Yanğınlar niyə artır? – ARAŞDIRMA
Bizi izləyin

Qırmızı.az

Yanğınlar niyə artır? – ARAŞDIRMA

“Maştağada ev yandı”, “Məcburi köçkünlərin məskunlaşdığı binada yanğın”, “5 otaqlı ev yandı”, “Mağaza yandı”.

Gün ərzində ən azı iki-üç belə xəbər oxuyuruq. Son günlər isə yanğınların və yanğın zamanı ölüm və xəsarət hallarının sayı, ümumiyyətlə, artıb. Sabirabadda 5 ailə üzvünün ölümü ilə nəticələnən yanğın hadisəsi hələ yaddaşlardan silinməyib. Ölənlərin üçü azyaşlı idi. Hadisənin ilkin səbəbi elektrik naqillərindəki qısaqapanma ilə izah olunurdu. Lakin tək səbəb bu deyil.

Ümumiyyətlə, baş verən hadisələrdə vətəndaşlar aidiyyəti qurumları vəziyyətə nəzarət etməməkdə, qarşı tərəf isə vətəndaşları səhlənkar yanaşmada ittiham edir. Bəs yanğınların artmasının əsas səbəbi nədir?

Fövqəladə Hallar Nazirliyinin açıqlamasına görə, 2014-cü il ərzində respublika ərazisində cəmi 11084 - hər gün, orta hesabla, 30 yanğın hadisəsi ilə bağlı müraciət qeydə alınıb. 2014-cü il ərzində baş vermiş yanğınların aradan qaldırılması üçün daxil olmuş müxtəlif çağırışlar üzrə operativ olaraq 11084 çıxış edilib. Yanğın hadisələrinin 2225-i çoxmənzilli yaşayış binalarında və fərdi yaşayış evlərində , 6538-i açıq sahələrdə, 381-i nəqliyyat vasitələrində, 38-i meşə və meşə talalarında, 1902-si digər yerlərdə baş verib. Bu zamanı 59 nəfər həlak olub, 99 nəfər xəsarət alıb. Bu da 2013-cü il ilə müqayisədə yanğından həlak olanlar üzrə 2 nəfər və ya 3% az, xəsarət alanlar üzrə 12 nəfər və ya 14% çoxdur.

Rəqəmlərdən də göründüyü kimi hadisələrin sayı artır.

Publika.az-ın suallarını cavablandıran “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə Əlaqələr və İnformasiya şöbəsinin əməkdaşı İbrahim Kərbalayev, əvvəlki illərdə olduğu kimi, bu il də istər dəm qazı zəhərlənməsi, istərsə də, partlayışların müşahidə olunduğunu dedi:

“Bu halların qarşısını almaq üçün mütəmadi reydlər aparırıq. Qaz kəmərləri və cihazlarına texniki xidmət şöbəsinin əməkdaşları mütəmadi olaraq mənzillərdə baxış keçirirlər. İstehlakçıların mənzil və ya obyekt daxilində qeyri-qanuni birləşmələr etməsinə, qanunsuz olaraq sobaların yerinin dəyişdirilməsinə nəzarət edirlər. Ötən ilin 7 ayı ərzində 89196 mənzilə baxış keçirilib. Aparılan texniki baxış zamanı qanunun tələblərinin pozulması faktı aşkarlansa, qaz təchizatı dayandırılır və akt tərtib olunur. Problem aradan qaldırılana qədər qaz verilmir. Bu sahədə aparılan işlərə baxmayaraq, yanğın halları baş verir. Bunun əsas səbəbi də qazdan düzgün istifadə qaydalarına əməl edilməməsidir. Sertifikatlı sobalardan istifadə edilməsi, tüstü bacalarının mütəmadi təmizlənməsi vacib şərtdir. Bundan başqa, hər hansı yeni cihaz mütəxəssis tərəfindən quraşdırılmalıdır”.

“Bakıeletrikşəbəkə” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev Publika.az-a açıqlamasında baş verən yanğın və partlayışların istifadəçilərin məsuliyyətsizliyindən irəli gəldiyini dedi:

“Enerji təchizatı elektrik sayğacına çatana qədər təhlükəsizlik təmin edilir. Bu gün naqillərin hamısı izolyasiya edilib. Lakin hadisələrin olması qaçılmazdır. Mənzillərdə baş verən yanğın bizdən asılı deyil. İstifadəçilər özləri təhlükəsizlik qaydalarına əməl etməli, istifadə etdikləri avadanlıqların sertifikatlı olmasına diqqət etməlidirlər. Çünki “Bakıelektrikşəbəkə”nin bütün xidmətləri müasir texnologiya ilə təmin edilib”.

T.Mustafayev onu da bildirdi ki, normaları bilməyən vətəndaşlar “Bakıeletrikşəbəkə”yə müraciət edə bilərlər:

“Biz iki-üç aydan bir naqilləri yoxlayırıq. Lakin mənzillərdəki problemlərin aşkarlanması üçün vətəndaşların da müraciət etməsi lazımdır”.

Ekspert Nüsrət Qasımovun sözlərinə görə, hər bir hadisənin səbəbi araşdırılmalıdır. Hadisələrin sayı o zaman azalacaq ki, qanunu pozanlar cəzalandırılsın:

“İnsanlar özləri də bu məsələdə məsuliyyət daşıyırlar. Mənzilin kommunal xidmətlərlə təchizatı tikinti norma və qaydalara uyğun olmalıdır. Yerli qaz idarələrinin icazəsi olmadan, mətbəx, hamamxana və digər otaqlarda qızdırıcı sobalardan istifadəyə icazə verilməməlidir. Bu icazə olmadan həmin avadanlıqlardan istifadə yolverilməzdir. Çünki qaz yüksək təhlükə mənbəyidir və onunla davranış qaydalarını hər kəs bilməlidir. Təəssüf ki, şəhərdə qeyri-peşəkar qaz ustalarının sayı çoxdur. İnsanlar sobaların quraşdırılması üçün həmin şəxslərə müraciət edirlər. Lakin bu, yolverilməz haldır. İnsanlar bilməlidir ki, qaz partlayışı çox təhlükəlidir, bir partlayış zamanı hər kvadrat metrə 400 tondan çox zərbə düşür. Ona görə də, hər qaz ustasına etibar etmək olmaz. Bundan başqa, tüstü bacaları vaxtında təmizlənməlidir. Lakin son 30 il ərzində, demək olar ki, onlar təmizlənmir”.

N.Qasımov qazla yanaşı, elektrik naqillərinin düzgün quraşdırılmamasının da yanğınlara səbəb olduğunu dedi:

“Mənzillərə elektrik naqilləri çəkilən zaman naqilin en kəsiyi cihazın gücünə bərabər olmalıdır. Əks halda, onlar qızır və qısaqapanma nəticəsində yanğınlar baş verir. Həm qaz, həm də elektriklə bağlı yaranan yanğınlarda vətəndaşlarla yanaşı, müvafiq qurumlar da məsuliyyət daşıyır. Onlar abonentlərin mənzil və ya obyektlərinə baxış keçirməlidirlər. Düzdür, qanuna əsasən, mənzil daxilindəki cihazlara görə qurumlar məsuliyyət daşımır. Lakin ondan istifadə qaydaları barədə vətəndaşları təlimatlandırmalıdırlar. Təlimatı pozan ev sahibi məsuliyyət daşıyır. Hər bir qurum əməkdaşlarına yeni çəkilmiş xətt, qoşulan cihaz barədə məlumat verməlidir. Çox zaman bu xəbərdarlıq edilmir. Bəzən ödənişdən yayınmaq üçün sahibkar və fərdi şəxslər tərəfindən qanunsuz xətt çəkirlər. Onlar aidiyyəti qurumların əməkdaşlarını evə, obyektə buraxmaqdan çəkinirlər. Nəticədə, bu cür hadisələr baş verir”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm