azərbaycançı" elədilər. Yuxarıdan diqtələr həmişə olub, idologiyalarla yazılan tarixləri təzələməliyik. İndi müstəqillik tarixini yazırıq.

Keçən əsrin 60-cı illərində Rəsul Rzanın başına yığışıb türkçülük məsələlərini qaldıranda, bizi güllələmək istəyirdilər. Şaumyanın oğlunu Moskvadan bizə qarşı gətirtdilər. Heydər Əliyev olmasa, biz məhv olmuşduq.

H. Əliyev məni ensiklopediyaya elmi işlər üzrə birinci müavin qoydu. Yəni, dedi ki, bu cavan uşaqdan əl çəkin. Sözümün canı ondadır ki, tarixlə bolşevik metodları ilə işləmək, ancaq tərifləməklə getmək olmaz.

"1972-ci ildə Azərbaycan SSRİ xəritələrini türklüyün rəngində satışa buraxdıq"

Səxavət Həmid (siyasət müxbiri): İlk xəritələri Azərbaycana çətinliklə gətirdiyinizi bildirdiniz. Bu proses necə baş verdi?

- Kiyevdə Mikola Bajan Rəsul Rzanın dostu idi, səsi çıxmırdı. Yeganə Ukraynanın xəritə fabrikində erməni yox idi. Qalan bütün Tiflis və digər fabriklər ermənilərin əlində idi. Rəsul Rza zəng elədi, getdik, bir ilə də xəritələr çıxmalı idi. Xəritə fabrikinin direktoru dedi ki, işdən çıxacağam, 10 il bundan sonranın sifarişi var, necə yəni 1 ilə xəritə çıxaracağam? Rəsul müəlimə zəng etdim, dedi ki, get Mikolanın yanına. Dedim, axı xəstədir, qəbul etməz. Nə isə getdim, Bajan xırıldayırdı, dedim ki, bizim xəritələrimizi buraxmırlar, Rəsul müəllim də sizdən narazıdır. Dedi "zvonil on mne".

Xəritə fabrikinə qayıtdım. Direktor bütün heyəti yığdı, dedi ki, bu xəritələri 1 il içində vermək lazımdır. İşçilər etiraz edirdi, dedi ki, Mikola Bajan söyləyir ki, Azərbaycanda Rəsul Rza var, o, plan başa düşmür, bu xəritələri verməliyik. Mənə geodeziya texnikumunun yataqxanasında yer vermişdilər. Sən demə, texnikum dəmiryolu vağzalının yaxınlığında un vaqonları olan yerdə imiş, orada siçovullarla dolu imiş. Gecə ayıldım ki, sinəmdə siçovul oturub. O vəziyyətdə qalırdıq, amma xəritələri çıxarıb Bakıya gətirdik. 1972-ci il Azərbaycan SSRİ xəritələrini türklüyün rəngində, göy rəngdə büküb bütün xəritələri satışa buraxdıq. 3 gün içərisində bütün xəritələr satıldı. 11 min xəritə tutulanda bizim həbs olunmaq məsələmiz ortaya çıxdı. Heydər Əliyev məni müavin qoydu, tutulmaqdan qurtulduq.

Allah məni Tarix İnstitutuna gətirdi, Azərbaycan xəritələrini buraxdırdım. Təqdimat mərasimi keçirdim, səhəri gün İran parlamentinin 65 deputatı bəyanat verdilər ki, filankəs torpaq iddiasındadır. Orada Səfəvilər, Ağqoyunluların xəritəsi vardı. İndi Azərbaycanın milli atlası çıxacaq. O atlas da tarix xəritələrimizdən başlayıb.

Məni çağırdınız, çox sağ olun, başıma gələn işlərin bəzilərini danışdım. Amma başıma gələnlər çoxdur. 24 yaşında elmi iş müdafiə etdim, mənə elmlər doktoru dərəcəsi verdilər. Səhəri gün dünya mənimlə düşmən oldu. Amma fəxr edirəm ki, 75 illiyimdə də mövqeyim əvvəlki kimi qalır.

Nərgiz Ehlamqızı

Foto : Elçin Muradındır

Oxumağa davam et
Reklam
Reklam

Gündəm