Məhkəmə jurnalistin vəsatətini rədd etdi – Qətl
Bizi izləyin

Qırmızı.az

Məhkəmə jurnalistin vəsatətini rədd etdi – Qətl

Həkim terroru nəticəsində dünyasını dəyişən tənqidçi, Bakı Slavyan Universitetinin dekanı Elnarə Tofiqqızının ölümündə təqsirli bilinən anestezioloq Firuz İbrahimovla bağlı Nəsimi Rayon Məhkəməsində növbəti məhkəmə prosesi keçirilib.

Bu barədə Axar.az-a zərərçəkən Anar Niftəliyevin hüquqi nümayəndəsi Səməd Vəkilov məlumat verib. Məhkəmə prosesindən danışan vəkil S.Vəkilov qeyd edib ki, prosesdə öncə dövlət ittihamçısı Elçin Nağıyevin prosesdən uzaqlaşdırılması ilə bağlı vəsatət verilib:

“Hesab edirik ki, Elçin Nağıyevin bu prosesdən uzaqlaşdırılması daha məqsədəuyğundur. Bu ədalət mühakiməsinin daha düzgün həyata keçirilməsinə şərait yaradardı. Təbii ki, bununla bağlı bizim əsaslarımız var. Elçin Nağıyev ittihamçı tərəf olmasına baxmayaraq, ötən iclasda vəsatətimizin təmin olunmaması ilə bağlı hakimə müraciət etmişdi. Bu formada biz onunla əməkdaşlıq etmək istəmirdik. Ancaq hakim vəsatətimizi təmin etmədi və dövlət ittihamçısının prosesdə iştirakı saxlanıldı.

Daha sonra cərrahiyyə əməliyyatının təşkilatçısı və əməliyyatda assistent kimi iştirak edən Fərəcullah İdrisovun dindirilməsi başladı. Bu məsələdə əsas təqsirkar şəxslərdən biri Fərəcullah İdrisovdur. Ancaq buna baxmayaraq, onun adı bu proseslərdə təqsirləndirilən şəxs kimi yox, şahid kimi keçir. O, sərbəst ifadəsini verdi və ifadəsində cərrahiyyə əməliyyatı prosesində tələb etdiyi pul ilə bağlı heç bir məsələyə toxunmadı. Prosesdə biz bununla bağlı ona suallar verdik. Hazırda klinikaya anestezioloqla birgə ödənilən pulun 150 manat olduğu üzə çıxıb. Ötən prosesdə isə onkoloq Mahir Məmmədov əməliyyatda 300 manat alacağını bildirmişdi və qeyd etmişdi ki, xəstəxana və digər xərclərlə birgə 700 manat pul istəyib. Ancaq F.İdrisov zərərçəkən Anar Niftəliyevdən klinikaya köçürüləcəyi adı ilə 1000 manat pul tələb edib. Burada F.İdrisovun dələduzluq etdiyi və tamah məqsədi ilə daha aşağı səviyyəli klinika seçdiyi faktı üzə çıxır. O, bizim dediyimiz və şahid ifadələri ilə təsdiq olunmuş bütün bu kimi faktları inkar edərək bildirdi ki, belə bir şey olmayıb. Ümumiyyətlə, İdrisovun verdiyi ifadənin qeyri-səmimiliyi prosesdə iştirak edən hər kəsin diqqətini cəlb etdi. Buna görə də hakim qərara gəldi ki, növbəti prosesdə zərərçəkən Anar Niftəliyev özü də iştirak etsin və Fərəcullah İdrisovla bağlı məsələlər düzgün həllini tapsın”.

Qeyd edək ki, növbəti məhkəmə prosesi fevral ayının 17-də keçiriləcək.

Xatırladaq ki, mərhum E.Tofiqqızı ötən il sentyabrın 20-də “Medi Sina” klinikasında süd vəzi kanalının popilloması əməliyyatı zamanı həkim səhlənkarlığından dünyasını dəyişib. Sentyabrın 25-də Nəsimi Rayon Prokurorluğunda iş üzrə cinayət işi başlanılıb. Aprelin 10-da isə iş Nəsimi Prokurorluğundan alınaraq, Bakı Şəhər Prokurorluğuna, müstəntiq Vaqif Süleymanovun icraatına verilib.

Hazırda iş Nəsimi Rayon Məhkəməsində hakim Şəlalə Həsənovanın icraatındadır. Nəsimi Rayon Məhkəməsində yalnız həkimlərdən biri - anestezioloq Firuz İbrahimov CM-in 124.1 (ehtiyatsızlıqdan adam öldürmə) və 320.1 (hüquqi sənədləri bilə-bilə saxtalaşdırma) maddələri ilə ittiham olunur. Prokurorluq onkoloq Mahir Məmmədov və assistent Fərəcullah İdrisovun əməllərində vergidən yayınma və dələduzluğa cəhd faktları aşkarladığından, araşdırılması üçün materiallar müvafiq olaraq Vergilər Nazirliyinin İstintaq İdarəsinə və Nəsimi Rayon Polis İdarəsinə göndərilib.

Nəsimi Rayon Polis İdarəsi dələduzluğa cəhd maddəsi ilə cinayət işi açmaqdan imtina etdiyi üçün hazırda zərərçəkən tərəf Nəsimi Rayon Prokurorluğuna şikayət verib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm