Qənirə Paşayeva müəllimlərə söz verdi
Bizi izləyin

Qırmızı.az

Qənirə Paşayeva müəllimlərə söz verdi

Millət vəkili Qənirə Paşayeva Qovlar şəhəri 3 nömrəli orta məktəbin müəllimlərinə hökumətə müraciət edəcəyinə söz verib.

Millət vəkili Qənirə Paşayeva Qovlar şəhərində 3 saylı orta məktəbini ziyarət edib, müəllim və şagirdlərlə görüşüb, onların qayğı və problemləri ilə maraqlanıb.

Millət vəkili gənclərimizin savadlı yetişməsində fədakar müəllimlərimizin rolunu xüsusi vurğulayaraq bildirib ki, gənc müəllimlər belə müəllimlərimizdən örnək götürməlidir.

Məktəbin direktoru Ayna Abdullayeva və bir sıra müəllimlər çıxış edərək məktəbdə təhsilin vəziyyəti, qarşıda duran hədəflər barədə məlumat verib və fikirlərini söyləyiblər. Millət vəkili Qənirə Paşayeva müəllimlərin fikir və qayğılarını dinləyib və fikir mübadiləsi aparılıb.

Məktəbin vəziyyəti ilə tanış olan millət vəkili Qənirə Paşayevaya müəllimlər Qovlar şəhəri 3 saylı orta məktəbin yeni məktəb binasına böyük ehtiyacı olduğunu, millət vəkili Qənirə Paşayevanın bununla bağlı hökumətə və müvafiq orqanlara müraciətlərindən xəbərdar olduqlarını deyərək ona təşəkkürünü bildirməklə yanaşı bu məsələnin öz həllini tapması istiqamətində bundan sonra da bir millət vəkili olaraq dəstəyini əsirgəməməsini xahiş ediblər. Qovlar şəhərində 3 saylı orta məktəbin binasının vəziyyətinin təhsil üçün artıq çox yararsız olduğunu deyən millət vəkili Qənirə Paşayeva yeni məktəbin tikintisi üçün hökumətə və Təhsil Nazirliyinə müraciət etdiyini və yaxın zamanlarda problemin öz həllini tapması üçün Bakıya qayıtdıqdan sonra bununla bağlı təkrarən Təhsil naziri Mikayıl Cabbarova və hökumətə millət vəkili kimi xahiş və müraciət edəcəyini də vurğulayıb.

Müəllimlərin fikir və qayğılarını dinləyib və fikir mübadiləsi aparan millət vəkili Qənirə Paşayeva gənclərin mütləq bir peşə sahibi olmasının önəmini vurğulayaraq bu ilin göstəricilərin ötən illə müqayisədə daha da yaxşı olacağına inandığını deyib. Millət vəkili məktəbdə şagirdlərlə də görüşüb, onların dərsləri, planları ilə də maraqlanıb və onlarla söhbət edib. Millət vəkili Qənirə Paşayeva bildirib ki, hansı peşənin sahibi olmasından asılı olmayaraq hər bir gəncimiz eyni zamanda orta məktəb illərindən tariximizi, ədəbiyyatımızı da yaxşı öyrənmılidirlər.

Millət vəkili məktəbdə hərbi dərslərin keyfiyyətinə də xüsusi önəm verilməsi ilə bağlı fikirlərini də bölüşüb. Görüşün sonunda millət vəkili Qənirə Paşayeva müəllim və şagirdlərə müəllifi olduğu kitabları imzalayaraq hədiyyə etməklə yanaşı məktəbin kitabxanasına gənclərin oxuması üçün çoxlu sayda kitablar və məktəbə özünün hədiyyələrini də təqdim edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm