• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Zakir Həsənov gəncləri təbrik etdi

Zakir Həsənov gəncləri təbrik etdi

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov 2 Fevral - Gənclər Günü münasibətilə Silahlı Qüvvələrdə xidmət edən gəncləri təbrik edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, nazirin təbrikində deyilir: "Hörmətli zabitlər, gizirlər, çavuşlar və əsgərlər! Əziz gənclər! Sizi Gənclər Günü münasibəti ilə səmimi-qəlbdən təbrik edir və Vətənimizin layiqli müdafiəçiləri kimi Sizə ən xoş arzularımı bildirirəm.

Müstəqil Azərbaycan Respublikası Gənclərinin I Forumunun təşkili və 2 Fevral - Gənclər Gününün təsis olunması xalqımızın Ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin əsasını qoyduğu Dövlət Gənclər siyasəti Möhtərəm Prezidentimiz, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir".

Qeyd olunur ki, gənclərin orduya hazırlanması, milli-mənəvi dəyərlər əsasında, intellektual, fiziki və mənəvi tərbiyəsi ölkə rəhbərinin fəaliyyətində prioritetdir. Ölkəmizdə Gənclər Evləri, Olimpiya İdman Kompleksləri, idman-sağlamlıq mərkəzləri yaradılmış və gənclərin sosial problemlərinin həlli sahəsində böyük nailiyyətlər əldə olunmuşdur. Gənclərimiz beynəlxalq idman arenalarında əldə etdikləri qələbələrlə Azərbaycan bayrağını yüksəklərə qaldırırlar.

Z.Həsənov bildirib ki, bu gün Azərbaycan gəncləri Silahlı Qüvvələrdə xidməti özlərinə şərəf bilir və qarşıya qoyulmuş bütün vəzifələri ləyaqətlə yerinə yetirirlər. Silahlı Qüvvələrdə xidmət edənlərin böyük hissəsi gənclərdir. Hərbi xidmətdə olan gənclərimiz cəmiyyətin aparıcı qüvvəsi olaraq, Vətən və xalq qarşısında öz müqəddəs borcunu dərindən dərk edir, səngərdə, döyüş mövqeyində xidmət edən zabit və əsgərlərimizin yüksək peşəkarlığı sayəsində düşmən təxribatlarının qarşısı qətiyyətlə alınır:

"Azərbaycanın ərazi bütövlüyü qorunmasında, düşmənin kəşfiyyat-təxribat qruplarının qarşısının alınmasında qəhrəmancasına həlak olmuş şəhidlərimizin əziz xatirəsini hörmət və ehtiramla yad edir, onların valideynlərinə Vətən üçün layiqli övladlar böyütdüklərinə görə bir daha minnətdarlığımı bildirirəm. Şəhidlərin qisası alınır və bundan sonra da alınacaqdır.

İnanıram ki, Ordu gəncləri Azərbaycan Respublikasının Konstitusiyasına, Hərbi Anda və nizamnamələrə bundan sonra da sadiq qalacaq, döyüş və mənəvi-psixoloji hazırlıqda yeni uğurlar əldə edəcək və Silahlı Qüvvələrin Ali Baş Komandanının rəhbərliyi altında üçrəngli dövlət bayrağımızı Xankəndidə, Şuşada, Laçında və işğal altında olan digər torpaqlarımızda dalğalandıracaqlar".

Xəbər lenti

DAHA ÇOX XƏBƏR