Xəzər TV-dəki söyüş faktı araşdırılır - RƏSMİ
Bizi izləyin

Qırmızı.az

Xəzər TV-dəki söyüş faktı araşdırılır - RƏSMİ

“Milli Teleradio Şurası Xəzər televiziyasının canlı yayımında söyüş söymə faktından xəbərdardır və bu məsələyə baxılaraq qurum tərəfindən hər hansı bir formada münasibət bildiriləcək”.

Bu barədə Publika.az MTRŞ-nın sədr müavini Qafar Cəbiyev Xəzər televiziyasının canlı yayımında Zaur Kamalın aparıcısı olduğu “5-də 5” verilişinin qonaqları olan müğənnilər - Niyam Səlami və Səidə Sultan arasında baş verən dialoqda efir etikasına zidd sözlərin işlənməsinə münasibət bildirərkən deyib.

“Sosial şəbəkələrdə bununla bağlı məlumat var. Monitorinq şöbəsinin müdiri də səhər-səhər belə bir informasiyanı gətirib. Hadisə fevralın 2-də, saat 18-20 arasında “5-də 5” verilişində efirə gedib. Orada müğənnilər Niyam Səlami və Səidə Sultan arasında dialoqda xoşagəlməz ifadələr olub. Biz buna baxacağıq və hər hansı bir formada münasibət bildirəcəyik”.

Efir dlinin təmiz olmalı olduğunu deyən Q. Cəbiyevin sözlərinə görə, tamaşaçını qıcıqlandıran ifadələrə yol vermək olmaz: “Efir heç vaxt nöqsanlardan xali olmur. Xüsusən də canlı efirdə nöqsan ola bilər. Amma çalışmaq lazımdır ki, bu cür ciddi nöqsanlar olmasın. Tamaşaçını qıcıqlandıran hallara yol verilməsin”.

Bundan bir qədər öncə də Xəzər TV-nin efirində aparıcı bacıların da Azərbaycan manatını cırdıqlarını deyən Q. Cəbiyev bildirdi ki, həmin vaxt televiziya rəhbərliyi özü müəyyən tədbirlər gördü. “Əlbəttə, heç bir halda bu, vətəndaşa yaraşan iş deyildi, efir üçünsə heç məqbul olan hadisə deyil. O ki qaldı həmin məsələnin müzakirəsinə, televiziya rəhbərliyi bizi qabaqladı. Dərhal həmin gün o məsələni müzakirə elədilər və bizə də onunla bağlı arayışı göndərdilər. Biz də bununla kifayətləndik. Əgər telekanal efirdə baş verən nöqsanları görürsə və onun aradan qaldırılması üçün tədbirlər görürsə, o, müsbət haldır”.

Q. Cəbiyev aparıcıların dil qüsurlarından danışaraq bildirib ki, aparıcı hər kəsin diqqətində olan adam olduğuna görə, onun nitqindəki qüsurlar dərhal diqqəti cəlb edir: “Bizim hər birimizin dilində belə qüsurlar ola bilər. Amma efir dili, aparıcının nitqi gərək qüsursuz olsun. Xüsusilə xəbər aparıcılarının nitqindəki qüsurlar əsla bağışlanmazdır. Hər bir kanalın daxili kursu olmalıdır və öz imicini gözləməlidir. Mən demirəm ki, kanal rəhbərləri bu istiqamətdə düşünmürlər. Əlbəttə, onlar da düşünürlər, daha yaxşısını tapmaq üçün çalışırlar”.

Artıq Azərbaycanda televiziyaların, radioların sayının artdığını deyən sədr müavinin sözlərinə görə, bu baxımdan peşəkar aparıcılar, diktorlar və səviyyəli kadrların azlığı realdır.

“Onlar mütəmadi olaraq ali məktəblərdə təkmilləşmə keçməlidirlər. Bu məsələ də zamanla həll olunacaq”.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm