14 uşaq övladlığa verilib
Bizi izləyin

Qırmızı.az

14 uşaq övladlığa verilib

2014-cü ildə övladlığa götürülməsi mümkün olan uşaqların mərkəzləşdirilmiş qeydiyyatında olan 10 nəfər uşaq övladlığa verilib.

Bu barədə Publika.az-a Təhsil Nazirliyindən məlumat verilib.

Məlumatda bildirilib ki, 4 nəfər uşağın isə övladlığa götürülməsi ilə bağlı məsələyə hazırda aidiyyəti üzrə rayon məhkəmələrində baxılır.

Qanunvericiliyin tələbinə görə, övladlığa 3-18 yaş arası olan uşaq götürmək tələbi ilə Təhsil Nazirliyində övladlığa uşaq götürmək arzusunda olan və bu məqsədlə siyahıya alınmış vətəndaş uşaqların siyahısı ilə tanış olmaq üçün nazirliyə dəvət olunur. Siyahı ilə tanış olub seçim etdikdən sonra vətəndaş uşağın yaşadığı müəssisəyə səfər edərək uşaqla əyani tanış ola bilir. Uşağı övladlığa götürməyə qərar verdiyi təqdirdə, vətəndaş ona məxsus sənədlərin əsli də əlavə olunmaqla ərizə ilə birlikdə rayon məhkəməsinə müraciət edir. Uşağın sənədləri isə Təhsil Nazirliyi tərəfindən hazırlanaraq məhkəməyə təqdim olunur. Bununla yanaşı, məhkəməyə Rayon İcra Hakimiyyətinin Qəyyumluq və himayəçilik Komissiyası tərəfindən uşağın övladlığa verilməsi barədə rəy təqdim olunur.

Nazirlikdən bildirilib ki, Komissiyaların məsul əməkdaşı ilə birgə nazirliyin mərkəzləşdirilmiş qeydiyyatında olub övladlığa verilmiş uşaqların ailələrinə səfər edilərək onların saxlanma vəziyyətinin monitorinqi həyata keçirilir.

“Övladlığa verildikdən sonra uşaqların monitorinqi şəhər (rayon) icra hakimiyyətlərinin Qəyyumluq və himayəçilik komissiyalarının səlahiyyətlərinə daxildir”.

Qeyd edək ki, uşaqların ölkə daxilində övladlığa verilməsi Təhsil Nazirliyi, xarici vətəndaşlara övladlığa verilməsi isə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən həyata keçirilir.

Ötən il Komitə tərəfindən 4 uşaq xaricə övladlığa verilib. Bu uşaqlar Gürcüstanda, ABŞ-da yaşayan azərbaycanlı və Almaniyada yaşayan türk ailələri tərəfindən övladlığa götürülüb.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm