Elnarə Tofiqqızının ölümündə adı hallanan həkimlə bağlı cinayət işinə xitam verildi
Bizi izləyin

Qırmızı.az

Elnarə Tofiqqızının ölümündə adı hallanan həkimlə bağlı cinayət işinə xitam verildi

Nəsimi Rayon Polis İdarəsində BSU-nun dekanı, tənqidçi Elnarə Tofiqqızının (Niftəliyevanın) ölüm faktı ilə bağlı cərrahiyyə əməliyyatında iştirak edən assistent Fərəcullah İdrisov barədə dələduzluğa cəhd maddəsilə aparılan araşdırmanın xətm olunmasından şikayət verilib.

Bu barədə Axar.az-a zərərçəkən Anar Niftəliyevin hüquqi nümayəndəsi Səməd Vəkilov məlumat verib. Vəkil qeyd edib ki, Nəsimi Rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi Elvin Əsgərovun qəbul etdiyi qərar qanuni və əsaslı deyil:

“Həkim səhlənkarlığı nəticəsində dünyasını dəyişmiş Niftəliyeva Elnarə Tofiq qızının cərrahi əməliyyat olunması ilə bağlı həkim İdrisov Fərəcullah Sədulla oğlu mərhumun həyat yoldaşı Anar Niftəliyevdən 1000 manat pul istəməklə, dələduzluğa cəhd edib, lakin onun iradəsindən asılı olmayan səbəblərdən nəzərdə tutulmuş pulu Anar Niftəliyev ona verə bilməyib. Bu fakt ayrı-ayrı şahidlər tərəfindən təsdiq edilib. Qərara diqqət edin: “İstintaq zamanı Anar Niftəliyevin həyat yoldaşı Elnarə Niftəliyevanın əməliyyatı ilə bağlı Fərəculla İdrisov tərəfindən 1000 manat pul istənilməsini iş üzrə dindirilmiş İmanquliyev Tofiq Şahpələng oğlu, İmanquliyev Anar Tofiq oğlu, Səfərov Faiq Ağdaş oğlu və Cəbrayılov Pərviz Şahbaz oğlu təsdiq etmişlər. Eyni zamanda müəyyən edilib ki, “Medi Sina“ klinikasına həmin əməliyyatla bağlı 150-200 manat pul ödənilməsi nəzərdə tutulub“.

Vəkil qeyd edib ki, adıçəkilən şəxslərin eyni məzmunda verdiyi ifadələri qiymətləndirərkən E.Əsgərəov qərəzə yol verib və yalnız Fərəcullah İdrisovun özünü müdafiə məqsədi ilə verdiyi ifadələri əsas gətirərək cinayət işinin başlanmasını rədd edən qərar verib:

“Zərəçəkmiş Anar Niftəliyev və digər adıçəkilən şəxslər F.İdrisovun cərrrahi əməliyyat üçün 1000 manat istəməsini təsdiq etsə də, iş materiallarında bunun əksini sübut edən heç dəlil-sübuta rast gəlinməyib. Çoxsaylı şahidlərin eyni məzmunlu ifadələrinə baxmayaraq, F.İdrisov özünü müdafiə məqsədi ilə ifadəsində Anar Niftəliyevdən cərrahi əməliyyat üçün 700 manat pul tələb olunduğunu bildirib, qalan üç yüz manatın isə gözlənilməz xərclər üçün tələb olunduğu ehtimalını irəli sürüb. Lakin onun bu barədə Anar Niftəliyevə hər hansı bir məlumat verməsi öz əksini tapmayıb. Digər şahid Mahir Məmmədov isə bildirib ki, o, F.İdrisova əməliyyatın 700 manata başa gələcəyini deyib. Əlavə edib ki, həmin pulun təxminən 300 manatı Mahir Məmmədova, qalan 400 manatı isə xəstəxana və digər gözlənilməz xərclərə gedəcək”.

S.Vəkilov şahid Mahir Məmmədovun Müdafiə Nazirliyinin əmri ilə kommersiya fəaliyyəti ilə məşğul olması səbəbindən polkovnik-leytenant rütbəsindən məhrum edildiyini də nəzərə çatdırıb: “Mahir Məmmədovun Fərəculla İdrisovdan bütün kənar xərclərlə birgə 700 manat istədiyi təqdirdə, Anar Niftəliyevdən 1000 manat tələb etməsi onun Anar Niftəliyevin etibarından sui-istifadə edərək qazanc əldə etmək məqsədindən irəli gəlib. Lakin bu cinayəti tam başa çatdıra bilməməsi onun iradəsindən asılı olmayaraq baş tutmayıb. Cinayət Prosessual qanunvericiliyi bu cür cəhdi başa çatmış cinayətlə eyniləşdirir.

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 27.3-cü maddəsinə əsasən, başa çatmayan cinayətlərə görə, cinayət məsuliyyəti bu Məcəllənin 28 və 29-cu maddələrinə istinad olunmaqla, Məcəllənin başa çatmış cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələrinə uyğun olaraq müəyyən edilir. Həmin məcəllənin 29-cu maddəsinə əsasən, bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmayıbsa, cinayət etməyə cəhd hesab olunur.

Bundan başqa, Bakı Şəhər Prokurorluğunda aparılmış cinayət işinin istintaqı zamanı “Medi Sina“ klinikasının baş həkimi vəzifəsində çalışmış Abbas Bağırov bildirib ki, bu cür əməliyyat zamanı xəstəxanaya 150-200 manat pul verilməsi nəzərdə tutulur. O cümlədən buraya xəstəxananın anestezioloquna veriləcək 50 manat və xəstəxananın icarə haqqı daxildir.

Lakin E.Əsgərov iş üzrə əməliyyat zamanı baş həkim olmuş Abbas Bağırovu dindirməyib və sübutların qiymətləndirilməsində qeyri-obyektivliyə və qərəzə yol verib. Bu hal isə onun qərarının ləğv edilməsi üçün əsasdır”.

S.Vəkilovun sözlərinə görə, bu dələduzluğa cəhdin nəticəsi faciəvi olduğundan, əməliyatda iştirak edən F.İdrisovun bu əməlinə mütləq hüquqi qiymət verilməlidir:

“Təəssüf ki, xəstə sahiblərinin inamından sui-istifadə edərək, onlarla müəyyən məbləğ danışılır və maddi-texniki bazası aşağı olan xəstəxanalarda nəticəsi dəhşətli olan əməliyyatlara getməklə faciələr törədirlər. Faktiki olaraq Səhiyyə Nazirliyi tərəfindən verilən lisenziyada onkoloji əməliyyatlar aparılması nəzərdə tutulmayan “Medi Sina” klinikasında bu əməliyyatın həyata keçirilməsi tamah məqsədli dələduzluq faktının təsdiqidir. Müstəntiq isə işi araşdırarkən heç “Medi Sina” klinikasının baş həkimi Abbas Bağırovun ifadəsini belə almayıb və təbii ki, qərəzli qərar çıxarıb”.

Xatırladaq ki, Elnarə Niftəliyeva 2013-cü il sentyabrın 20-də “Medi Sina” xəstəxanasında süd vəzi kanalının papillomasından əməliyyat zamanı ac ciyər çatışmazlığından dünyasını dəyişib. 2013-cü ildə Nəsimi Rayon Prokurorluğunda fakt üzrə cinayət işi açılıb. 2014-cü ilin aprelində isə cinayət işi Nəsimi Prokurorluğundan alınaraq Bakı Şəhər Prokurorluğuna verilib. Hazırda cinayət işi yekunlaşaraq Nəsimi Rayon Məhkəməsinə göndərilib. Nəsimi Rayon Məhkəməsində yalnız həkimlərdən biri – anestezioloq Firuz İbrahimov CM-nin 124.1 (ehtiyatsızlıqdan adam öldürmə) və 320.1 (hüquqi sənədləri bilə-bilə saxtalaşdırma) maddələri ilə ittiham olunur. Prokurorluq onkoloq Mahir Məmmədov və assistent Fərəcullah İdrisovun əməllərində vergidən yayınma və dələduzluğa cəhd faktları aşkarladığından, araşdırılması üçün materiallar müvafiq olaraq Vergilər Nazirliyinin İstintaq İdarəsinə və Nəsimi Rayon Polis İdarəsinə göndərilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm