Çökən parkla bağlı İcra Hakimiyyətindən REAKSİYA - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Çökən parkla bağlı İcra Hakimiyyətindən REAKSİYA - FOTOLAR

Paytaxtın Binəqədi rayonu, “Dərnəgül” metro stansiyasının qarşısındakı parkın daş örtüyü çökür.

Publika.az xəbər verir ki, 2011-ci il iyunun 29-da vətəndaşların istifadəsinə verilmiş parkın daş örtüyünün bir neçə yerində çatlar yaranıb və yerə döşənmiş daşlar dağılıb.

“Dərnəgül” metrostansiyasının yerüstü sahəsini əhatə edən 10 hektardan artıq ərazisində 4 il bundan əvvəl salınmış yeni parkda abadlıq və yenidənqurma işləri 2011-ci ilin yayında görülüb. Burada sel suları üçün kanalizasiya sistemi tikilib, su kəməri çəkilib və suvarma sistemi yaradılıb.

Görünür, park salınarkən yer örtüyü ilə bağlı dəqiqləşdirmələrdə boşluqlara yol verilib.

Altında metro stansiyasının və yeraltı tunel xətlərinin yerləşdiyi parkın ərazisində, habelə buradakı avtomobil yolunun asfalt örtüyünün bir sıra yerlərində çökmələrin yaranması yerə düzülən daşların dağılmasına səbəb olub. Bununla yanaşı, parkın daş düzülmüş döşəməsində də otlar cücərməyə başlayıb. Bütün bunlar isə daşların sırasının pozulmasına, habelə istirahət məkanının asfalt örtüyünün dağılmasına səbəb olub.

Parkın döşəməsinin çökməsi buradakı avtobus dayanacağının da bir qədər qabağa əyilməsinə səbəb olub. Həmçinin istirahət məkanının daş divarlarında da çatlar yaranıb.

***

“Düzdür, “Dərnəgül” metro stansiyasının qarşısındakı parkda, habelə onun ətrafındakı yolda müəyyən çökmələr var. Qeyd edim ki, ora 2011-ci ildə istifadəyə verilib. Park Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən salınmayıb” - Binəqədi rayon icra hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər üzrə şöbə müdiri Nuridə Məmmədova Publika.az-a bildirdi ki, sözügedən metro stansiyanın qarşısındakı parkın kənar yolunun özünün də asfalt örtüyündə bir sıra problemlər mövcuddur:

“Binəqədi rayon İcra Hakimiyyəti olaraq, “Azəryolservis” qarşısında bununla bağlı təşəbbüslə çıxış etmişik. Parkın yanındakı yolun çökməsi ilə bağlı tədbir görüləcək. Həmin çökmələrin olduğu yerlər asfaltlanacaq, çatışmazlıqlar aradan qaldırılacaq. Bu, Binəqədi rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə həyata keçiriləcək. Görünür, yol yaxşı təmir olunmadığından bəzi yerlərdə çökmələr yaranıb. Ərazi çox az müddətdə yaxşı vəziyyətdə olub. Sonradan çökmələr əmələ gəlib. Yolla bağlı zəruri işlər görüləcək”.

O ki qaldı parkın təmirinə, N.Məmmədova deyib ki, bununla bağlı yaxın günlərdə hansısa tədbirlərin görülməsi ilə bağlı hələlik dəqiq məlumat yoxdur.

“Təmir bizim tərəfimizdən aparılmayıb deyə, sizə dəqiq məlumat verə bilmirəm. Amma çalışacağıq ki, yaxın vaxtlarda parkda müəyyən kosmetik işləri görək”.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm