Dini Komitə DİN-lə birgə Tədbirlər Planı imzalayıb
Bizi izləyin

Qırmızı.az

Dini Komitə DİN-lə birgə Tədbirlər Planı imzalayıb

Fevralın 4-də Polis Akademiyasında Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Akademiyanın professor-müəllim heyəti və müdavimlərlə görüş keçirib. Görüşdə Daxili İşlər nazirinin müavini, general-leytenant Oruc Zalov, Polis Akademiyasının rəisi, general-mayor Nazim Əliyev iştirak ediblər.

Komitədən Publika.az-a verilən məlumata görə, Akademiyanın rəisi, general-mayor Nazim Əliyev görüşün əhəmiyyətini yüksək qiymətləndirərək bildirib ki, ölkəmizdə hər kəsin dini əqidəsini ifadə etmək və yaymaq hüququnun, bütövlükdə konstitusion normalarla tənzimlənən vicdan azadlığının tam bərqərar olunması üçün bütün zəruri tədbirlər görülüb. Mövcud qanunvericilik, milli və ictimai təhlükəsizlik maraqları rəhbər tutulmaqla vicdan azadlığından sui-istifadə cəhdlərinin, dini radikalizmin, fanatizmin, ekstremizmin qarşısının alınması istiqamətində daxili işlər orqanları tərəfindən qətiyyətli tədbirlər həyata keçirilir. Nazim Əliyev qeyd edib ki, Akademiyada kadr hazırlığı yüksək səviyyədə aparılır və təhsil alan müdavimlər ölkəmizin inkişafının qarantı olan ictimai-siyasi sabitliyin qorunmasında, müxtəlif zəmində baş verə biləcək mənfi hadisələrin qarşısının alınmasında öz xidmətlərini göstərəcəklər.

Daxili İşlər nazirinin müavini, general-leytenant Oruc Zalov qeyd edib ki, bu gün Azərbaycanda sabitlik hökm sürür. Bu sabitliyin, inkişaf tempinin qorunub saxlanılması üçün Daxili İşlər Nazirliyi öz üzərinə düşən bütün vəzifələri yerinə yetirir. Möhtərəm Prezident cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizin inkişafı naminə çox böyük işlər görülür. Azərbaycanda bütün dinlərin və millətlərin nümayəndələri bir-birlərinə hörmət edir və mehribanlıq şəraitində yaşayırlar. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev hər zaman qeyd edib ki, Azərbaycan xalqı öz tolerantlığı ilə həmişə fəxr etməlidir. Ölkəmizdə dini və etnik zəmində heç vaxt qarşıdurma və münaqişə olmayıb. Bu sabitliyi, tərəqqini və inkişafı qorumaq bizim vəzifə və vətəndaşlıq borcumuzdur.

Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı çıxış edərək görüşün keçirilməsində verdiyi dəstəyə görə Daxili İşlər Nazirliyinə və Polis Akademiyasının rəhbərliyinə minnətdarlığını bildirib. Mübariz Qurbanlı bildirib ki, Dövlət Komitəsi bir çox dövlət qurumları, o cümlədən DİN ilə birgə tədbirlər Planı imzalayıb. Bu fəaliyyət proqramına əsasən bu gün Polis Akademiyasında keçirilən görüş dini maarifləndirmə və gənclərin milli-mənəvi dəyərlərimizə bağılılığı, ölkəmizdə mövcud tolerant mühitin qorunması və təbliği baxımından çox böyük əhəmiyyət daşıyır. Dövlət Komitəsinin sədri ölkəmizin inkişaf strategiyasından danışarkən qeyd edib ki, Azərbaycan Cənub Qafqazın lider dövlətidir. Ölkəmizdə bütün sahələrdə olduğu kimi, dövlət-din münasibətləri də yüksək səviyyədə qurulub. Azərbaycanda din dövlətdən ayrı olsa da, dövlət dini himayə etməkdən imtina etməyib. Respublikada məscidlərlə yanaşı, sinaqoq və kilsələr də yenidən tikilir və bərpa edilir. Son on ildə isə 136 məscid tikilib və bərpa edilib. İnsanların öz dini ibadətlərini icra etmələri üçün hər cür şərait var. Ulu Öndər Heydər Əliyevin başladığı siyasət bu gün möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Görüşün sonunda iştirakçıların sualları cavablanıdırılıb və müxtəlif məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm