• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Kəlbəcərli girovların işi Avropa Məhkəməsinin diqqətində

Kəlbəcərli girovların işi Avropa Məhkəməsinin diqqətində

Bu gün girov saxlanılan həmvətənlərimizin hüquqlarının müdafiəsi ilə bağlı mətbuat konfransı keçirilib.

Publika.az-ın məlumatına görə, Dilqəm Əsgərov və Şahbaz Quliyevin hüquqlarını Avropa İnsan Hüquqları Məhkəməsində müdafiə edəcək vəkil Anar Bağırov bildirib ki, həmyerlilərimizin azad olunması üçün ölkə ictimaiyyətinin bəzi üzvləri, eyni zamanda, bir qrup hüquqşünas tərəfindən müxtəlif mexanizmlər təklif olunub:

“Bir neçə ay əvvəl bununla bağlı optimal variantdan istifadə edərək Avropa İnsan Haqları Məhkəməsinə müraciətin mümkün olduğunu bildirdim. Nəzərinizə çatdırım ki, artıq bu barədə ərizə hazırlanıb və qeyd edilən məhkəməyə müraciət göndərilib”.

A.Bağırov deyib ki, ərizənin qəbul edilməsi və təmin olunması üçün kifayət qədər hüquqi əsaslar var:

“Ərizədə soydaşlarımızın pozulmuş hüquqları bir-bir sadalanıb, eyni zamanda onlara qarşı tətbiq edilən işgəncə faktları, qeyri-insani rəftar əlamətləri fotolar və digər sübutlar vasitəsilə ərizəyə əlavə edilib. Həmyerlilərimizin 4-5 ayda tanınmayacaq halda arıqlamaları, həmçinin onların məhkəməyə gətirilən zaman qeyri-insani rəftara yol verilməsi, zor tətbiq olunması beynəlxalq hüquq normalarının kobud şəkildə pozulmasına dəlalət edir”.

Anar Bağırov eyni zamanda bildirib ki, ərizənin qəbul edilməsi və təmin olunması üçün kifayət qədər hüquqi əsaslar vardır. Belə ki, soydaşlarımızın Avropa Konvensiyasının 3-cü (“İşgəncələrin qadağan olunması”), 5-ci (“Azadlıq və toxunulmazlıq hüququ”), 6-cı (“Ədalətli məhkəmə araşdırması hüququ”) , 8-ci (“Şəxsi həyata və ailə həyatına hörmət hüququ”), 13-cü (“Səmərəli hüquqi müdafiə vasitələri hüququ”) , 14-cü (“Ayrı-seçkiliyin qadağan olunması”), eləcə də Konvensiyanın 4 saylı protokolonun 2-ci (“Hərəkət etmək azadlığı”) və Konvensiyanın 1-ci protokolunun 1-ci (“Mülkiyyətin müdafiəsi”) maddələri ilə tanınmış hüquqları kobud şəkildə pozulmuşdur və Ermənistan dövləti buna görə məsuliyyət daşımalıdır. Əvvəllər də Avropa Məhkəməsinin buna bənzər işlər üzrə müxtəlif dövlətlərə qarşı kifayət qədər qərarları da vardır (“İlaşku və digərləri Moldova və Rusiyaya qarşı”, “Katan və digərləri Moldova və Rusiyaya qarşı”, “Drozd və Yanoçek Fransa və İspaniyaya qarşı” işlər və s. )”.

Vəkil qeyd edib ki, adətən, Avropa Məhkəməsinə müraciət olunan zaman ora göndərilən ərizənin icraata qəbul edilməsi və işə baxılması ilə bağlı digər prosedurlar uzun müddət çəkə bilir. Bunun qarşısını almaq üçün Avropa Məhkəməsinə müraciət qaydalarının 41-ci maddəsinə uyğun olaraq işə təcili baxılmasının zəruriliyi ərizədə xüsusi qeyd edilib:

“Dağlıq Qarabağ ərazisində girov götürülərkən ermənilər tərəfindən öldürülən Həsən Həsənovun yaxın qohumlarının adından da Avropa Məhkəməsinə Ermənistana qarşı şikayət ərizəsi artıq hazırlanıb və göndərilib. Hesab edirəm ki, öz ata-baba yurdlarını, valideynlərinin məzarını ziyarət edən insanlara qarşı ermənilər tərəfindən qurulan bu “teatr” sadəcə biabırçılıqdır. Əksinə, bu “teatr”ı quranlar, iştirak edənlər qanun qarşısında ciddi cavab verməli, məsuliyyətə cəlb olunmalıdırlar”,- vəkil bildirib.

Mətbuat konfransında Dilqəm Əsgərovun qardaşı Sahib Musayev, Şahbaz Quliyevin həyat yoldaşı Albina Veselova və Ermənistan xüsusi xidmət orqanları tərəfindən qətlə yetirilən Həsən Həsənovun qardaşı Namiq Həsənov görülən tədbirlər barədə ictimaiyyətə geniş məlumat veriblər.

Bəxtiyar

Xəbər lenti

DAHA ÇOX XƏBƏR