Mədət Quliyev: “Lamiyənin uşağının atasını hamı tanıyacaq”
Bizi izləyin

Qırmızı.az

Mədət Quliyev: “Lamiyənin uşağının atasını hamı tanıyacaq”

“Lamiyə hamilə olanda ona kömək etdik ki, uşağını rahat şəkildə dünyaya gətirsin”.


Ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi, ədliyyə general-leytenantı Mədət Quliyev AzVision.az-a eksklüziv müsahibəsində məhkum Lamiyə Quliyeva ətrafında gəzib-dolanan söz-söhbətlərə və bu məsələ ilə bağlı bir sıra ciddi məqamlara aydınlıq gətirib.

- Son günlər məhkum Lamiyə Quliyeva məsələsi fonunda sizinlə bağlı mətbuatda tənqidi məlumatlar yayılır. Bu barədə fikirlərinizi bilmək istərdik. Tənqidləri qəbul edirsinizmi?
- Mənim o yazılarla bağlı açıqlama verməyim müdafiə kimi qəbul edilə bilər. Guya mən özümü, Xidməti və ya kimisə müdafiə edirəm kimi qəbul edilə bilər. Bu mənim xasiyyətimə və həyat tərzimə ziddir. Heç vaxt müdafiədə olmuram. Mən öz xidməti işimi görürəm. Bu xəbərlər yazılmalıdır. Demokratik bir cəmiyyətdə yaşayırıq. Kimsə bu cəmiyyətdə öz fikirlərini bildirirsə, burada xətrə dəyəsi nə var ki? Burada narahatedici bir məsələ görmürəm. Cəmiyyətimiz inkişaf edir. Möhtərəm prezidentimiz şərəflə və çox böyük bir məharətlə respublikanın sükanını saxlayır. Xalqımız irəli gedir. Yaşayış səviyyəmiz yüksəlir.

- Məhkum Lamiyə Quliyeva olayında, demək olar ki, hər gün yeni faktlar ortaya çıxır. Hamı sizin bu barədə açıqlama verməyinizi gözləyirdi. Sizcə, Lamiyə Quliyeva məsələsinin pərdəarxasında hansı məsələlər durur?
- Hər şey aydınlaşacaq. Bizim Xidmətə qarşı heç bir irad bildirilməyəcək. Bunu hər kəs görəcək. Allaha şükür ki, artıq Baş Prokurorluq bu məsələ ilə məşğul olur. Biz biləndə ki, Lamiyə hamilədir, ona kömək elədik ki, uşağını rahat şəkildə dünyaya gətirsin. Onun üçün bütün şəraiti yaratdıq. Bu adi bir haldır. Belə şeylər ola bilir.

- Lamiyə Quliyeva uşağının atasının da məhkum olduğunu bildirib. Həmin şəxs isə bu iddiaları təkzib edərək Lamiyə ilə şəxsi yaxınlığının olmadığını bəyan edib. Bu məsələ araşdırılacaqmı?
- Bu məsələ tərəfimizdən təbii ki, araşdırılacaq. O ki qaldı həmin şəxs bunu təkzib edərək, ayrı şeylər deyir. Onun uşağının atası da müəyyən olunacaq. Hamı onu tanıyacaq.


- Mədət müəllim, bu məsələyə görə mətbuatda sizi də tənqid edirlər. Qeyd edilir ki, uşağın atası müəyyənləşdirilməyənə qədər bütün məsuliyyəti siz daşıyırsınız.
- Heç belə bir şeyi yazmaq və düşünmək olar? Belə yazı yazmaq olar? Kim nə yazır-yazsın. Jurnalistlərin içində də xəyanətkar, satqın, pula, nəyəsə satılan adamlar var. Onlar müharibə şəraitində də satılırdılar. Onlar respublikanın xoş gününü istəməyən adamlardır.


- Nə üçün sizin haqqınızda bu səpkili məlumatlar yayılır? Kimlərdir sizinlə bağlı qara piar kampaniyası aparan?
- Mənə qarşı olan qara kampaniya kimlərinsə tərəfindən formalaşdırılır. Bunlar heç kimin qanını qaralatmamalıdır. Çünki demokratik cəmiyyətdə yaşayırıq. Hər kəs istədiyi fikri yaza bilər. Narahat olmağa heç bir əsas yoxdur. Hər şey yaxşıdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm