Xankəndiyə köçürülmüş erməni: “25 ildir iynə üstündə oturmuşam” - REPORTAJ
Bizi izləyin

Qırmızı.az

Xankəndiyə köçürülmüş erməni: “25 ildir iynə üstündə oturmuşam” - REPORTAJ

“The New York Times” nəşri Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ ərazisindən reportaj hazırlayıb.


Publika.az xəbər verir ki, nəşr son dövrlər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ətrafında gərginliyin artdığını yazır:


“Təmas xəttində tez-tez atəşkəs rejimi pozulur, itkilər haqda məlumatlar yayılır. Yanvar ayı cəbhədə qanlı qarşıdurma ilə yadda qaldı. Polşada xarici işlər nazirlərinin görüşündə toqquşmalar pislənildi.


Minsk qrupu yaydığı bəyanatda hər iki tərəfə gərginlikdən qaçmağı tövsiyə edir. Lakin cəbhədə vəziyyət ürəkaçan deyil.


Azərbaycan Müdafiə Nazirliyi ötən həftə 40 mindən çox azərbaycanlının yurdu olan, lakin işğal altında qaldığı üçün 20 ildən artıq müddətdə ruhlar şəhərinə bənzəyən Ağdam istiqamətində Ermənistana məxsus pilotsuz təyyarəni vurduğunu açıqladı.


Nəşr ehtimal edir ki, qondarma “erməni soyqırımı”nın 100 illiyi ərəfəsində cəbhədə gərginlik daha da artacaq.


Dağlıq Qarabağda münaqişə Ermənistan və Azərbaycan arasında uzun illərdir davam edir. Lakin bura Rusiya, Türkiyə və İran da daxil olmaqla böyük güclər də cəlb oluna bilər.


Tərəflərin hər biri sakit formada silahlanır. Xüsusən, neftlə zəngin olan Azərbaycan son zamanlar öz ordusunun qüdrətini artırıb. Burda Rusiya hər iki tərəfin tədarükçüsü olaraq çıxış edir. Bu ölkə eyni zamanda Fransa və ABŞ-la birgə münaqişənin həllinə məsul olan Minsk qrupunda təmsil olunur.


Son vaxtlar Azərbaycan Prezidenti münaqişənin həlli üçün Minsk qrupuna tələblərini artırıb.


“Minsk qrupu Ermənistanın beynəlxalq aləmdə Azərbaycanın torpaqları kimi tanınan Dağlıq Qarabağdan getməsini tələb etməlidir. Həqiqət odur ki, bizim torpaqlarımızın işğalı ac və zəif Ermənistandan asılı deyil. Bu ölkə köməksizdir. Əlbəttə, onun müxtəlif paytaxtlarda ciddi dəstək verənləri olmasaydı, Dağlıq Qarabağ münaqişəsi çoxdan ədalətli şəkildə həll olunmuşdu”, - deyə Prezident İlham Əliyev qeyd edib.


Azərbaycan Prezidenti bu il ölkəsinin hərbi büdcəsinin Ermənistanın 2,7 milyardlıq dövlət büdcəsindən artıq olacağını da qeyd edib.


Ermənistan prezidenti Serj Sarkisyan isə Azərbaycanı təhdid edib: “Gözlənilməz sürprizlərlə qarşılaşacaqlar”.

Münaqişə ilə bağlı ən nüfuzlu mənbə hesab olunan “Qara Bağ: Sülhdən müharibəyə” kitabının müəllifi, Karnegi Fondunun Cənubi Qafqaz üzrə eksperti Tomas de Vall bildirir: “15 il öncə vəziyyət pis idi. Lakin o vaxt yalnız əsgər və silahlar var idi. İndi isə ağır texnika işə salınıb. Hər il vəziyyət bir az da gərginləşir. Gərginlik qalxanda hər iki tərəfin ictimaiyyət nümayəndələri, müharibə veteranları, yerli məmurlar təmas xəttini ziyarət edir. Bu isə sülhün uzaq olduğunu göstərir”.


Nəşr Tomas de Vallın cəbhəyə səfəri zamanı onu müşayiət edən Müdafiə Nazirliyinin nümayəndəsi Abdulla Qurbaninin fikirlərinə də xüsusi yer verir: “Torpaq su ilə qarışanda palçıq olur. O, qanla qarışanda bu artıq Vətəndir”.


Nəşr Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbəri Bayram Səfərovun Şuşa ilə bağlı fikirlərini də xüsusi qeyd edir.


“Mən oradakı hər daşı tanıyıram”, - deyə Səfərov bildirib.


Şuşada qeyri-qanuni məskunlaşdırılmış ermənilərsə oturduqları evin min illərdir onlara məxsus olduğunu iddia edirlər.

Xankəndidə yaşayan Bakı ermənisi İrina Xaçaturyan isə yaşayışından razı deyil.


“Mən özümü burda heç vaxt tapmadım. 25 ildir burda sanki iynə üstündə oturmuşam”, - deyə o bildirib.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm