• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Dördəmlərin anası: “Evimiz yoxdur, atamın evində qalırıq”

Dördəmlərin anası: “Evimiz yoxdur, atamın evində qalırıq”

Ötən gün Astara rayonunun Siyəkü kənd sakini, 1985-ci il təvəllüdlü Rəisə Nabatova bir qız, üç oğlan dünyaya gətirib. Qeysəriyyə əməliyyatı yolu ilə dünyaya gələn körpələr 2000, 1500, 1400 və 1100 qram çəkidədirlər.

R.Nabatova Publika.az-a açıqlamasında uşaqların və özünün vəziyyətinin yaxşı olduğunu deyib:

“10 ildir uşaq həsrətində idik. Birinci uşağım qeysəriyyə əməliyyatı ilə olmuşdu. O zaman əməliyyatım yaxşı keçmədiyinə görə, problem yaranmışdı, uşağımız olmurdu. İllərdir gəzmədiyimiz xəstəxana, həkim qalmayıb. Ərdəbilə qədər getdik. Axırıncı dəfə Tehranda müalicə qəbul etdim, ondan sonra uşaq oldu. Uşaqlar süni mayalanma ilə deyil. Çünki problem məndə idi, həmin problem müalicə ediləndən sonra hamilə qaldım. İllərdir uşaq həsrəti çəkirdim və birdən-birə 4 uşağım olmasına görə sevincimin həddi yox idi. Allaha şükür edirəm.

Özümün və uşaqların vəziyyəti yaxşıdır. Hələ ki küvəzdədirlər. Oğlanların adını İbrahim, İsail, İsrail, qızın adını da Zəhra qoymaq istəyirik. Uşaqların cinsiyyətini biləndə bu adları seçdik, hələ qərarımız dəyişməyib. Yoldaşımın adının İsmayıl olduğuna görə, oğlanların adını da ona uyğunlaşdırmışıq”.

4 uşaq sahibi olan ailənin evi yoxdur. R.Nabatova illərdir atasının evində qaldıqlarını deyir:

“Nə yoldaşım, nə də mən işləyirik. Yoldaşım kənddə təsərrüfatla məşğuldur. Ordan da nə qazanmışıqsa, ancaq müalicəyə xərcləmişik. Ona görə də özümüzə ev qura bilməmişik. Amma ömür boyu atamın evində qala bilmərik. Qardaşım da ailəlidir, orada qalır. İndi də 4 uşaqla orada yaşamağımız çətin olacaq. Həm də 4 uşağın xərci də çox olacaq. Ona görə də köməyə ehtiyacımız var. Uşaqlara anam bir müddət kömək edəcək. Amma 4 uşağı saxlamaq çətindir. Hamilə olanda Səhiyyə Nazirliyinə müraciət etmişdik. Amma hələ ki cavab almamışıq”.

Gülxar

Xəbər lenti

DAHA ÇOX XƏBƏR